02 Oktyabr 2019 02:18
3063
SİYASƏT
A- A+

Dünya yenidən Bakıda toplaşır


Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yüksək beynəlxalq nüfuzun və etimadın nümunəsidir


Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə evsahibliyi etməyə hazırlaşır. Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda XVIII zirvə görüşü keçiriləcək. Bu, son illərdə respublikamızda keçirilən ən mühüm qlobal siyasi tədbirlərdən biri olacaq. İkincisi isə bu tədbir QH-nin 1989-cu ildə keçmiş Yuqoslaviyada keçirilmiş Belqrad sammitindən sonra Avropada təşkil olunacaq ilk zirvə görüşü kimi tarixə düşəcək.


Qlobal məsələlərin müzakirə edildiyi mühüm forum


Xatırladaq ki, bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə Belqradda təsis etdiyi QH qısa müddət ərzində sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Xüsusən BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırıb. Bu baxımdan, Soyuq müharibənin başa çatmasına baxmayaraq hərəkat öz aktuallığını qoruyub saxlayıb və öz sıralarını daha da genişləndirib. Təsadüfi deyil ki, son 25 il ərzində hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. Həmçinin burada 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da təmsil olunur. Beləliklə, 147 üzv Qoşulmama Hərəkatının fəaliyyətində iştirak edir.

Göründüyü kimi, QH üzvlərinin sayına görə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Bu fakt QH-nin müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə bir mühüm çoxtərəfli platforma olmasını göstərir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına böyük təsir göstərir. Bu həm də onu göstərir ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirməyib və bu qurum beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.

Hərəkatın 2018-ci ilin aprelində Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında çıxış edən Prezident İlham Əliyev QH-nin dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynadığını bəyan edib: "Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır.

Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”.

Bütövlükdə mövcud olduğu müddət ərzində hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlayıb və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdiriblər. Hərəkat qoşulmama anlayışını müsbət və cəlbedici səy kimi formalaşdıra bilib. Müstəmləkələrin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.


Azərbaycanın maraqlarının təmini üçün yeni imkanlar


Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.

Qoşulmama Hərəkatına üzvlük ölkəmizin milli maraqlarının və mənafeyinin beynəlxalq müstəvidə təmin edilməsi, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda münasibətlərin inkişaf etdirilməsi üçün yeni əlverişli imkanlar açdı. Elə 2011-ci ildə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində QH ölkələrinin səsinin mühüm rol oynaması bu platformaya qoşulmaqla bağlı verilmiş siyasi qərarın nə qədər uzaqgörən bir addım olduğunu əyani surətdə sübut etdi.

Qeyd edək ki, Azərbaycanı QH-də təmsil olunan ölkələrin bir çoxu ilə tarixən hansısa formada müxtəlif tellər bağlayır. Region, ərəb və müsəlman ölkələri ilə tarixi və dini bağlılığımız var. Yaxud, keçmiş sovetlər dönəmində Vyetnamdan tutmuş Kubaya qədər nəhəng bir coğrafiyadan minlərlə insan Azərbaycanda ali təhsil alıb. Məsələn, təkcə Afrika qitəsindən bu rəqəm 12-15 min civarındadır.

Azərbaycanın QH-yə üzv olması həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini vermişdir. Təsadüfi deyildir ki, QH-nın yekun sənədlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub. Məsələn, XVII sammitdə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə rəğmən, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmamasına, beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etməsinə öz təəssüflərini ifadə etdilər. Bu həmrəylik hərəkatın bir daha təcavüz, xarici hərbi işğal və etnik təmizləməyə qarşı böyük sədaqətini nümayiş etdirdi.

Hərəkatın keçən ilin aprelində Bakıda keçirilmiş Nazirlər Konfransının Yekun Sənədində də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüf ifadə olunur. Nazirlər BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq edərək tərəfləri münaqişəni Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar. Bu beynəlxalq ictimaiyyətin münaqişənin həllinə dair yekdil və qəti mövqeyinin ifadəsidir.


QH-yə sədrlik Azərbaycanın uğurlarını dünyaya daha yaxından tanıtdıracaq


Respublikamız Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Rəsmi Bakı bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan müstəqil siyasət həyata keçirir. Ona görə hərəkata üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Məhz QH tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 2016-cı ilin sentyabrında hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə zirvə görüşünün təşkili məqsədilə bu ilin fevralında müvafiq dövlət qurumlarının rəhbərlərindən ibarət Təşkilat Komitəsi yaradılıb. Martda təsdiq edilmiş Tədbirlər Planında Zirvə Görüşünün təşkili ilə bağlı həyata keçiriləcək bütün işlər tam təfsilatı ilə qeyd edilib.

Bakı sammiti ilə Azərbaycan hərəkatın sədrliyini üzərinə götürəcək. Azərbaycan hərəkata sədrliyini mürəkkəb bir dövrdə qəbul edir və bu, müasir dünyanın çağırışlarına uyğun və effektiv reaksiyalarımızı tələb edir. Növbəti sədr qismində Azərbaycan müharibəyə qarşı və sülhsevər qüvvə kimi hərəkatın rolunun gücləndirilməsi və BMT-nin Nizamnaməsi və "Bandunq prinsipləri”nin dəstəklənməsi, həmçinin BMT ilə çoxtərəfli əlaqələrin təşviq edilməsi, qorunması və gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

QH-nin fəaliyyətinin əsaslarını təşkil edən tarixi "Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin ana xətti ilə uzlaşır. Bu prinsiplər özündə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyətdən və güc tətbiqindən imtina, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların və əməkdaşlığın təşviqi, ədalətə və beynəlxalq öhdəliklərə hörməti ehtiva edir. Bu baxımdan respublikamızın sədrliyi zamanı fəaliyyət, prioritetlər məhz bu təməl prinsiplər üzərində qurulacaq. Məqsəd üzv dövlətlərlə birgə QH-nin beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa töhfəmizi artırmaq olacaq.

Zirvə görüşü, eləcə də sədrlik Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünyada daha da tanıtdırılmasına və təşviq edilməsinə öz töhfəsini verəcək. Eyni zamanda Azərbaycanın QH-də və ümumən dünyada nüfuzunu daha da artıracaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video