03 Oktyabr 2019 01:34
569
İQTİSADİYYAT
A- A+

Aqrar sektor innovasiyalara köklənir


Azərbaycanda qeyri-neft sektorunun inkişafı xüsusi aktuallıq kəsb edən və daim gündəmdə olan məsələdir. Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi məsələlərə həsr olunmuş bütün müşavirə və tədbirlərdə aqrar sektorun inkişafına xusisi diqqət yetirilir.

Artıq bu sahənin innovativ texnologiyalarla sürətli inkişafı üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Aqrar sahədəki nailiyyətlər geniş araşdırılır, perspektivlər müzakirə edilir, hədəflər dəqiqləşdirilir.

Ölkədə aparılan geniş islahatlar müsbət nəticələrə, yüksək nailiyyətlərin əldə edilməsinə imkan yaradır. Son 15 ilin göstəriciləri də təsdiq edir ki, iqtisadi baxımdan belə qısa müddət ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Qeyri-neft sektorunun şaxələndirilməsi bütün sahələrdə olduğu kimi, aqrar sektorda da ciddi dəyişikliklərə səbəb olmuş, rekord göstərici əldə edilmişdir. Bu ilin 6 ayında artım 13 faizdən yüksək olmuşdur. Bitkiçilikdə isə 25 faizlik rekord artım əldə edilmişdir. Beləliklə, yatırılan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma və ən başlıcası, innovasiyaların tətbiqi öz nəticəsini verməkdədir. Müasir dünya təcrübəsinin tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edir, məşğulluğun və həm də kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına əlavə imkanlar yaradır.

Dünyanın aqrar mənzərəsinə ötəri də olsa nəzər salanda diqqəti ilk çəkən odur ki, aparıcı dövlətlərdə kənd təsərrüfatının simasını nəhəng aqroholdinqlər və aqroparklar təyin edir. Müasir dünya təcrübəsinə əsaslanaraq inkişaf edən Azərbaycanda da aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılmasına qərar verilmiş və müəyyən işlər görülmüşdür.

Bu istiqamətdə infrastrukturun yaradılmasına 2019-cu ilin əvvəlinədək 207 milyon manat dövlət əsaslı vəsait ayrılmış, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilmişdir.

Bu il iyulun 31-də isə Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə yeni rekord rəqəmlər elan olundu. Regionlarda 9 sənaye parkı və məhəlləsinin yaradılması haqqında məlumat verildi. Bu sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçmiş, 45 rezident artıq fəaliyyətə başlamışdır. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.

Həmçinin iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılmış, 22 aqropark faktiki fəaliyyətdədir və ilin sonuna qədər 11 aqropark da fəaliyyətə başlayacaq. Həmin layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq, 4 mindən çox yeni iş yeri yaradılacaq.

Ümumiyyətlə, ölkə Prezidenti kənd təsərrüfatında bu il rekord göstəricilərin əldə edildiyini qeyd edib: "Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın”.

Yeni texnologiyaların, innovasiyaların və qabaqcıl dünya təcrübəsinin tətbiqi bu il taxıl istehsalını 40 faiz, hektarın orta məhsuldarlığını da əvvəlki illərlə müqayisədə 30 sentnerdən çox artırmağa imkan vermişdir. Hətta bu il məhsuldarlığı 60 sentnerə çatdıran təsərrüfatlar da az deyil. Müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı bir çox istiqamətlərdə məhsuldarlığı böyük dərəcədə artırmağa imkan yaradır. Bu il bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, tərəvəz 14 faiz artmış, baramaçılıqda da böyük nailiyyətlər əldə edilmişdir. Nəticədə ixracın statistik rəqəmləri xeyli yüksəlmişdir. Yeni texnoloigiyaların tətbiqi nəticəsində əkinçilikdə dislokasiya sistemi qurulmuş, müasir avadanlıqlardan istifadə edilmiş və kombaynlara quraşdırılan GPS-lərin sayəsində bu il taxıl biçini 20 gün tez başa çatmışdır.

Tətbiq edilən yeniliklərdən biri də gübrələrlə əlaqədar liberallaşmanın tətbiqidir. Nəticədə gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək. Artıq Kənd Təsərrüfatı Nazirliyi bu ildən gübrənin səyyar satışını həyata keçirib və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırmaqla fermerləri izafi xərclərdən azad edib. İnnovasiyalara gəldikdə isə, elektron kənd təsərrüfatının təşviqini mütləq qeyd etmək lazımdır. Hazırda 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçmiş, gələn ilin əvvəlindən subsidiyaların verilməsi də tam elektron formada həyata keçiriləcək. Bu yenilik sayəsində əvvəlcədən fermerlərin əkinlərini planlaşdırmaq və proqnozlaşdırmaq mümkün olacaq. Əslində, ən vacib yeniliklərin sırasında dövlət başçısı tərəfindən həyata keçirilən yeni subsidiya sisteminin tətbiqi dayanır. Belə ki, 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək.

Bu gün dünyada kənd təsərrüfatı nəinki aqrar, hətta inkişaf etmiş ölkələr üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan üçün isə aqrar sektorun şaxələndirilməsi və inkişafı taleyüklü məsələdir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, texnika və avadanlıqların alınması üçün ciddi güzəştlər edilir. Yalnız bu il 700-dən çox texnikanın satılması təmin edilmişdir.

Azərbaycanda aqrar sektorda aparılan islahatların özülündə müasir texnologiyaların tətbiqi dayanır, müasir suvarma sistemlərinin qurulmasına xüsusi önəm verilir. Pilot tipli suvarma sistemlərinin istehsalının qurulması əkin sahələrinin yeni suvarma sistemləri ilə təmin edilməsindəki çatışmazlığı aradan qaldıracaq. Bundan başqa, Azərbaycanda artıq fəaliyyətə başlayan azot gübrəsi zavodu xaricdən bu məhsulun alınmasının qarşısını alacaq. Prezident İlham Əliyev aqrar sektorun prioritetlərini təyin edərək bildirib ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Heç kim fikirləşməli deyil ki, ölkədə kənd təsərrüfatı 30, ya da 50 il əvvəlki kimi inkişaf edə bilər. Dövlət başçısı belə hesab edir ki, hər qarış torpaqdan maksimum səmərə ilə istifadə etmək üçün yeni texnologiyaların geniş tətbiqi önəmlidir.

B.İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video