04 Oktyabr 2019 02:59
3711
SİYASƏT
A- A+

Hədəf insanların güzəranını daha da yaxşılaşdırmaqdır


Ardıcıl islahatlar dövlət başçısının verdiyi vədlərin əməli işlə təsdiqləndiyini göstərir


Sosial-iqtisadi inkişaf sahəsində hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha göstərir ki, dövlət başçısı tərəfindən verilən vədlər həyatda öz təsdiqini tapır. Prezident İlham Əliyev dövlətin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının dayandığını vurğulayır və bu, həqiqətən belədir.

Əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır, əməkhaqqı, pensiya, təqaüd və müavinətlərin artırılması ardıcıl olaraq həyata keçirilir. Son 15 ildə ölkədə 2 milyon yeni iş yeri açılıb. Bu məsələ şəxsən Prezidentin nəzarətindədir. Belə ki, dövlət başçısı yeni yaradılan iş yerləri ilə yanaşı, bağlanan iş yerləri ilə də maraqlanır, səbəbləri araşdırmaq, işsiz qalan vətəndaşların məşğulluğunu təmin etmək barədə göstərişlər verir. Yeni iş yerlərinin açılmasının dinamikası müsbət olsa da, məşğulluq probleminin həlli daim gündəmdədir və Prezident bu prosesin dayanmadığını dəfələrlə vurğulayıb.

Görülən tədbirlərin nəticəsidir ki, ölkədə işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizdən də aşağı düşüb.

Dövlətin öz vətəndaşının rifahı üçün etdikləri bununla bitmir. Sosial infrastrukturun tamamilə yenidən qurulması, o cümlədən təzə tikilən, yaxud əsaslı təmir edilən 3200-dən çox məktəb xalqın sabahına hesablanmış, uzaqgörənliklə həyata keçirilmişdir. Daha bir rəqəm - tikilən, yaxud tam təmir edilən 640 xəstəxana insanların sağlamlığına göstərilən qayğıya əyani misaldır. Bu tibb ocaqları ən müasir avadanlıqlarla təchiz olunub. İndi hətta bir sıra bölgələrdə də müalicə-diaqnostika mərkəzləri fəaliyyət göstərir və rayon, kənd sakinlərinin paytaxta gəlməsinə ehtiyac qalmır. Bəlkə də dünyada ikinci elə bir ölkə yoxdur ki, orada dövlət başçısının tapşırığına əsasən əhali ildə bir dəfə pulsuz olaraq tam tibbi müayinədən keçirilir.

Son illərdə bir çox bölgələrdə olimpiya idman kompleksləri inşa edilib, müxtəlif idman qurğuları isə, demək olar ki, hər kənddə var.

Bəli, bugünkü Azərbaycan kəndi 1990-cı illərin əvvəlindəki kənd deyil. İşığı olmayan, qaz barədə heç düşünməyən, içməli və suvarma suyundan qıtlıq çəkən, torpağı əkib-becərməyə texnika, toxum, gübrə tapmayan kəndli o günləri indi yuxu kimi xatırlayır. Bugünün kəndlisi torpağının sahibidir, dövlətindən hərtərəfli dəstək alır, məhz buna görə şəraiti heç də şəhərdəkindən fərqlənmir. Bunun sayəsində kənddən şəhərə axın, bir çoxlarının qazanc üçün yad məmləkətlərə üz tutması səngiyib. İndi iş yeri axtarışında qonşu ölkələrə gedənlərin çoxu geri qayıdıb.

Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, son illərdə Azərbaycana daimi yaşamağa gələnlərin sayı ölkədən biryolluq köçüb gedənlərin sayından dəfələrlə çoxdur. Bu da 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının həyata keçirilməsi nəticəsində əldə edilən nailiyyətlərin ən önəmli olanlarından biridir.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla davam etdirməklə yanaşı, onu günün tələbləri baxımından inkişaf etdirdi. Qədim neft diyarımız dünyada həm də qaz ixrac edən ölkə kimi tanındı. Azərbaycan qlobal neft, qaz və ixrac layihələrinin təşəbbüsçüsü və aparıcı qüvvəsi kimi çıxış etdi. Ən başlıca mətləblərdən biri də həmin layihələrdən gələn vəsaitlərin iqtisadiyyatın şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, ən ümdə problemlərin həllinə yönəldilməsidir.

Başqa sözlə, Prezident İlham Əliyev neft kapitalını insan kapitalına çevirdi.

Bu il sentyabrın 20-də Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə dövlət başçısı demişdir: "Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər. Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir... O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik”.

Azərbaycanı digər ölkələrlə, respublikanın şəhər və rayonlarını bir-biri ilə bağlayan avtomobil yolları öz yerində, son illərdə yüzlərlə kilometr kəndarası yollar da çəkilib. Yol isə həm rahatlıq, həm abadlıq, həm də inkişaf deməkdir. Bu, o deməkdir ki, insanlar vaxt itirmədən mənzilbaşına çatırlar, kəndlinin yetişdirdiyi məhsul bazarlara gedən yollarda ləngimir, bölgələrimizə maraq göstərən turistlərin sayı artır.

İstər böyük şəhərlərdə, istərsə də kəndlərdə əhalinin su sarıdan çəkdiyi çətinliyə də son qoyulub. Əhalinin 75 faizi dayanıqlı içməli si ilə təmin edilir və bu istiqamətdə aparılan işlər də davamlıdır.

Şərhə ehtiyacı olmayan faktdır ki, Azərbaycan dövləti neftdən əldə olunan gəlirləri ilk dəfə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına yönəltdi. 2007-ci ildə ölkə ərazisindəki son çadır şəhərciyi də ləğv olundu. Məcburi köçkünlər üçün salınan şəhərciklərin sayı 105-ə çatıb. Bu şəhərciklərin bir çoxunun açılışında Prezident İlham Əliyev iştirak edib.

İnsanların xoş güzəranı üçün görülən bu və digər genişmiqyaslı, çoxşaxəli işlər dövlət başçısının "Mən hər bir azərbaycanlının Prezidentiyəm”, "Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqları dayanır” sözlərinin əyani təsdiqidir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video