27 Sentyabr 2019 00:26
740
Mədəniyyət
A- A+

Görkəmli ədəbiyyat xadimlərinin Cəfər Cabbarlı irsi haqqında fikirləri


"C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatı tarixində ən nadir simalardan biridir. O, öz yaradıcılıq xəzinəsinin zənginliyi etibarilə M.F.Axundovdan və C.Məmmədquluzadə - Molla Nəsrəddindən sonra XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simasıdır. C.Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirir. O, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir”.

***

"Cəfər Cabbarlının adı çəkiləndə sadəcə dillər deyil, canlı ürəklər danışır... Nə üçün? Çünki o, ürəkləri fəth edən bir sənətkardır... O, həyat və mübarizə nəğməkarı idi. O, yalnız qəhrəmanları - öz zəhməti, işi və hünəri ilə tarixi dəyişən, qabaqcıl və inqilabi əməllərlə yaşayıb yaradan qəhrəmanları sevərdi, onları tərənnüm edərdi. O, özü də böyük bir qəhrəman idi”.

Səməd VURĞUN

***

"Cabbarlının dili bugünkü Azərbaycan-türk ədəbi dilinin başlıca nümunələrindən biridir. Səhnə dilimizi Cabbarlı əbədiləşdirmiş və azərbaycanlaşdırmışdır”.

Əli NAZİM

***

"Cəfərin əsərləri yalnız istirahət etmək, "ruhi qida” vermək ilə kifayətlənməyərək, oxucu və tamaşaçısını öyrətmək, onu tamamilə dəyişmək iqtidarına malik idi. Cəfərdə tarixdə az-az insana məxsus olan bir sənət qüdrəti var idi. O, oxucusunu, tamaşaçısını yalnız bir an üçün deyil, həmişəlik öz təsiri altına alırdı”.

Məmməd Kazım ƏLƏKBƏRLİ

***

"1905-ci ildə” Cabbarlı yaradıcılığının demək olar ki, ən yüksək zirvəsidir. Bu əsərin yalnız Cabbarlı bədii yaradıcılığında deyil, həm də bütün Azərbaycan ədəbiyyatında böyük məharətlə yaradılmış ən ciddi pyes olduğunu iddia etmək mümkündür.

...Kim iddia edə bilər ki, bu vaxta qədər bizim ədəbiyyatımızda "1905-ci ildə” dramında olduğu kimi bəzən şeir dərəcəsinə yüksələn, tamaşaçısını sevməyə, ürəkdolusu çırpınmağa məcbur edə biləcək təzə bir lirika var idi?”

***

"Cabbarlının yaradıcılığında bütün xalqın həyatı öz əksini tapır. O, xalqın keçmişini, bugününü, gələcəyini, məhz dövrünün fikir zirvəsində dayanaraq təsvir edən bir sənətkardır... Əgər Cabbarlının yaratdığı bədii lövhələrin mənasına və mahiyyətinə daha dərindən yanaşılarsa, onun həqiqi mənada milli bir dramaturq olduğu anlaşılır”.

Mehdi HÜSEYN

***

"30-cu illər Cabbarlı realizminin ən yüksək kamilliyə ucaldığı dövrdür... "Sevil”in, "Almaz”ın, "Yaşar”ın səhnə uğuru qeyri-adi idi. Cabbarlı real həyat faktına çevrilən bədii əsər yazırdı. Gerçəkliyi əks etdirən yox, dəyişən, yenidən yaradan sənət möcüzəsi göstərirdi. Səhnədəki hadisə həyatda təkrar və təqlid üçün modelə çevrilirdi... tamaşaçılar "Sevil”ə çadralı gəlib "Sevil”dən çadrasız qayıtdılar. Onun mövzuları, problemləri, qəhrəmanları tək səhnədə yox, həyatda məskən saldılar. Hətta bu qəhrəmanların adı - Sevil, Almaz, Gülüş, Gündüz, Yaşar səhnədən keçib həyata daxil oldu”.

***

"Cəfər Cabbarlının əsərləri o təzadlı, mürəkkəb dövrün dramatizmini, qəhrəmanlıq ruhunu, tarixi mübarizə və quruculuq pafosunu bizə olduğu kimi, hər cür ehkamdan, təhrifdən, ədəbi xəyanətdən və konyukturadan qoruyaraq çatdırmışdır”.

Yaşar QARAYEV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video