27 Sentyabr 2019 00:25
733
Mədəniyyət
A- A+

Əsrin yaşıdı


İsrail kişi cəldliyini, çevikliyini hələ də itirməyib. Əsrin yaşıdı olsa da, işdən-gücdən ayrılmayıb. Özü demişkən, onu gümrah saxlayan halal zəhmətə meyilli olmasıdır. Altı övlad böyüdüb, hamısının əlini çörəyə çatdırıb. Üç oğlu, üç qızı var. Xoşbəxt bir nəslin ağsaqqalıdır. Onun dəyərli məsləhətlərinə, tövsiyələrinə həmişə ehtiyac duyulur. Göyçayın Ərəbşahverdi kəndində İsrail kişi böyük nüfuz, hörmət sahibidir. Çox adama əl tutub. Gücü çatan köməyi əsirgəməyib. Ona görə də bu mahalda İsrail kişiyə ağsaqqal kimi böyük dəyər verirlər, məsləhətlərindən faydalanırlar. Özü demişkən, övlad böyütmək, onları ürəyincə tərbiyə etmək o qədər də asan deyil. Gərək öz davranışına, əməllərinə nəzarət etməyi bacarasan ki, başqalarından da nəsə tələb edəsən. Fəxr edirəm ki, 20 nəvənin, 30 nəticənin babasıyam, hələ 3 kötücəm də var. Onların xoş sorağını eşidəndə o qədər qürurlu oluram ki…

İsrail kişi deyir ki, adam gərək halallığı hər şeydən uca tutsun. Uzun illər kolxozda çalışmışam, yer şumlamışam, əkin əkmişəm... Övladlarımı zəhmətlə böyütmüşəm. Əllərimin qabarı bu gün də halallığın zəmanətidir. Ona görə də el-oba arasında üzüm ağ, sözüm kəsərlidir.

İsrail İsmayıl oğlu Yaqubov öz keçmişindən danışanda zərrə qədər də sıxıntı keçirmir. Ötən günlərini ömrünün mənalı çağları kimi dəyərləndirir. Geriyə baxanda xoş günlərini xatırlayır. Deyir ki, bu yaşımda o qədər hadisələrə, maraqlı günlərə şahidlik etmişəm ki... Nəyə gücüm çatıbsa, heç nəyi el-obadan, övladlarımdan əsirgəməmişəm. Deyə bilərəm ki, insan dəyərli işlərlə məşğul olanda ömrü də uzun olur. Düz bir əsr yaşadım, həyatımda qəbahət işlətmədim. Arxayınlıqla gələcəyə körpü qurdum. Bu gün el-obanın məclislərində, yığıncaqlarında mənə böyük hörmətlə yanaşırlar. Bir ağsaqqal kimi yuxarı başda yer göstərirlər. Bütün bunlar bu günə qazandığım halallığın nişanəsidir. Gərək yaşadığın ömürdə hər şeyi nəzərə alasan. Axı məndən böyük bir nəsil nümunə götürür, əməllərimə qiymət verirlər. Sevinirəm ki, uğurlarım daha çox olub. Belə yaşamaq gələcəyə etibarlı zəmanətdir. Ömrüm boyu bunu qorumuşam...

İsrail kişi mənalı-mənalı üzümə baxıb, sonra "Ay oğul, - dedi, - bizim tərəflərə çox yerlərdən qonaq gəlir. Hərəsinin də öz izi qalır. Bir dəfə yaşadığım bu kəndə xeyli uzaqlardan, Almaniyadan jurnalistlər gəlmişdi. Mənim bir təşəbbüsüm onlarda böyük maraq doğurdu. Kənddə-kəsəkdə qonşuları bir-birindən ayıran çəpərlərin yerinə bizim mühitə uyğun ağaclar əkmişdik. O qədər səliqəli, mənzərəli görünür ki... Bu, alman jurnalistlərin nəzərindən yayınmadı, onlarda ciddi maraq doğurdu. Hər şeyi öyrənəndən sonra öz vətənlərinə qayıdanda bu barədə mətbuatda maraqlı yazı da verdilər. Adını da belə qoymuşdular: "Göyçaylı mister İsrail”. Kəndimizdə başladığımız bu ənənə davam edir. Ağac çəpərlərə daha çox üstünlük verilir. Sevinirəm ki, yeni nəsil də bizim başladığımız bu işi uğurla davam etdirir.

İsrail kişi çox həssas adamdır. Öz həmsöhbətini tez duyur. Nə istədiyini asanlıqla anlayır. Bir sözlə, maraqlı həmsöhbətdir. Uşaqlarından danışanda dedi ki, övladlarım uzaqlarda yaşasalar da, məni unutmurlar. Bəzən təklif edirlər ki, bu yaşımda kənddən-kəsəkdən ayrılıb şəhərə köçüm, onların yanına gedim. Bu təklifi qətiyyən qəbul edə bilmirəm. Axı mən gözümü bu yerlərdə açmışam, vələs narının kölgəsində böyümüşəm, barını-bəhərini dadmışam. Əcdadlarımın ruhu bu yerlərdədir. Məni bu kəndlə o qədər müqəddəs şeylər bağlayır ki... Yaşımın bu çağında bütün bunları unudub heç yerə gedə bilmərəm.

Əsrin yaşıdı özünü doğmaları əhatəsində çox gümrah və xoşbəxt sayır. Elə bilirəm ki, bu kənddən-kəsəkdən ayrılsam, ömrüm qısalar, doğmaların ruhundan uzaq düşərəm. Əcdadlarımı, öz keçmişimi nəvələrimə, nəticələrimə də tanıdıram. Belə olanda dünənlə bugün arasında aydın əlaqə yaranır. Elə övladlarım da öz nəslini dərindən öyrənmək üçün məni sorğu-suala tuturlar. Hər şeyi olduğu kimi öyrənmək istəyirlər.

İsrail kişi yaşadığı kənddə səliqəli bir bağ-bağat yaradıb. Hər gün əkdiyi ağacların nazını çəkir, onlara qulluq etməkdən böyük zövq alır. Deyir ki, gülöyşəni küsdürmək olmaz, zərrə qədər incidisə, barından əlini çək. Çox zərif ağacdır. Hər şeydən əvvəl dilini bilməlisən. Yoxsa istədiyin məhsulu ala bilməzsən. Bizim əsas dolanışıq yerimiz bu bağ-bağatdır. Hər il xeyli məhsul götürürük. Yaşımın bu çağında əlimin zəhməti ilə ərsəyə gətirdiyim hər bir ağaca körpə uşaq kimi qulluq edirəm. Açığını deyim ki, torpaq da bəhrəsiz deyil. Nə qədər çox əziyyət çəksən, əvəzində bol məhsul götürürsən. Hər dəfə yetişdirdiyim meyvələrdən övladlarıma, nəvələrimə pay çıxıram. Baba sovqatı şirin olur. Bütün bunlar ömrümə bir ömür calayır. Həm də yaşamağın mənasını artırır. Bu gün mənim əməllərimi davam etdirənlər çoxdur. Onlar da çörəklərini torpaqdan çıxarır, əkin-biçinə meyillidirlər. Sevinirəm ki, övladlarımı zəhmətə öyrədə bildim. Faydasını özləri görür. Doğrudur, mənim övladlarımın çoxu ali təhsil alıb, müxtəlif müəssisələrdə çalışırlar. Elmi işlə məşğul olanları da var. Hərəsinin xoş sorağı bir tərəfdən gəlir. Çoxu torpaqlarımızın düşməndən azad olunması uğrunda döyüşlərdə iştirak edib. Hərbi işə meyilli olanı da var. Bir sözlə, müxtəlif sahələrdə işləsələr də, elə-obaya xeyir verməyə çalışırlar. Hərəsi xoşbəxt bir ailənin başçısıdır. Elə məni gümrah saxlayan da onların doğru yolda olmasıdır...

Alman jurnalistlərinin yazdığı kimi, göyçaylı mister İsrailin söhbətlərindən doymadıq. Dedi ki, sağlıq olsun, ay oğul, bir də görüşərik...

Bəşir ŞƏRİFLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video