01 Oktyabr 2019 00:49
612
İQTİSADİYYAT
A- A+

Neftdən əldə edilən gəlirlər ilk növbədə sosial məsələlərin həllinə yönəldilir


Həyata keçirilən sosial islahatlar çoxşaxəlidir. Buraya əməkhaqları və pensiyaların, sosial müavinətlərin, həmçinin müxtəlif kateqoriyadan olan insanlara verilən təqaüdlərin artırılması daxildir. Bununla yanaşı, aparılan sosial siyasətin əsas məqsədi əməkqabiliyyətli əhalinin işlə təmin olunmasıdır. Çünki işləyən hər bir vətəndaş özünün sosial rifahını yaxşılaşdırmaq imkanı qazanır.

Sosial siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasına yönəlib. Dövlət əldə etdiyi gəlirlərdən ilk növbədə öz vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə istifadə edir. "Əsrin müqaviləsi”ndən əldə olunan gəlirlər də ilk növbədə sosial problemlərin həllinə yönəldildi.

Prezident İlham Əliyev sentyabrın 20-də "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə dövlətin əldə etdiyi bütün gəlirlərdən, o cümlədən neft gəlirlərindən əhalinin sosial rifahının yaxşılaşdırılmasında istifadə olunduğunu vurğulayaraq demişdir: "Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı. Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fondunun vəsaiti haradan gəlir? "Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni "Əsrin müqaviləsi”nin çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik... Sosial infrastruktur tamamilə yenidən quruldu. 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi...

Bundan sonra da neft satışından əldə ediləcək gəlirlər ilk növbədə sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin”.

Dövlət vətəndaşların sosial rifahının daha da yaxşılaşması üçün mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi. Bu sosial layihə 4 milyon ölkə vətəndaşını əhatə edir. Buraya minimum əməkhaqqının, minimum pensiyanın əhəmiyyətli dərəcədə artırılması daxildir. Həmin sosial paketin icrası sayəsində pensiyalar birinci dəfə 40 faiz, ikinci dəfə daha 40 faiz artmışdır. Minimum əməkhaqqı təxminən iki dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Minimum pensiya isə 116 manatdan 200 manata qədər qaldırılıb.

Prezident öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, əldə edilən əlavə gəlirlərin demək olar ki, tam həcmi sosial sahəyə yönəldilir. Çünki sosial sahə dövlət üçün prioritetdir və hər zaman diqqət mərkəzindədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və cari ildə inqilabi xarakter daşıyan sosial islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.

Minimum əməkhaqqının artımının ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla, 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min nəfər, özəl sektor üzrə 350 min nəfər) maaşının artmasına imkan verib.

Minimum əməkhaqqının səviyyəsi yüksək olduğuna görə Azərbaycan MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.

Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla eyni zamanda dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib. Beləliklə, ikinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.

Ölkədə işsizliyin aradan qaldırılması sayəsində dövlət siyasəti uğurla həyata keçirilir. Məqsəd bu yolla əhalinin sosial müdafiəsini daha da gücləndirməkdir. Xüsusilə universitet məzunlarının işə cəlb edilməsi dövlət gənclər siyasətinin əsas prioritetlərindəndir. Bu günlərdə Bakı Dövlət Universitetində tələbə və məzunlar üçün "Karyerada ilk addım” adlı məşğulluq tədbiri keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun rektoru Elçin Babayev, ƏƏSM nazirinin müavini Anar Əliyev də iştirak ediblər.

Məqsəd gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsidir. Tədbirdə qeyd edilib ki, cari ilin 8 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən işlə təmin olunan gənclərin sayı 14056, peşə hazırlığı kurslarına cəlb edilənlər - 465, haqqı ödənilən ictimai işlərə cəlb olunanlar - 7945 nəfərdir.

"Karyerada ilk addım” məşğulluq tədbirinin məqsədi həmçinin tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir. Nazirliyin müvafiq qurumları tərəfindən il ərzində 10 universitetdə belə tədbirin keçirilməsi planlaşdırılır. Həmin tədbirdə tələbə və məzunlara işləmək üçün 60 müəssisədən ümumilikdə 360 boş (vakant) iş yeri təklif olunub.

Həyata keçirilən sosial siyasət nəticəsində vətəndaşların müavinət və təqaüdlərinin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə etdi. Bunlardan 300 mindən çoxu əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən çoxu tələbələrdir. Ümumilikdə bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edərək onların gəlirlərinin əhəmiyyətli dərəcədə artmasını təmin edib.

İqtisadiyyatın dinamik inkişafı, yeni iş yerlərinin açılması və əməkhaqların artması əhalinin gəlirlərinin yüksəlməsinə imkan yaradır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri keçən ilin eyni dövrünə nisbətən 4,8 faiz artaraq 36861,6 milyon manat təşkil edib ki, bu da əhalinin hər nəfərinin orta hesabla 3727,8 manatlıq gəlir əldə etməsinə imkan yaradıb.

Cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 587,7 manat təşkil edib. Orta aylıq əməkhaqqı neft-qaz sektorunda 3101,6 manat, qeyri-neft sektorunda 530,7 manat olub. Dövlət müəssisələrində çalışanların əməkhaqları 482,5 manat, özəl sektorda işləyənlərin əməkhaqları 724,1 manatdır.

R.KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video