28 Sentyabr 2019 18:32
956
Elm və texnika
A- A+

Azərbaycan mədəniyyətində və incəsənətində iz qoymuş qadın şəxsiyyətlərimiz



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, qədim abidələri, görkəmli elm və incəsənət xadimləri haqqında məqalə yaradılması prosesi davam edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, "Vikipediya”da Azərbaycan SSR Xalq Artisti Fatma Muxtarova, ilk azərbaycanlı heykəltəraş qadın Zivər Məmmədova, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, Əməkdar incəsənət xadimi İzzət Seyidova və peşəkar xalça ustası, "Əmək veteranı” medalı laureatı Zibeydə Şeydayeva haqqında məqalələr əsaslı redaktə olunub.

Məqalələrdə Azərbaycan mədəniyyətində, incəsənətində iz qoymuş qadın şəxsiyyətlərimizin həyatı, fəaliyyəti, yaradıcılığı və mükafatları haqqında məlumat verilib.

Qeyd edilib ki, Şərqin ilk heykəltəraş qadını Zivər Məmmədova yaradıcılığında görkəmli şəxslərin fərdi obrazlarını ardıcıl surətdə tədqiq edib. O, 1950-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin gipsdən heykəlini hazırlayıb. Bu abidə bəstəkarın naturadan çəkilmiş yeganə portreti kimi tarixə düşüb. Zivər xanım görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovun anasıdır.

Ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirən Zibeydə Şeydayevanın toxuduğu incə və nazik xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilən ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilib. Ən qocaman əmək veteranı Zibeydə Mikayıl qızı Şeydayeva 1981-ci ildə 121 yaşında vəfat edib.

1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülən İzzət Seyidovanın əsərləri bu gün də Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi və digər muzeylərdə sərgilənir. Onun Əyyub Fətəliyevlə birgə çalışdığı Üzeyir Hacıbəylinin "Koroğlu” operasının dizaynı 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və mədəniyyəti günlərində nümayiş olunub və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tembrinə görə qüvvətli metso-soprano səsin sahibi Fatma Muxtarova çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Görkəmli sənətkar Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı” ordenləri ilə təltif edilib, Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb.

"Vikipediya”da bu istiqamətdə məqalələrin yaradılması və redaktə olunması davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video