Alternative content

06:17 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:45 14.11.2019 Xalqa xidmət missiyası
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir ömürlük nisgil
Bir ömürlük nisgil
ANA SƏHİFƏ / Mədəniyyət
00:50 29.09.2019


Şəhid xanımının mücadilələrdən keçən uğur yolu


Həmişə olduğu kimi, həmin gün də işdən evə gəlib yeməyini yeyəndən sonra şəhərdəki vəziyyəti öyrənmək üçün küçəyə çıxdı. Aradan xeyli vaxt keçəndən sonra evə qayıtdı. Xanımının həyəcanlandığını görüb dedi:

- Şəhərdə vəziyyət ürəkaçan deyil. Gedim görüm nə baş verir...

Xanımı qarşısını kəssə də, onu inadından döndərə bilmədi...

Bir neçə saat sonra küçədəki hay-küyə, qıy-qışqırıq, güllə səslərinə yuxudan oyandı. Vahimə ilə yerindən qalxıb ərini səslədi. Cavab gəlməyəndə onun hələ də qayıtmadığını anlayıb, özünü küçəyə atdı... Şəhərdə heç kəs yatmamışdı, hamı təlatüm içindəydi. Vətənin taleyindən xəbər tutmağa gedənlərin çoxundan xəbər yox idi. Bu dəhşətli yanvar gecəsinin qaranlığında onların taleləri də zülmətə qərq olmuşdu...

Səhər açılsa da, həmin gün Azərbaycan xalqının taleyinə qanlı yanvar gecəsi kimi həkk olundu. O qanlı yanvar gecəsi həyat yoldaşı Yanvar Nəsirovu da ömürlük onun əlindən aldı. Və o gecədən sonra onun həyatında hər şey tamam başqa məcraya yönəldi...

Qayğısız, dərdsiz, sıxıntısız, "ağ” günlərini... və qadınlığını "bəyaz kəfənə büküb” əri ilə birgə torpağa basdırdı... Birtəhər yoxluğuna dözüb dərddən ölmədi, yaşadı... Yanvarın ocağını boş qoymasın deyə...Oğlunu böyütsün deyə...

Bəs oğlunu tək necə böyüdəcəkdi? Heç yerdə işləmirdi axı. Ali təhsil almamışdı. Üstəlik, ölkədə də vəziyyət getdikcə pisləşirdi. Amma necəsə ayaqları üzərinə qalxıb, işləyib, balasını dolandırmalıydı. Həyatının belə bir ağır və qeyri-müəyyən dövründə onun qarşısında yeni qapılar açıldı. Ali məktəbə daxil oldu. Həm təhsil aldı, həm işlədi, həm də elmi işlə məşğul oldu. Və sübut etdi ki, bütün çətinliklərə, yoxluqlara, əziyyətlərə, məhrumiyyətlərə baxmayaraq qadın istəyərsə, qarşısına qoyduğu bütün hədəflərə çata bilər.

"Ömür səhifələri”ndə filologiya elmləri üzrə fəlsəfə doktoru, folklorşünas, Bakı Dövlət Universitetinin folklor kafedrasının müəllimi, BDU-nin "Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi, 20 Yanvar şəhidi Yanvar Nəsirovun həyat yoldaşı Almara Nəbiyevanın mücadilələrlə keçən həyat kitabını vərəqləyəcəyik.


"Məəttəl qaldı ki, Gülablıda da xarı bülbül yetişir”


Almara Nəbiyeva 1963-cü il aprelin 5-də Ağdamın Gülablı kəndində dünyaya gəlib. 1980-ci ildə Gülablı kənd orta məktəbini bitirib. 1981-1982-ci illərdə Ağdam şəhər 70 saylı texniki peşə məktəbində təhsil alıb. Deyir, Ağdam - Gülablı mənim üçün vətəndir, həyatın başlanğıcıdır... Uşaqlığı, məktəb illəri, ilk iş yeri, 24 yaşına kimi bütün həyatı orda keçib: "Gülablı əvvəllər Şuşa qəzasının tərkibində olub. Bizim kənddən arxa tərəfdəki yolla Şuşaya at arabası ilə 2 saatlıq yol idi. Ədiblərin də yazılarında var ki, Şuşaya dayələri bizim kənddən aparırdılar. Saf suları, təmiz havası, bərəkətli torpağı vardı. Kəndimiz dörd tərəfdən dağlarla əhatə olunmuşdu. Arxa tərəfdə Çıraxlı, Hacadağlar idi. Kəndin düz ortasından çay axırdı. Gedib Ağdamın Qarqar çayına birləşirdi. Belə bir səfalı torpaqda dünyaya göz açmışam, orda böyümüşəm. Çox dəcəl qız idim. Rəfiqəm Gülbənizlə gedib girirdik şah bağlarına. Armud, qoz, zoğal... bağları sırayla salınmışdı.

Ailədə 6 uşaq idik - 3 bacı, 3 qardaş. Atam o dövrün pedaqoji məktəbinə daxil olsa da, maddi çətinlik ucbatından təhsilini başa vura bilməmişdi. Lakin dünyagörüşü zəngin kişi idi. Anam isə aqronomluq texnikumunda təhsil almışdı. Çox savadlı, dünyagörüşlü qadın idi. Elmə, təhsilə böyük önəm verirdi. Deyirdi, "Almara, səni də oxutduracam. Oğlandan çox qız uşağına oxumaq lazımdır”. Ancaq bu arzusunu həyata keçirmək ona qismət olmadı. Mən 9-cu sinifdə oxuyanda anam qəfildən xəstələndi. Atam onu əli çatan həkimlərə aparsa da, heç bir müalicənin köməyi olmadı. Anam ömrünün çiçəkləndiyi dövründə dünyasını dəyişdi. Bu vaxtsız ayrılıq ailəyə ağır zərbə vurdu. Dünya-aləm gözümüzdə söndü. Bu dərdi heç nəylə ovundurmaq olmurdu. Hər yerdə anamızın ətrini, yerişini, duruşunu, əlinin nemətlərini axtarırdıq. Heç birimiz həyatda öz yerimizi hələ tapmamışdıq. Hər dəfə evə gələndə elə bilirdim qarşıma çıxacaq. Özümdən asılı olmayaraq otaqları axtarırdım. Heç cür alışa bilmirdim yoxluğuna”.

Anasının ölümü Almaranın həyatdan aldığı ilk ağır zərbə olur. Çox böyük sarsıntı keçirir. Bu ölüm onun həyatını dəyişdirir, hər şey alt-üst olur. Arzusunda olduğu ali təhsil almaq həvəsi sönür. Əlbəttə, anası sağ olsaydı, ali məktəbə daxil olardı, arzularının arxasınca gedərdi. Amma xəyallarının heç birini həyata keçirə bilmir. Yalnız peşə məktəbində oxumaqla kifayətlənir. Oranı bitirəndə kənddə açılan "Gülablı” sanatoriyasının baş həkimi Bəhram Şükürovun qəbuluna gedib, münasib işə götürməyini xahiş edir. Beləcə, ailə qurana kimi sanatoriyada baş aşbazın köməkçisi işləyir: "O sanatoriyaya Azərbaycanın tanınmış ziyalıları, yazıçı, şairləri, musiqiçiləri, rəssamları istirahətə gəlirdi. Biz də onlarla tanış, həmsöhbət olurduq. Yadımdadır, Mirvarid Dilbazi sanatoriyada dincələndə xanımlar meşədən ona xarı bülbül çiçəyi dərib gətirmişdilər. Məəttəl qalmışdı ki, "məgər burda da xarı bülbül yetişir? Mən elə bilirdim tək Şuşa qalasında bitir”. Dedik, bizim kəndin arxası Şuşa qəzası olduğu üçün bizdə də yetişir. O çiçəyə həsr olunmuş şeir də yazdı rəhmətlik...

Çox gəzmişəm sorağında,

Doğma vətən torpağında.

Gülablının yaylağında

Tapdım səni, xarı bülbül.

Bizə bahardan hədiyyə,

Mən səni gec tapdım niyə!

Xarı bülbül deyə-deyə,

Ömrüm oldu yarı, bülbül.

Bu Gülablı qızlarının

Fəxri, iftixarı, bülbül!..

Mirvarid Dilbazi Ağdamın, Gülablının vurğunu idi. Heç unutmuruq, 1992-ci ildə - o qanlı savaşların getdiyi dönəmdə xalq şairəsi "Gülablıya məktub” şeirini yazdı...

Sizi unutmadım!

Bilir Yaradan

Çıxarmı yadımdan

O cənnət bağı,

Gülablı yaylağı,

Abdal bulağı.

O başı dumanlı

Koroğlu dağı.

Ömrümün tez keçən o illərini,

Qarabağın dilbər gözəllərini -

Sizi and olsun ki, unutmamışam,

İndi neyləyim ki, bir qarlı qışam.

Ürək - o ürəkdir,

Bəs qanad hanı?

O dağlar vurğunu, könlü şad hanı?

Uçub, bir də görəm o gülüstanı

Gəzib o yerləri hey... qədəm-qədəm

Müqəddəs torpağı ziyarət edəm.

Necədir bir zaman gördüyüm yerlər,

Bu vurğun könlümü verdiyim yerlər,

O qarlı zirvələr, dərin dərələr,

Dumanı yeddi rəng o mənzərələr?

Mənim salamımı,

Xeyir-duamı,

Çatdır vətən adlı qəhrəmanlara

Düşmən bağrı yaran o cavanlara.

Atalar yurdunu oğullar saxlar,

Kişisiz vətəni düşmən ayaqlar.

Son kitabının müqəddiməsinə "Gözəlliyinə heyran olduğum, şəninə silsilə şeirlər həsr etdiyim Qarabağ torpağı, meşələrinin nəğməsini dinlədiyim, dağlarının havasını udduğum, buz bulaqlarının suyunu içib, qoynunda dincəldiyim Abdal Gülablı cənnəti üzərinə yağdırılan raket, top mərmilərinin ağrısı mənim ürəyimdən keçir” yazan müqtədir söz sənətkarımız Mirvarid Dilbazinin əziz xatirəsi bizlərin, ağdamlıların qəlbində əbədi yaşayacaq.

Bir dəfə də Lətif Kərimov Gülablıya gəlmişdi. Qeyri-adi kişi idi. Məndən soruşdu ki, qızım, adının mənasını bilirsən? Dedim, hə, al zəhər. Qayıtdı ki, yox, yanılırsan. Yadında saxla - italyan dilində "almara” sözü sevgi bolluğu deməkdir”.


"Seyid Lazım ağa dedi, o adam sənin bəxtindir”


Adının mənasından fərqli olaraq, həyatı sevgi bolluğu içərisində keçmir Almara xanımın. Cəmi 3 il sevib-sevilir...

...Aralarında o qədər də yaş fərqi yox idi. Orta məktəbdə Almaranın böyük bacısı ilə bir sinifdə oxusa da, tez-tez rastlaşmırdılar. Tale onları bir yaz günündə rəfiqəsi Gülbənizin evində üz-üzə gətirir. Elə həmin gün də bir-birlərinin qisməti olduqlarını anlayırlar. Ailələri də danışıb razılığa gəlirlər: "Təzə-təzə mən bir az tərəddüd edirdim. Fikirləşirdim bəlkə doğru seçim etməmişəm. Ona görə də bütün Qarabağda hörməti olan seyid Lazım ağanın yanına məsləhətə getdim. O, məqsədimi mən ağzımı açmamış üz-gözümdən bildi və gülümsünüb dedi: "Bilirəm niyə gəlmisən. O adam sənin bəxtindir, qızım. Bunu sənə yazan yazıb.Yazıya pozu yoxdur”. Bununla da hər şey həll olundu. 1987-ci il aprelin 29-da ailə qurduq. Toyumuzun xanəndəsi Vahid Abdullayev idi...

Ailə qurandan sonra Bakıda yaşamağa başladıq. 1988-ci ildə isə oğlumuz dünyaya gəldi. Hamı çox sevinirdi. Amma qayınanam sevinsə də, gözlərindən yaş axıdırdı. Özümü saxlaya bilməyib niyə ağladığını soruşdum. Dedi "A qızım, sevinirəm ona görə ki, oğul nəvəm dünyaya gəlib. Qorxuram ona görə ki, Yanvar oğluna dayısı Həsənin adını vermək istəyir. O Həsənin taleyi yaxşı gətirməyib, uşaq vaxtı yetim qalıb. Deyirəm, görəsən bu adın düşər-düşməzi olmaz ki... Hər halda Allah özü bizi xata-bəlalardan saxlasın”... Bu dünyanın qanunudur - gələn gedir. Heç kəs dünyanı tutub dura bilməz. Həyatda təsadüflər də olur, oxşar hadisələr də. Lakin qayınanamın dediyi o sözləri hələ də unuda bilmirəm. Bilmirəm həyatın hər üzünü görən bir qadın uzaqgörənliyi idi, yoxsa həssas qəlbli bir ananın hissləri deyirdi bu sözləri. Amma nə biləydim, bu Həsən də o Həsənin taleyini yaşayacaq, ata həsrəti çəkəcək. Yəqin Allahın yazısı beləymiş”.


"Adamlarla dolu avtobusda güllə bircə ona tuş gəlmişdi”


Almara xanım deyir ki, anasının qəfil ölümündən sonra həyat gözündə onsuz da adiləşmişdi. Amma həyat yoldaşının gedişilə həyat gözündə yenidən söndü... Həyatdan ikinci ağır zərbəni məhz o gün - 1990-cı il yanvarın 20-də aldı: "Axşam saat doqquz olardı. Yanvar bizi evdə qoyub getdi. Mən də uşağı yatırtmağa apardım. Uşaqla bərabər özüm də yuxuya getmişəm. Bir də onda ayıldım ki, sanki zəlzələdir. Küçəni qışqırıq, hay-küy, güllə səsləri başına götürmüşdü. Vahimə ilə yerimdən qalxdım, gördüm Yanvar hələ gəlməyib. Özümü küçəyə atdım. Göydən güllələr ulduz kimi uçub, yerə tökülürdü... İzdihamın içində hamıdan onu xəbər alsam da, Yanvarı gördüm deyən olmadı. Şübhələr ürəyimi didib parçalayırdı. Ağlıma qara fikirlər gəlirdi... Səhər qardaşı evə gəlib, bir xəbər öyrənə bilmədiyini dedi. Həmin an məni bir dəli ağlamaq tutdu. Elə bu an Həsən dünyaya gələndən sonra yığıncaqda qayınanamın adla bağlı dediyi sözlər yadıma düşdü. Ola bilməz deyib, pis fikirləri özümdən uzaqlaşdırmağa çalışdım. Lakin atalar gözəl deyib: "Sən saydığını say...” Qohumlar bütün xəstəxanaları gəzib, yenə Yanvarı tapmadılar.

Sonradan hər şey məlum oldu. Həmin gün baş vermiş hadisələrin şahidi sürücü Vəli danışdı ki, axşam Yanvar yola çıxanda görüb adamlarla dolu avtobus Azadlıq meydanına gedir. Bu zaman avtobusu saxlatdırıb, arxa qapıdan birtəhər içəri keçib. Sanki əcəl onu ölümə sürükləyirdi. Maraqlısı budur ki, o qədər insan içində güllə bircə ona tuş gəlib. Bəxtə, taleyə bax! Yanvar ayında dünyaya gələn Yanvar elə həmin ay da bu dünyadan köçüb getdi... O günlərdə yaşadığım hissləri sözlərlə ifadə eləmək çətindir... Yoxluğuna inana bilmirdim heç cür. Gözlərim yollara baxmaqdan yorulurdu... Ah-naləm göyə ucalsa da, səbr etdim. Birtəhər bu ölümü qəbul etdim və dərddən ölmədim, yaşadım... Çünki qucağımda iki yaşı tamam olmamış körpə vardı. Onun üçün yaşamalıydım. Ona həm analıq, həm də atalıq etməliydim. Onu böyütməliydim. Amma işsiz və təhsilsiz bir qadın üstəlik, ölkənin də ağır vəziyyətində bunu necə edəcəkdi? Bilmirdim nə edim, kimə deyim dərdimi, vəziyyətdən necə çıxış yolu tapım. Bu fikirlərlə axşamı səhərə, səhəri axşama vurub yollar axtarırdım. Və bir gün bu yolu Allah mənə açdı”.


"İllər sonra o uşaqlıq arzumu həyata keçirdim”


Bir gün gözləmədiyi zamanda qapı döyülür. Qənşərdə tanımadığı dörd nəfər vardı. Özlərini təqdim edərək, Bakı Dövlət Universitetindən gəldiklərini dedilər. Şəhid xanımı kimi nəyə ehtiyacı olduğunu soruşdular, vəziyyətlə maraqlandılar. Həmin gün onun taleyində dönüş yarandı: "Ürəyimdəkiləri danışdım tanımadığım o insanlara. Həmin günlər hamı üçün çətin idi. Və həmin günlərdə qapımı bizlə maraqlanan insanlar döymüşdü. Bu, həm xalqımızın müdrikliyini, həm də Bakı Dövlət Universitetinin böyük kollektivinin qayğıkeşliyini göstərirdi. Özüm də inana bilmirdim onlara. Həmin gün həyatımın axarı dəyişdi. Məni universitetə işə götürdülər”.

Almara Nəbiyeva 1990-cı ildə BDU-nun fizikia fakültəsinin ümumfizika kafedrasında baş laborant preparatoru kimi işə başlayır. Elə işləyə-işləyə də imtahanlara hazırlaşır. Məktəb illərində arzusunda olduğu ixtisası seçmək qərarına gəlir: "Uşaq vaxtından Azərbaycan dili-ədəbiyyatı fənnini çox sevirdim. O sevgini Şiraslan müəllim aşılamışdı. Bizim evdən məktəbə bir kilometr yol idi. Hər dəfə yolda müəllimlə rastlaşanda çantamı götürüb aparırdı. Onun diqqəti sayəsində bu fənni sevmişdim. Mən də dil-ədəbiyyat müəllimi olmağı arzulayırdım. Amma o vaxt arzularım yarımçıq qaldı. İllər sonra mən o uşaqlıq arzumu həyata keçirdim. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Qiyabi oxuyurdum, işləyirdim, oğlum da bağçaya gedirdi”.


"20 nəfər ikiotaqlı mənzildə qalırdıq...”


1992-1993-cü illərdə isə Almara Nəbiyeva həyatının üçüncü ağır zərbəsini aldı. Doğulub boya-başa çatdığı Gülablı kəndi 1992-ci ilin sentyabrında, bütünlükdə Ağdam isə 1993-cü ilin iyulunda erməni qəsbkarları tərəfindən işğal olunur. Ailəsi, qohum-əqrəbaları doğma yurd-yuvalarından didərgin düşür. Bakıda qalmağa yerləri olmayan qohumlarının hamısı Almara xanımın evində məskunlaşır: "Nənəm Mehparə 1918-ci ildə cavan gəlin idi. O dövr ermənilərin vəhşiliklərinin şahidi olmuşdu, qaçhaqaçı görmüşdü. Ona görə də Qarabağ müharibəsi başlayanda qorxusundan gecələr yata bilmirdi. Nənəm, atam, analığım, bacım... Təxminən 20 nəfər ikiotaqlı mənzildə bir neçə il yaşadıq. Məşəqqətli dövr idi. Bütün ölkədə qanlı-qadalı illər idi. Hamı çətinlik çəkirdi. Uşaqları yaşadığımız əraziyə yaxın olan bağça və məktəblərə yerləşdirdik. Çətinliklə də olsa, qohumlar işlə təmin olundular. Onda hamımız yerdən yataq salıb yatırdıq. Dayımın kiçik qızı rayonda qalmışdı. Oğlum deyirdi, ana onlar da gəlsin bizə. Soruşurdum bəs harda yatacaqlar, yer yoxdu axı. Deyirdi, onlar da stolun altında yatarlar. Bir sözlə, mən Bakıya təyyarə ilə gəldimsə, doğmalarım qatarla gözü yaşlı, məcbur qaçdılar”.

Almara xanım 1995-1997-ci illərdə Folklor kafedrasında laborant, 1997-2012-ci illərdə baş laborant vəzifəsində çalışır. 1999-cu ildən həmin kafedrada müəllim işləyir. Eyni zamanda elmi işlə məşğul olur. 2012-ci ildən universitetin "Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisidir. Elə həmin il folklorşünaslıq ixtisası üzrə "Müasir dövr aşıq yaradıcılığı (Qarabağ aşıq mühiti materialları əsasında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. 30-dan çox elmi və publisistik məqalənin müəllifidir. Hazırda isə doktorluq üzərində çalışır. Bir sözlə, gəncliyi, həyatı mücadilələrlə, mübarizələrlə, çətinliklərlə keçib. Amma heç kəsə ağız açmayıb, 20 Yanvar şəhidinin xanımı olduğunu əlində bayraq etməyib: "Sağ olsun bacı-qardaşlarım. Həyatımın ən çətin dönəmlərində mənə kömək etdilər, əl tutdular. Çox çətinliklərim olub. Amma özümə sığışdırmamışam kiməsə zəng vurub deyim ki, nəyəsə ehtiyacım var. Yaxud şəhid xanımı olmağımdam istifadə etməmişəm. İnsan gərək özünə hörmət etsin ilk növbədə. Kiminsə qapısını döymək, ağız açmaq təbiətimdə yoxdu. Mən heç oğlumun da yanında ağlamamışam. Ac-susuz olduğumu balama göstərməmişəm. O, atasının şəhid olduğunu da bilmirdi. Demişdik atan müharibədədir. 4-cü sinifdə dərslikdə atası haqda məlumat vardı. Həmin dərs keçirilən gün oğlumu məktəbə göndərmədim. Dedim, birdən dərs keçiriləndə özünü pis hiss edər. Elə həmin gün qarşıma qoyub danışdım, izah etdim. Hər uşaq atasının yanında olmasını istəyər, əlbəttə. Amma gücüm çatan qədər qoymamışam sıxıntı çəksin, başqa uşaqlardan geri qalsın. Çox şükür, oğlumu böyütdüm, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirdi. Artıq ailə də qurub. Beləcə, həyat dayanmır, öz axarı ilə gedir. Sadəcə, gedənlər geri gəlmir... Bir də həyatda insana yalnız elədiyi yaxşılıqlar qalır, başqa heç nə”.


"Ötən günlərimi qaytaraydılar...”


İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir ümdə arzusu olur. Almara Nəbiyeva da illərdir qəlbində bir arzu ilə yaşayır - Ağdama, Gülablıya heç olmasa bircə dəfə yenidən ayaq basmaq: "Kəndimizi tez-tez yuxuda görürəm. Həyətimizi, bağ-bağatımızı, kəndin ortasından axan çayı... Gah görürəm o çayda üzürəm, gah hansısa dağa çıxıram... Hər dəfə ötən günləri yada salanda xatirələr adamı doğma yerlərə çəkib aparır. Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın. Doğulub boya-başa çatdığı kəndin şirin xəyallarının qanadlarında dolanmasın. İllər ötür, bu xatirələr də səninlə yaşayır, o yerlərin insanları, dağı-daşı, bağı-bağatı ömürlük yaddaşına köçür. Hələ də kəndimizin həsrətini çəkə-çəkə, yollara baxa-baxa gözləri yolda qalmışam. Hər bahar fəsli gələndə qəlbimdə o yerlərin gözəl təbiətini, buz kimi bulaqlarını, təmiz havasını, çiçəklərinin ətrini, quşların cəh-cəhini bütün varlığımla duymaq həsrəti baş qaldırır. Ürəyimdən keçir ki, bir kəndə getsəydim, barlı-bağatlı torpağıma ayağım dəysəydi, yeri-yurdu dolanıb gəzsəydim... İllərdir, bu böyük xoşbəxtlik əlimdən çıxıb. Amma hələ ümidimi üzməmişəm. İnanıram ki, üzümə az gülən taleyim heç olmasa bu dəfə mənə xoş baxacaq”...

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM