27 Sentyabr 2019 00:42
1852
SİYASƏT
A- A+

Əhalinin məşğulluq probleminin həlli daim gündəmdədir


Bu ilin əvvəlindən işlə təmin olunanların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur


Əhalinin məşğulluq probleminin həlli Azərbaycan dövlətinin daim gündəmdə saxladığı əsas vəzifələrdəndir. Çoxsaylı yeni müəssisələrin yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının vüsət alması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və digər mühüm tədbirlər bu məqsədə xidmət edir.

2003-2018-ci illərdə ölkədə işsizlik səviyyəsinin 49 faizdən 5,4 faizə enməsi həyata keçirilən həmin ardıcıl tədbirlərin nəticəsində mümkün olub. Prezident İlham Əliyev yeni iş yerlərinin yaradılmasının ölkədə daimi proses olduğunu dəfələrlə vurğulayıb. İş yerlərinin açılmasında dinamikanın müsbət olmasına baxmayaraq, dövlət başçısı bağlanan iş yerlərinin təhlilinin aparılmasına, səbəblərin araşdırılmasına və iş yerlərini itirən vətəndaşların məşğulluğunun həllinə aid göstərişlər verib. İnsanların işlə təmin olunmasına belə böyük qayğının və həssas münasibətin nəticəsidir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 yanvar 2019-cu il tarixinədək ölkədə 960,1 min iş yeri yaradılıb. Onların 657,8 mini daimidir. Keçən il isə Azərbaycanda 127,4 min daimi iş yeri açılıb. Onların ümumi sayı isə 238,9 min olub.

Bu ilin birinci yarısında ölkədə açılan yeni iş yerlərinin sayı 92 min təşkil edib. Onların 28,9 faizi qeyri-dövlət sektorundadır.

Keçən ilki iş yerlərinin 26 faizi Bakı şəhərinin, 1,2 faizi Naxçıvan MR-in, 72,8 faizi regionların payına düşüb. Bu ilin 6 ayında isə yeni iş yerlərinin 63,6 faizi paytaxtda, 0,4 faizi Naxçıvan MR-də, 36 faizi regionlarda açılıb.

Ümumiyyətlə, son 15 ildə 2 milyon yeni iş yerinin yaradılması dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir. Məşğulluğun yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: "İş yerlərinin yaradılması üçün sərmayə qoyuluşu əsas vəzifədir. Dövlət tərəfindən yaradılan iş yerləri, sadəcə olaraq sosial xarakter alır. Biz bunu edirik və edəcəyik. Ancaq bu missiyanı özəl sektor sərmayə qoyuluşu hesabına öz üzərinə götürməlidir. Sərmayə qoyuluşu olmasa, iş yerləri necə yaradıla bilər?! Dövlət daim iş yerlərini yarada bilməz. Biz, sadəcə olaraq işsizliyin azaldılması üçün bu işləri görürük. Bildirməliyəm ki, bu il 40 min ödənişli ictimai iş yeri açılır. Mənə verilən məlumata görə, artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib. Bu, yenə də deyirəm, sosial təşəbbüsdür, sosial dəstəkdir”.

Başqa sözlə, Azərbaycanda işsizliyin azaldılması və minimal həddə saxlanması istiqamətində tədbirlər davam etdirilir. 2019-cu ilin əvvəlindən indiyədək məşğulluq xidməti orqanlarında işsiz və işaxtaran kimi 198 286 şəxs qeydiyyatdan keçib ki, onlardan 63 338 nəfəri işsiz şəxslərdir. İşlə təmin olunanların sayı 60 475 nəfər olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6 faiz çoxdur.

İnsanların işlə təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də özünüməşğulluğun inkişaf etdirilməsidir. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.

Dövlət həmişə çətin vəziyyətdə yaşayan vətəndaşlara qayğı və diqqət göstərir. Lakin dövlət həm də ehtiyaclarını ödəmək üçün hər bir ailənin özünün imkanlarının yaranmasına çalışır. Özünüməşğulluq da məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir. Dövlət orqanları, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Təqdirəlayiq haldır ki, bu sahədə uğurlu addımlar atılıb.

Qeyri neft-qaz sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün xüsusilə geniş imkanlar var. Aqrar sahənin qarşısında bütün istiqamətlərdə yeni üfüqlər açılıb. Həqiqətən də kənd yerlərində çox insanlar ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması bu insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır.

Bu il iyulun 1-də Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə də bu barədə ətraflı söhbət gedib. Dövlət başçısı bildirib ki, özünüməşğulluğa tələbat da artır, proqramla əhatə olunan insanların sayı da.

Ötən il bu proqramla 6 min ailə əhatə olunmuşdu. Onlar mikro və kiçik biznesə başlamaq üçün aktivlərlə təmin edilmişdilər. Prezidentin göstərişinə əsasən bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişikliklər edildi. Əlavə vəsaitin cəlb olunması nəticəsində cari ildə 10 min ailənin özünüməşğulluq proqramı ilə əhatə edilməsi planlaşdırılır.

Hadisələrin gedişi göstərir ki, əhalinin bu proqrama böyük marağı və rəğbəti var. Səbəb isə onların bu mexanizmdən ciddi şəkildə bəhrələnməsidir.

Bu ilin birinci yarısında 45 minə qədər müraciət daxil olub. Bunlar nəzərə alınaraq ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyanı təmsil edən digər insanlara üstünlük verilir. Bu il artıq 4 min nəfər təlimlərdən keçib, 1100 nəfər aktivlər əldə edib.

Layihəyə BMT-nin İnkişaf Proqramı da cəlb olunub. 1000-ə yaxın ailə bu proqramdan dəstək alacaq. Sözügedən iclasda Prezident İlham Əliyev demişdir: "Biz bu məsələləri beynəlxalq maliyyə qurumları ilə də müzakirə etmişik. Dünya Bankı ilə bu ilin əvvəlində müzakirələr aparılıb və biz onları bu proqrama dəvət etdik. Dünya Bankının bu proqramda iştirakı təbii ki, bizə əlavə maliyyə resursları verəcək”.

Özünüməşğulluq perspektivli proqramdır. Bu proqram insanların özlərinin dolanışığını yaxşılaşdırmağa, bəzi vətəndaşları ələbaxımlıq vərdişindən çəkindirməyə kömək edəcək. Eyni zamanda iqtisadi inkişafa təkan verəcək, xüsusilə regionlarda məşğulluq probleminin həllini sürətləndirəcək. Məşğulluğun uğurlu həlli isə ölkə iqtisadiyyatının inkişafının mühüm amillərindən, sosial həyatın göstəricilərindən biridir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video