05 Oktyabr 2019 01:32
1040
Mədəniyyət
A- A+

Əmanət...


Torpağın üzü soyuqdur deyirlər. İnsanı gedənlərin bir daha geri dönməyəcəyinə inandırır. Yavaş-yavaş dərdə də alışırsan. Ancaq Cığatayın yoxluğunun nə bənzəri vardı, nə də təsəllisi, dərdini tapşırıb getdiklərinin heç ovudanları, təskinlik verənləri də yoxdur. Böyüksüz qalmışdılar...


Yarımçıq qalan arzular...


Qumral günlərdir tərəddüd içərisində çırpınırdı. Qardaşı Cığatayın solğun bənizi xəyalından çəkilmirdi. Ondan dolabın gözündəki qutunu gətirməyi xahiş edirdi. Sonra yastığının altından götürdüyü dəftərləri qutunun içərisindəki dəftərçələrin və yarımçıq qalmış qiymət kitabçasının yanına qoyub deyirdi: "Bunları sənə tapşırıram. Gizli bir yerdə saxla, heç kimə göstərmə. Özün də hələ açıb oxuma... Bir neçə ildən sonra istəsən oxuyarsan... Kamodun üst yeşiyində Çexovdan elədiyim tərcümələr olmalıdır. Onları da saxla, itib-batmasın, zəhmətim hədər getməsin. Mən o tərcümələri edəndə arzum haçansa çap etdirmək idi. İstəyirdim bizim millət də Çexovun gözəl hekayələri ilə tanış olsun... heyif, qismət olmadı”.

...Ağrısı-acısı səngiməyən o gündən iki il keçmişdi. Qumralın hələ də ürəyi gəlmirdi qutunu açmağa. Bir yandan da qardaşından qalan son xatirələri vərəqləməyə can atırdı. Bir gün evdə tək olanda dolabdakı paltarların altında saxladığı qutunu götürdü. Həyəcanla qapağını açdı. Müxtəlif ölçüdə beş dəftərçə vardı. Əlini onlardan birinə uzadanda qulaqlarına ümidləri tükənmiş, inamı puç olmuş bir səs gəldi: "Cığatay ölür!” Sonra səs hıçqırığa, qəzəbə döndü: "Biz onu sağalda bilmədik!.. Bacarmadıq!.. Vaxtında dərmanını, qüvvətli yeməyini tapmadıq!..” Kiçik qardaşları Toğrulun səsiydi. Qüssədən boğula-boğula Qumralın ürəyindən keçənləri deyirdi: "Ata-anamız yanımızda olsaydılar, bunlar baş verməzdi”. Bacı-qardaş bir-birlərinə sarılıb ağlayırdılar. O ağır anlarında valideynlərinə elə ehtiyacları vardı ki...

Ürəkdolusu sevinc bu ocaqdan 1937-ci ilin iyunundan perik düşmüşdü. Sovet hökuməti onlardan əvvəl ataları yazıçı, tənqidçi Seyid Hüseyni, sonra da anaları şairə Ümgülsümü almışdı. Seyid Hüseyni 1937-ci ilin 15 iyununda Şüvəlandakı bağlarında həbs etdilər. 1937-ci il noyabrın 2-də Ümgülsümü İçərişəhərdəki evlərindən apardılar. 1938-ci ilin aprelində o, sürgün cəzası ilə Qazaxıstana göndərildi.

Ondan həyəcan dolu məktublar gəlməyə başladı. Ana ən çox ikinci oğlu Cığataydan nigarandır. Çünki övladlarının ən zəifi, uşaqlıqdan tez-tez xəstələnəni o idi.


Seyid Hüseynin istedadlı oğlu


Arıq, zəif Cığatayın zehni güclü idi. Yazıb oxumağı dörd yaşında öyrənmişdi. Altı-yeddi yaşından şahmat oynayır, hətta yazıçılar arasında yaxşı şahmatçı sayılan atasını belə udurdu. Birinci sinif şagirdi ikən özündən iki sinif yuxarıda oxuyan qardaşı Oqtayın riyaziyyat kitabındakı misal və məsələləri asanlıqla həll edirdi. Beşinci sinifdə məktəbdə keçdiyi rus və alman dillərindən başqa fransız, latın dillərini də sərbəst öyrənirdi. Fizika, kimya, fəlsəfə, astronomiya ilə maraqlanır, çoxlu kitab oxuyur, şeir yazırdı.

Dolanışıqları ağır olduğundan 1940-cı il sentyabrın ortalarında Cığatay Nərimanov adına Bakı İndustrial Texnikumunda təhsil alarkən "Azərnəşr”ə oxucu vəzifəsinə işə girdi. Saat 8-dən 5-dək işdə olur, 6-da dərsə gedirdi. Məktublardan bu xəbəri öyrənən Ümgülsüm oğluna görə çox narahat idi. Cığatay anasını sakitləşdirmək üçün 1940-cı ilin 5 noyabrında anasına yazırdı: "Əziz anam, salam! Kağızını aldıq, çox sevindik. Ancaq bir şey məni sevindirmədi. Sən mənə görə fikir çəkirsən! Yoxsa biz rollarımızı dəyişmişik? Sən guya mənim gecə saat 12-də yatıb səhər 7-də durduğum üçün güzəranımızın pis keçdiyini düşünürsən. Narahat olma, mən gündə 7 saat yox, 10-12 saat yatıram. Mənim işim ağır deyil, əksinə, çox maraqlıdır. Bir fikrinə gətir: "Azərnəşr” tərəfindən buraxılan bütün kitabları oxumaq! Bu, açıq-aydın alim olmaq deməkdir. Mən işdə əməyimi cürbəcür şeylər öyrənməyə sərf edirəm. Demək, ora da mənim üçün bir məktəbdir”.

O, 1941-ci ilin mayında diplomunu müdafiə edəcəkdi. Amma 1941-ci ilin soyuq qış günlərində on səkkiz yaşlı Cığataya yol göründü. Dərsləri bitmiş, təcrübələri başlamışdı. Təcrübə keçmək üçün Azərbaycan İnşaat Materialları İnstitutunun laboratoriyasına göndərilməliydi. "Azərneftkəşfiyyat” idarəsinə təcili texnik lazım olduğu üçün onu bir yoldaşı ilə təcrübə əvəzinə birbaşa işə qəbul edib, 575 rubl maaşla Naftalana təyinat verdilər. Bu qərar Cığatay üçün gözlənilməz oldu. Ertəsi gün Naftalana yola düşdü.

Bakıya iyunun əvvəlində gəldi. İyunun 7-də diplom işini uğurla müdafiə etdi. Həmin gün evin böyük övladına - Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini əla qiymətlərlə bitirib Nizami muzeyində işləyən Oqtay Sadıqzadəyə hərbi komissarlıqdan çağırış gəldi. "Xalq düşməni”nin övladı kimi cəbhəyə deyil, cərimə batalyonuna göndərildi.

1942-ci il sentyabrın 16-da Cığataya da hərbi komissarlıqdan çağırış gəldi. Özünə təsəlli verirdi: "Yox məni aparmazlar, həm brona görə, həm də həddindən artıq arığam. Boyum 188, çəkim 51 kilodur, birdən-birə 30 kilo normadan əskiyəm... komissiyada yoxlasalar, yəqin beş-altı xəstəlik də taparlar. Axşamlar qızdırmam olur, öskürürəm, bir balaca hündürə çıxanda ürəyim döyünür, yox yəqin niqodnı çıxaram”. Bu fikirlərlə günorta saat 2-də pasportunu götürüb Naftalandan çıxdı. Goranboya çatdı. Hərbi komissarlığa getdi. Onu da digər çağırışçılarla hərbi komissarın kabinetinə çağırdılar. Çığatay iş yerindən alıb cibində gəzdirdiyi arayışı çıxarıb göstərdi: "Mən Azneftin işçisiyəm. Naftalan kəşfiyyatında işləyirəm. Bizim bronumuz var”.

Komissar ciddi görkəm alaraq dedi: "Bron cəbhəyə aiddir. Səni fəhlə batalyonuna salırıq. Fərqi nədir? Ya burda işlə, ya da orda, iş həmin işdir. Gedin, səhər komissiyaya gecikməyin”.

Cığatay səhəri gün komissiyadan keçərkən dedi: "Hər gün axşamlar, bəzən həm də səhərlər qızdırmam olur, öskürürəm, sol böyrüm ağrıyır, ürəyim hərdən sancır”. Qızdırmasını ölçdülər, 38,5-di. Onu rentgenə göndərdilər və terapevtin cavabı belə oldu: "Biz qanunla iş görürük. Sənin bir ciyərində tuberkulyoz var, ikisində də olsaydı, onda niqodnı sayılardın. Mən neyləyə bilərəm. Bu qanunu mən qoymamışam. Götürün aktı, voyenkomata gedin”...

Günortadan sonra leytenantın müşayiəti ilə on altı gənc Geran stansiyasına yollandılar. Hava soyuq, yağışlı idi. Başqa rayonlardan yığılmış gənclərlə birlikdə onları qatara mindirib Biləcəriyə göndərdilər. Cığatay bilirdi, taleyi burada həll olunacaq. Ancaq nə bronu, nə çəkisinin azlığı, nə də səhhətindəki ciddi problemləri nəzərə aldılar. Onu fəhlə batalyonuna saldılar. Evlərinə getməyə, doğmaları ilə vidalaşmağa da qoymadılar. Ayın 20-də səhər saat 8-də Biləcəridən çıxıb 4-də Dərbəndə çatdılar. Eşelondan enib düşərgəyə qədər olan 15 kilometrlik yolu piyada getdilər.

Bütün günü ağır fiziki iş görmüş, əsgərlər hər gün axşam yeməyindən sonra stolların üstünə döşək salıb yatırdılar. Hava soyuqdur. Cığatay bütün gecəni yataqda çırpınırdı. Sentyabrın 22-də saat 7-də dəmir yol trasında işə başladılar. Hər gün 9 saat əzab-əziyyətli işdə çalışırdılar. Cığatay soyuqda ayaqyalın işləyirdi. Oktyabrın 20-də o, titrətsə də güclə yerindən qalxıb işə yollandı. Saat 12-də onu düşərgəyə gətirməli oldular. Feldşer Cığataya malyariya diaqnozu qoydu. Noyabrın əvvəlində qızdırması əvvəlki həddə düşdü: 37,5. Noyabrın 28-dək işləməyə gah ayaqyalın, gah da tapdığı cırıq şap-şapla getdi. Ayın 29-da malyariya titrətmələri yenidən başladı.

Dekabrın əvvəlində onun işlədiyi təmir-tikinti batalyonu Dərbəndə döndü. Sonra Yevlax, Tiflis, Suxumi, Soçi istiqamətində yolları təmir edərək Xostaya gəldilər. Cığatay bütün ayı xəstə olmuşdu. Dekabrın 26-da, təmir işləri bitdikdən sonra fəhlə batalyonunu sıravi əsgər kimi hərbi hissəyə təhvil verdilər və Xostadan cəbhəyə yolladılar. Xəstə, üzgün Cığatayı isə Soçiyə 598 saylı hərbi hospitala göndərdilər. Orada da qarın yatalağına tutuldu.

Cığatayın gənc orqanizmi xəstəliklərə tablaşdı. Ancaq zəif vücudunda bu dəfə də vərəm fəallaşdı və ciyərinə keçdi. Həkimlər onu 4321 saylı terapevtik hospitala köçürdülər. 40 gün də Tiflisdə yatdı. 1943-cü ilin 7 aprelində Tiflis hərbi komissiyası onu bir ay məzuniyyətlə evə buraxdı. Aprelin 9-da Bakıya böyük çətinliklərlə gəlib çatdı.

...O gün yenə də Qumralın gözlərinin qarşısında canlananda qəlbinə sıxıntı çökdü. Səhər tezdən küçə qapısından içəri girən dağınıq uzun saçlı, qara gözləri çuxura düşmüş, əynində cırıq şinel, rəngi bilinməyən köhnə ayaqqabılar olan adamı əvvəl tanımadılar. Onun Cığatay olduğunu biləndə ağlamağa başladılar. Cığatay gülümsəməyə çalışdı: "Nə olub, sevinmək əvəzinə ağlayırsız...”, sonra onu qucaqlamaq istəyən doğmalarına "Mənə yaxın gəlməyin” dedi. Üst paltarlarını əynindən çıxarıb küçə qapısından bayıra atdı: "Bunları yandırmaq lazımdı, nə həşərat, infeksiya desən var...”

Əvvəldən sağlam olmayan səhhətini fəhlə batalyonunda gördüyü əzab-əziyyətlər, çətin iş və həyat şəraiti ağır vəziyyətə salmışdı. Üç ay yarım yatdığı hospitallarda sağalmaq əvəzinə başqa xəstəliklər də tapmışdı. Bakıda getdiyi poliklinikanın həkimi ona vərəmin dərmanının tapıldığını, adının streptomisin olduğunu söylədi. Bu dərmanı tapacağına Cığatay inanmırdı. Rentgenin cavabları da ümidlərini doğrultmadı.

Tibbi ekspertiza komissiyası onun hərbi xidmətdən həmişəlik azad edilməsi barədə rəsmi sənəd verdi. 20 yaşlı Cığatay Böyük Vətən Müharibəsi əlili oldu. Evdə zarafatla xəbər verdi: "Məni təbrik eləyə bilərsiz. Bu gün "Böyük Vətən müharibəsi əlili” fəxri adına layiq görüldüm”.

Vərəmin inkişafının qarşısını almaq üçün həkim ən azı 20 kilo kökəlməyi məsləhət görmüşdü. Cığataya güclü yemək, istirahət, müalicə lazım idi. O isə vərəm olduğunu evdəkilərdən gizlədirdi. Özünə iş axtarır, çalışır, evə qazanc gətirmək üçün çırpınırdı...

Qumralı xəyal o günlərə - atasını həbsdə sandıqları, anasının sürgündə olduğu vaxtlara apardı. Hər ikisinin həyatda olduğunu düşünmək onları sabaha ümidləndirirdi. Qumral fikirləşdi ki, indicə bir möcüzə baş versə, atası illərin ayrılığından çıxıb gəlsə yenə də Seyid Hüseynin həbs olunduğu o məşum gündən əvvəlki xoş günlərinə dönə bilməyəcəklər. Çünki sürgündən sonra Bakıda yaşamasına icazə verilməyən anası Ümgülsüm Şamaxıda Qumralın gözlərinin qabağında canını tapşırdı. Yeganə hayanları, pənah yerləri olan bibiləri Rübabə də dünyadan köçdü. Valideynlərinin güdazına getdikləri repressiya siyasəti ailənin ikinci övladı, ağıllı, istedadlı Cığatay Sadıqzadənin də cəlladına çevrildi.

Nakam qardaşının əmanət verib getdiyi dəftərləri göz yaşları içərisində oxuyan Qumral illər sonra bir həqiqəti də biləcəkdi: ümidlə yollarına göz dikdikləri ataları Seyid Hüseynə güllənmə cəzası verilmiş, hökm 1938-ci ilin yanvarında yerinə yetirilmişdi...

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video