29 Sentyabr 2019 00:46
1034
Elm və texnika
A- A+

Qədim türbə üzərindəki Təzəpir


XIX əsrin sonlarında müsəlmanlar Bakı quberniyasına müraciət edərək İçərişəhər qala divarlarının yanında, indiki Sabir bağının yerində məscid tikilməsinə icazə verilməsini xahiş edirlər. Lakin məscidin orada deyil, o vaxt şəhərin kənarı sayılan Yuxarı Dağlı məhəlləsində tikilməsi ilə bağlı qərar verilir. İcazə alandan sonra isə qalır vəsait tapmaq məsələsi. Bu işi dövrün ziyalı, vətənpərvər xeyriyyəçi xanımı Nabat Aşurbəyli öz öhdəsinə götürür... Xeyli çətinliklərlə üzləşdiklərinə görə tikintisi 9 il uzanan bu məscid indi bütün Şərqdə əsrarəngizliyi ilə göz oxşayan, Qafqazın dini mərkəzi hesab olunan Təzəpir məscididir...


Təzəpirin çoxəsrlik tarixi


Bir əsrdən çox yaşı olan bu əzəmətli tikilinin maraqlı tarixi var. Bura əvvəllər ziyarətgah olub. Ziyarətgahın tarixinin XIV-XV əsrlərə gedib çıxdığı deyilir. Tədqiqatlara görə, məscidin dərin süxur qatları altında mövcud olan türbə zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Ziyarətgahın yerləşdiyi məkan ötən əsrin ortalarına qədər "Xəlfədam” adı ilə tanınırdı. Hazırda isə bu yer Təzəpir məscidinin yerləşdiyi ərazidir.

Zaman keçdikcə Əbu Seyid Abdullanın türbəsi dağıntılara məruz qalıb. Lakin pirin kəramətinə böyük etiqad göstərən insanlar onun tamamilə dağılmasına imkan verməyiblər. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Elə ona görə də ziyarətgah bir neçə dəfə Bakı əsilzadələri tərəfindən məscid kimi təmir olunub. 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy məscidi əsaslı bərpa etdirib.

İbadətgahın əsl tikintisi isə XX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, varlı möminlərdən sayılan Nabat Xocabəy qızı Aşurbəyli-Rzayevanın fədakarlığı və xeyirxahlığı sayəsində 1905-ci ildə məscidin ilk bünövrə daşı qoyulur. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu tikili Təzəpir məscidi adlanmağa başlayır. Deyilənlərə görə, Seyid Yəhya Bakuvinin nəslindən olan bu qadın ikimərtəbəli məscid tikdirməyi əhd edibmiş. O, əhdinə sadiq qalaraq həyat yoldaşı və atasından aldığı miras hesabına, sonuncu zinət əşyasına qədər satıb, birmərtəbəli məscid binasının yerində yeni ibadətgah tikdirir. Nabat xanım məscidin layihəsini hazırlamağı Azərbaycanın ilk təhsilli memarı olan Zivər bəy Əhmədbəyova həvalə edir. Hətta Zivər bəyi öz vəsaiti ilə Şərq ölkələrində yerləşən ən gözəl məscid komplekslərini ziyarət etməyə göndərir ki, onların tikiliş tərzlərini canlı şəkildə görsün və gəlib Azərbaycanda onlardan daha da möhtəşəm bir işə imza atsın. Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimərtəbəli minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim edir. Bu layihəyə əsasən, məscid hündürlüyünə və əzəmətinə görə Yaxın Şərqin ən möhtəşəm dini abidələrindən biri olmalı idi. O, şəhərin hər yerindən görünməli və Günəşin şüaları altında parlamalı idi. Lakin Bakı quberniyasının Dini İşlər İdarəsindən Zivər bəyə ciddi xəbərdarlıq edilir ki, Təzəpir məscidi yaxınlıqda yerləşən və xalq arasında "Qızıllı kilsə” adlanan Aleksandr Nevski pravoslav kilsəsindən hündür olmamalıdır. İdarə pravoslav ruhanilərinin fitvası ilə minarənin yalnız bir mərtəbəsinin tikilməsinə icazə verdiyi üçün Zivər bəy hazırladığı layihədə bəzi dəyişikliklər etmək məcburiyyətində qalır. Deyilənə görə, əgər məscidin minarəsi ikimərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə kilsəni kölgədə qoyardı. Lakin qısa minarə ilə tikilməsinə baxmayaraq, Təzəpir məscidi Bakıda ən iri və möhtəşəm məscid olmaqla yanaşı, həm də şəhərə yaraşıq verən gözəl memarlıq abidəs oldu.

Məscidin özülünə birinci daşın qoyulması üçün Nabat xanım öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət etmişdi. 9 ildən sonra məscidin baş günbəzinə sonuncu daşı da elə Hacı qoyur. Lakin bunu görmək Nabat xanıma qismət olmur. Çünki o, tikinti başa çatmazdan iki il əvvəl, 1912-ci ildə - 117 yaşında ikən vəfat edir və elə məscidin həyətində dəfn olunur. Onun ölümündən 2 il sonra, 1914-cü ildə yarımçıq qalmış işini oğlu Hacı Abbasqulu Rzayev başa çatdırır. Nabat xanımın məzarı bu gün də Təzəpir məscidinin girişindədir. Onun qəbirdaşı üzərində təmir işi aparılıb və buradakı yazılar qızıl suyu ilə yazılıb.


"Qızıla bürünmüş” Təzəpir


Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə məsciddə aparılan əsaslı təmir-bərpa işlərindən sonra isə abidə daha da gözəlləşərək əsl memarlıq incisinə çevrilib. 2009-cu ildə istifadəyə verilən Təzəpir məscid kompleksinə mərasim zalı, Bakı İslam Universitetinin tədris korpusu, kitabxana, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası daxildir.

Əsaslı təmirdən sonra məscidin ən cəlbedici yeniliyi onun interyeridir. Burada ümumi sahəsi 1400 kvadratmetr olan divarlarda və günbəz altında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentinin nadir nümunələrindən istifadə olunub. Mehrab kaşı və mərmərdən yığılıb, günbəzin pəncərə konstruksiyaları təzələnərək şəbəkəli taxta pəncərələrlə əvəzlənib. Günbəzə ağırlıq gətirən iki tonluq çilçıraq əvəzinə müasir texnologiyalı işıqlandırma sistemləri quraşdırılıb.

Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Günbəzin üstü isə Qızılqaya daşı ilə üzlənib, burada dekorativ elementlərlə bərabər, yuxarı hissədə "La İlahə İlləllah” kəlməsi 6 dəfə təkrar olunub. Dekorativ oyma detallarının və yazılı kəlmələrin üzəri yüksək əyarlı qızıl təbəqə ilə örtülüb. Günbəzin üstü isə hündürlüyü 1,6 metr olan daş sancaqla tamamlanıb.

Ən müasir avadanlıqla təchiz edilmiş məscidin müasir tələblərə cavab verən kitabxanasında qədim və qiymətli kitablardan ibarət bir xəzinə yerləşir. Kitabxana Qurani-Kərimin qədim əlyazmaları, elmi-dini, astronomiya, tarix, coğrafiya sahələrini əhatə edən kitablar ilə zəngindir. Burada əsasən XVII əsrin sonu-XVIII əsrin əvvəllərinə dair çox qiymətli əlyazmalar saxlanılır. Ən qədim kitabın 500 yaşı var və Şah İsmayıl Xətainin dövründə tərtib olunub. Üzlüyü dana dərisindən olan kitablar dövrünün xəttatları tərəfindən nəfis xətlə işlənib. Hər xəttatın kitaba vurduğu möhür sayəsində onun kim tərəfindən və nə vaxt yazıldığını müəyyən etmək mümkündür. Mərkəzdə dünyanın heç bir kitabxanasında mövcud olmayan və ya cəmi iki-üç nüsxəsindən biri olan kitablar da var.

Kitabxana fondunda daşbasma, qurğuşuntökmə üsulu ilə çap olunmuş və əlyazma şəklində olan 7300 qədim kitab mühafizə olunur. Daşbasma üsulu ilə çap olunan kitabların yaşı 150-200 ildir. Hazırda mərkəzdə Azərbaycan, türk, ərəb, fars, ingilis və başqa dillərdə çap olunmuş 10 min nüsxə kitab saxlanılır.

Bir sözlə, Təzəpir məscid kompleksi tək Azərbaycanın yox, bütün Şərqin əsrarəngiz memarlıq incisinə və Qafqazın dini mərkəzinə çevrilib.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video