Alternative content

01:11 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qafqazın ən qüdrətli ordusu
Qafqazın ən qüdrətli ordusu
ANA SƏHİFƏ / SİYASƏT
01:10 29.09.2019


2019-cu ildə Azərbaycanın hərbi təlimlərin sayını artırması Ermənistanda qorxu və həyəcanla qarşılanır


Dövlətin təməl prinsiplərindən biri qüdrətli ordudur. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanda güclü ordunun yaradılmasına nail olunub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə aparılan işlərin effektini dəfələrlə artırıb, ölkəmizin müdafiə qüdrətini daha da gücləndirib.


Məqsəd ərazi bütövlüyümüzün bərpasıdır


Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin artırılması üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır.

Ermənistanın istənilən mənfur niyyətinin qarşısını almaq üçün respublikamız kifayət qədər və daha üstün hərbi imkanlara malikdir. Ordumuzun gücü istənilən təhdidin qarşısının alınmasına ən yüksək səviyyədə imkan verir. Son dövrlərin təcrübəsində bununla bağlı kifayət qədər fakt var. Xüsusən 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyinin hədə-qorxu dilində danışmağı artıq erməni cəmiyyətində də gülüşlə qarşılanır.

İyunun 26-da Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib: "Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.

Azərbaycanda ordu quruculuğu və silahlı qüvvələrin döyüş imkanlarının artırılması istiqamətində görülən işlər yalnız yeni hərbi texnikaların alınması ilə yekunlaşmır. Aydın məsələdir ki, qoşun növlərinin döyüş praktika və təcrübəsinin də artırılması olduqca vacibdir. Bu gün dünyanın müxtəlif nöqtələrində müharibələr baş verməkdədir. Bu müharibələr həm də ayrı-ayrı dövlətlər üçün bir növ təcrübə meydanıdır.

Burada yeni silah növləri sınaqdan çıxarılır, həmçinin qoşun növlərinin döyüş vərdişləri artırılır, yenilənir. Azərbaycan sülhməramlı missiya istisna olmaqla hərbi əməliyyatlarda iştirak etməsə də, mütəmadi olaraq keçirilən hərbi təlimlərdə ordumuzun müasir döyüş vərdişləri artırılır. Hərbi təlimlər Ali Baş Komandan İlham Əliyevin xüsusilə nəzarətindədir. Təsdiq edilən plana əsasən, il ərzində bir neçə dəfə müxtəlif qoşun növlərinin iştirakı ilə hərbi təlimlər keçirilir.


Üç genişmiqyaslı təlim


2019-cu ilin ötən dövrü Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi çoxsaylı hərbi təlimlərlə əlamətdardır. Ordumuzun ilk genişmiqyaslı təlimləri mart ayında keçirilib. Təlimlərə 10000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetiriblər. Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra edilib.

Azərbaycan Ordusunun il ərzində müxtəlif qoşun növlərinin, birlik və birləşmələrin cəlb edilməsi ilə ikinci genişmiqyaslı əməliyyat-taktiki təlimi may ayında keçirilib. Təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi olub. Budəfəki təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub. Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetirilib. Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunub.

Sentyabrın 16-dan 20-dək isə müxtəlif qoşun növləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə ordumuzun növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib. Təlimlərə 10000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra edilib. Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldilib. Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib.

Bununla yanaşı, ayrı-ayrı qoşun növlərində də mütəmadi olaraq təlimlər keçirilir. Məsələn, bu ilin fevral ayında Hava Hücumundan Müdafiə hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib. Təlimlər zamanı bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq etdiriblər.

Aprel ayında Hərbi Hava Qüvvələri helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib. Bu zaman aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib. Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər. Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Bundan başqa, apreldə cəbhə xəttindəki raket və artilleriya birləşmələrinin döyüş atışlı təlimləri reallaşdırılıb. Artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.

May ayında Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri "Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib. Atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.

İyun ayında cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib. Motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər.

Avqust ayında ordumuzun birlik və birləşmələrində idarəetmə orqanları və qərargahların döyüş uyarlılığının təşkili, eləcə də heyətlərin əməliyyat və döyüş quruluşunun müxtəlif elementlərinin döyüş tətbiqi üzrə dəqiqləşdirilməsi və yoxlanılması məqsədilə komanda-qərargah təlimləri keçirilib. Təlimlər trenajorlar və döyüş texnikasından geniş istifadə edilməklə xəritələr üzərində və ərazidə, eləcə də qabaqcıl informasiya texnologiyalarının tətbiqi ilə simulyasiya mərkəzlərində təşkil olunub və gedişində dayanıqlı idarəetmə, əməliyyatların hərtərəfli təminatı, həmçinin iştirak edən bütün idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib.

Ötən ay, həmçinin Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib. Birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib.


Ordumuz beynəlxalq səviyyədə layiqincə təmsil olunur


Bütün bunlardan başqa, Azərbaycan Ordusunun bölmələri xarici ölkələrdə keçirilən hərbi təlimlərdə iştirak ediblər. Fevral ayında Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən beynəlxalq "Qış təlimi-2019” təlimində iştirak ediblər. Hərbçilərimiz çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını uğurla yerinə yetirərək digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra ediblər. Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandalarımız da ən çətin tapşırıqları praktiki yerinə yetiriblər. Ümumilikdə 16 ölkənin hərbi qulluqçularının cəlb edildiyi təlimdə Azərbaycan hərbçiləri həmişə olduğu kimi yüksək peşəkarlıq nümayiş etdiriblər.

Apreldə isə Azərbaycan Ordusunun nümayəndələri NATO-nun Hərbi Tibb Mükəmməliyyət Mərkəzi və Rumıniya Milli Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çoxmillətli birgə tibb təlimində iştirak edib. Rumıniyanın təlim mərkəzində 39 ölkədən 2500 nəfərdən artıq nümayəndənin iştirak ilə keçirilən təlimin əsas məqsədi tibbi təminat sisteminin təkmilləşdirilməsi, idarəetmənin qiymətləndirilməsi, hərbi, mülki, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqənin qurulması qaydalarının məşq etdirilməsi olub.

May ayında Türkiyənin Konya şəhərində "Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri keçirilib. Bu beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60-a yaxın şəxsi heyəti iştirak edib.

Avqust ayında Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında uğurla iştirak ediblər. Hərbçilərimiz ölkəmizdə keçirilən "Dəniz kuboku” ilə yanaşı, Rusiyada "Tank biatlonu” və "Səhra mətbəxi”, Qazaxıstanda "Artilleriya atəşinin ustaları”, Belarusda "Snayper həddi” və Özbəkistanda "Hərbi-tibbi estafet” müsabiqələrində ordumuzu layiqincə təmsil ediblər.


Azərbaycan-Türkiyə dostluğu təlim poliqonlarında


Bu il ərzində Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığa uyğun olaraq bir neçə birgə hərbi təlim keçirilib. İlk belə təlim mayın 1-dən 3-dək ölkəmizdə keçirilib. "Mustafa Kamal Atatürk-2019” adlı döyüş atışlı birgə taktiki təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaq olub. Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib.

Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq daha bir birgə hərbi təlim iyun ayında Naxçıvanda keçirilib. "Sarsılmaz qardaşlıq-2019” adlanan birgə döyüş atışlı taktiki təlimə 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunub. Bu dəfə məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq olub.

İki ölkə arasında artıq ənənə halını alan təlimlərdən biri "TurAz Qartalı” adlanır. Sentyabr ayında Azərbaycanda keçirilən bu təlimdə MiQ-29, F-16, Su-25, P-235 "Kasa” təyyarələri, Mi-35, Mi-17, "Sikorski” UH-70, CH-47 "Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edib. Budəfəki təlimlərdə Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilib.

Ötən dövrdə Naxçıvanda, həmçinin Naxçıvan Qarnizonu Qoşunlarının birgə iştirakı ilə bir neçə təlim keçirilib. Bu təlimlərdə dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsi, terrorçuların və qeyri-leqal miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması, sərhədboyu zonada əhalinin və mülkiyyətin qorunması məqsədilə birgə fəaliyyətlər məşq etdirilib. O cümlədən Naxçıvan Qarnizonu Qoşunlarının təlimi mürəkkəb əməliyyat şəraitində döyüşün və onun hərtərəfli təminatının təşkili üzrə idarəetmə orqanlarının uzlaşmış və operativ fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyıb. Nəticələr idarəetmə orqanlarının, komandirlərin və qərargahların yüksək hazırlıq səviyyəsinə malik olduqlarını göstərib.

2019-cu ildə Azərbaycanın hərbi təlimlərin sayını artırması Ermənistanda qorxu və həyəcanla qarşılanır. İlin başa çatmasına isə hələ var və yaxın dövrlərdə ordumuzun növbəti təlimlərinin şahidi olacağıq. Bu təlimlərin hər birində Azərbaycan Ordusunun silahlanmasında olan yeni texnoloji vasitələr və silahlar geniş tətbiq edilir. Silahlı Qüvvələrimiz ən müasir hərbi vasitələrdən yararlanaraq döyüş imkanlarını sürətlə artırır. Bundan ən böyük narahatlıq keçirən isə Ermənistandır. Çünki Ermənistanın siyasi-hərbi dairələri bu təlimlərin son məqsədinin nədən ibarət olduğunu və güclü Azərbaycan qarşısında duruş gətirə bilməyəcəklərini anlayırlar.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM