Alternative content

15:09 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Möcüzələr, gözəlliklər və inkişaf ölkəsi
Möcüzələr, gözəlliklər və inkişaf ölkəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:04 26.09.2019


İqtisadi yüksəlişi ilə dünyanı təəccübləndirən Çin Azərbaycanla münasibətlərdə dostluq və tərəfdaşlıq prinsiplərindən çıxış edir


Qədim tarixə və zəngin mədəniyyətə malik olan Çin haqlı olaraq müasir sivilizasiyanın beşiklərindən biri sayılır. Əsrlər boyu çinlilər bəşəriyyətin inkişafına böyük töhfələr veriblər. İpəyi, farforu, kağızı və digər faydalı məhsulları bəşəriyyətə bəxş edənlər məhz onlardır. Çinin tarixi abidələri möcüzələr hesab olunur, bir çox təbiət mənzərələri füsunkarlığı ilə heyranedicidir. Böyük Çin səddi qədimdən bu ölkənin zamana tabe olmayan qiymətli simvolu hesab olunur və Yer üzündə kosmosdan müşahidə edilən yeganə abidədir.


Yoxsulluqdan dünyanın ikincisinə qədər


Çindən danışarkən Konfutsi təliminə toxunmamaq mümkün deyil. Çünki Konfutsiçilik həm siyasət, həm inzibati sistem, həm də iqtisadi və sosial proseslərin ali nizamlayıcısı - bir sözlə, tam çinli həyat tərzinin əsası, Çin sivilizasiyasının mahiyyəti idi. İki min beş yüz ildən artıq zaman ərzində Konfutsiçilik çinlilərin şüur və hisslərini formalaşdırmış, onların etiqadlarına, psixologiyasına, davranışına, təfəkkürünə, qavrayışına, məişətinə və həyat tərzinə təsir etmişdir.

Konfutsinin biliklərə, humanizm və yüksək mənəvi ideallar uğrunda mübarizəyə çağırışlarının çinlilərin onlarca nəsli üçün nəhəng tərbiyəvi əhəmiyyəti olmuşdur. Elə həmin səbəbdən də bu fəlsəfi baxış dünyada diqqətlə izlənilmiş və bu gün Konfutsizm ümumbəşəri cazibəyə malikdir. Çin cəmiyyəti yüzillər boyu bu fəlsəfi təlimə müraciət etmiş və hazırki yüksəliş dövrünə gəlib çıxmışdır. Bu gün Çinin inkişafının əsas xüsusiyyətləri elmi inkişaf, sərbəst inkişaf, açıq inkişaf, sülhün inkişafı, qarşılıqlı əlaqə əsasında inkişaf və birgə inkişaf kimi məsələləri özündə ehtiva edir.

Hazırda Çin təkcə qədim tarixi, ənənələri, mədəniyyəti, ixtiraları ilə deyil, həm də müasir dünyada ən sürətlə inkişaf edən bir ölkə kimi diqqəti cəlb edir. Xüsusən son üç onillikdə bu inkişaf dünyanın bütün başqa böyük ölkələrindən fərqli olaraq fasilə vermədən, təəccüb doğuran sürətlə davam edir. Ümumi daxili məhsul istehsalının həcminə görə, hələ XX əsrin birinci yarısında geridə qalan, işğalla üzləşən, yoxsulluğu ilə seçilən yarımfeodal Çin indi dünya iqtisadiyyatında fövqəldövlət sayılan ABŞ-dan sonra ikinci yeri tutur. Məhz Çin rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkə misilsiz nailiyyətlər əldə etmişdir. Güclü iqtisadi inkişaf, ölkədaxili sabitlik və təhlükəsizlik, əhalinin yüksələn rifahı bunun aydın göstəricisidir. Sürətli inkişafın əsas səbəblərindən biri də Çin hökumətinin tarixdə üzləşdiyi çətinliklərdən düzgün nəticə çıxarmasıdır.

Onu da qeyd etmək yerinə düşər ki, Çin dövlətinin idarəçilik üslubunun və iqtisadi quruluşunun dünyada bənzəri yoxdur. Çinlilər bunu spesifik xüsusiyyətləri olan idarəçilik forması adlandırırlar. Bu ölkənin xarici siyasət doktrinasının əsasını da başqa ölkələrin daxili işinə qarışmamaq və iqtisadi əlaqələri ikitərəfli qarşılıqlı, faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək durur. Çin dövlətlərə böyük və kiçikliyinə, varlı və ya kasıb olmasına görə fərq qoymur və bütün digər ölkələrlə münasibətlərdə vahid qarşılıqlı maraqlara söykənən mövqe nümayiş etdirir.


Səmimi və qarşılıqlı əməkdaşlığa söykənən münasibətlər


Tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi olan ölkə kimi diqqəti cəlb edən Çinlə Azərbaycan arasında əlaqələrin yaranması coğrafi uzaqlığa baxmayaraq eramızdan əvvələ təsadüf edir. Qədim Azərbaycan dövlətləri beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə Tarixi İpək yolu müəyyən əlaqələrin formalaşmasında əsas vəsilə olmuşdur.

Azərbaycan-Çin mədəni əməkdaşlığının tarixi mənzərəsinə nəzər saldıqda sovet dövründə bu əlaqələrin xüsusi bir ardıcıllıqla həyata keçirildiyinin şahidi oluruq. Bu ilk növbədə onunla seçilirdi ki, əvvəlki tarixi dövrlərdən fərqli olaraq Çinlə mədəni əlaqələrin aparılması sovet dövlətinin xüsusi siyasəti çərçivəsində həyata keçirilirdi. Bu əlaqələr ikitərəfli əməkdaşlıq kontekstində reallaşdırılırdı. Azərbaycan da SSRİ-nin tərkib hissəsi kimi ümumdövlət siyasətindən çıxış edərək Çinlə mədəni əməkdaşlıq edirdi. 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayında Çindən də nümayəndələrin iştirakı yeni tarixi şəraitdə Sovet Azərbaycanı və Çinlə mədəni əlaqələrin qurulması işində mühüm əhəmiyyət kəsb edir.

İqtisadi sahədə əldə etdiyi uğurlara, xarici və daxili siyasətin nəticəsində nail olduğu davamlı inkişafa görə dünyanın diqqətini özünə cəlb etməyi bacaran və bu gün yaradılmasının 70-ci ili tamam olan Çin Xalq Respublikası ilə Azərbaycan arasında çağdaş dövrdə siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələri formalaşıb. Müasir Azərbaycan-Çin münasibətlərinin tarixi 1991-ci ildən başlayır. Belə ki, Çin Xalq Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alıb. Bu ölkə Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri isə bugünkü münasibətlərin dayanıqlı təməlini qoymuşdur. Heydər Əliyevin Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənmiş, əlaqələr sürətlə inkişaf mərhələsinə qədəm qoymuşdur. Səfər zamanı Azərbaycanla Çin arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat, hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanmışdır. Çindən qayıdarkən Almatıda jurnalistlərlə söhbətində Heydər Əliyev səfərin yekunlarını belə dəyərləndirmişdi: "Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, "Böyük Ipək yolu” və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir”.


1,5 milyondan 1,4 milyardadək


Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 16 ildə Çinlə münasibətlər dinamik inkişaf etmiş, yeni əməkdaşlıq əlaqələri formalaşmışdır. Xüsusən cənab İlham Əliyevin Çinə 2005-ci ildə rəsmi, 2015-ci ildəki işgüzar səfərləri əlaqələrin inkişafına və canlandırılmasına mühüm töhfələr verib. Hər iki səfər ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynayıb və Çin-Azərbaycan birgə bəyanatının qəbul edilməsi ilə nəticələnib. Hökumət, parlament rəhbərləri, nazirlər və digər rəsmilər səviyyəsində də iki ölkə arasındakı qarşılıqlı səfərlər zəngin olmuşdur. Xüsusən cənab Prezidentin 2015-ci ildəki səfəri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Səfər zamanı aparılan danışıqlar, əldə olunan mühüm razılaşmalar, imzalanmış sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin bu ilin aprel ayında Çinə son səfəri zamanı bu ölkə ilə 820 milyon ABŞ dolları dəyərində daha 10 saziş imzalanmışdır. Bununla da indiyədək iki ölkə arasında imzalanmış hüquqi sənədlərin sayı 77-yə çatmışdır.

Beləliklə, coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycanın və Çinin dövlət başçılarının siyasi iradələri və dostluq münasibətləri iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaratmışdır. Təsadüfi deyil ki, 1993-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyon ABŞ dolları təşkil etdiyi halda, 2018-ci ildə bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları olmuşdur. Bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43 faizini təşkil edir. Cari ilin 6 ayı ərzində isə bu göstərici 1,4 milyard ABŞ dolları təşkil etmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.

Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Onlar sənaye və İKT layihələrinin reallaşdırılmasında iştirak edirlər. Son illərdə Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var. Çünki Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir.

Hazırda da Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Belə ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də ötən dövrdə Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib. Keçirilmiş biznes forumlar, Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı və digər tədbirlər ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda Çin tərəfindən həyata keçirilən idxala dəstək siyasəti Azərbaycanın yüksək keyfiyyətli məhsullarının Çin bazarında təklif olunması üçün əlverişli şərait yaradır.


Bir kəmər, bir yol


2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən "Bir kəmər, bir yol” layihəsi irəli sürüldü ki, bu da tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edir. "Bir kəmər, bir yol” təşəbbüsü Avrasiyanın inkişafında yeni mərhələnin başlanğıcı da hesab edilir. Çünki ekspertlərin fikrincə, iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu layihənin reallaşması qədim İpək yolu üzərində yeni dəyərlərin formalaşmasına dəstək verəcək, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldacaq, beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verəcək. "Bir kəmər, bir yol” layihəsi həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə edəcək. Hazırda "Bir kəmər, bir yol” təşəbbüsü təxminən 150 ölkə tərəfindən dəstəklənir.

Bu layihəyə bir neçə istiqamət daxildir ki, onlardan biri Çindən başlayıb Mərkəzi Asiya Respublikalarından, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Cənubi Avropaya uzanır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Çində böyük maraqla qarşılanıb və təqdir olunur. Azərbaycan dövləti də Çinin "Bir kəmər, bir yol” layihəsinə böyük maraq göstərir.

Bu ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bildirib. Aprel ayında Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna isə Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev dəvət almışdı. Forumdakı çıxışı zamanı cənab Si Cinpinə dəvətə görə təşəkkür edən, həmçinin Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev ölkəmizin "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bəyan etdi: "Azərbaycan lap əvvəldən Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Bütövlükdə Çinin "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Belə ki, Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadə edilməsi səmərəli olmaqla yanaşı, ölkələrimiz arasında əməkdaşlığa önəmli töhfə verəcək.


YAP-ÇKP əməkdaşlığı yüksək siyasi əlaqələrin göstəricilərindən biridir


Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimad üzərində qurulmuşdur. Bu gün siyasi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Azərbaycan vahid Çin siyasətinə hörmətlə yanaşır, Çin isə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir. 2005-ci ildə imzalanan Birgə Bəyannamədə də göstərilir ki, Azərbaycan vahid Çin dövlətini tanıyır və Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir. Həmçinin Çin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair müvafiq qətnamələrinə əməl edilməsinə çağırır.

Yüksək siyasi münasibətlər iki ölkənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında fəal əməkdaşlığın formalaşmasına münbit şərait yaradıb. YAP və ÇKP arasında artıq 20 ildir ki, səmimi dostluq, etibarlı tərəfdaşlıq əməkdaşlıq əlaqələri movcuddur. Bu illər ərzində iki partiya arasında sıx təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb. ÇKP öz sıralarında 90 milyona yaxın çinlini birləşdirir və ciddi intizam və dəyərlər üzərində ölkəyə rəhbərlik edir. Əsas məramı isə daim islahat, inkişaf və rəqabətdir.

Əlaqələrimizin 20 illiyi və ÇXR-nın yaranmasının 70 illiyi münasibətilə mənim rəhbərliyimlə YAP nümayəndə heyəti sentyabrın 11-16-da Çində səfərdə oldu. İşgüzar səfər çərçivəsində keçirilən görüşlər, konfranslar Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasının daha bir təsdiqi idi. 19 nəfərdən ibarət nümayəndə heyətimiz səfər çərçivəsində ÇKP MK-nın Beynəlxalq şöbəsinin nazir səviyyəsində rəhbəri Sun Tao, ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin 6-cı Departamentinin rəis müavini Van Min, ÇKP MK-nın Ali Partiya Məktəbinin Beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru xanım Dun Tsin və məktəbin təhsil şöbəsinin direktoru xanım Lo Mintsi və digər şəxslərlə görüşlər keçirdi. Bu görüşlərdə YAP və ÇKP, Azərbaycan və Çin xalqları arasındakı dostluq münasibətləri, Çinin "Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında Azərbaycanın rolu müzakirə olundu, dövlət idarəçiliyi sahəsində iki ölkə arasında təcrübə mübadiləsi aparıldı. Çin rəsmiləri Azərbaycana çox yaxşı münasibət bəsləyirlər. Ulu Öndər Heydər Əliyevi və Prezident İlham Əliyevi xatırlayan rəsmilər Azərbaycanla əlaqələrin daha da yüksəldilməsinə tərəfdar olduqlarını hər görüşdə qeyd edirdilər. Onlar respublikamızda aparılan islahatları da yüksək qiymətləndirərək çinli iş adamlarının Azərbaycanda daha çox iş görmək istədiklərini bildirdilər.

Səfər zamanı Pekində YAP ÇKP arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə konfrans da keçirildi. YAP ilə ÇKP arasında dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinə dair "Xalqların rifahı naminə” mövzusunda keçirilən konfransda ÇKP-nin Beynəlxalq əlaqələr şöbəsinin nazir statusunda rəhbəri Sun Tao Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının səmimi dostluq və etibarlı tərəfdaşlıq əlaqələrinin olduğunu bildirdi. "İki partiya arasında əməkdaşlıq hazırda davamlı inkişaf edərək möhkəmlənir. Bu gün biz dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparmaqla, təntənəli şəkildə münasibətlərimizin 20 illiyini qeyd edirik. Qarşılıqlı səfərlər bu əməkdaşlığın möhkəmlənməsində xüsusi rol oynayır. Tarix göstərir ki, iki partiya arasında yaxınlaşma, əməkdaşlığın dərinləşməsi dövlət başçılarının iradəsi sayəsində mümkün olub. Hər iki partiya xalqa söykənərək dövlətin inkişafı üçün çalışır”, - deyə Sun Tao diqqətə çatdırdı.

Sun Tao ÇKP-nin yaxşı dost və tərəfdaş kimi YAP-ın dövlət idarəçiliyi konsepsiyasının Çində da yüksək qiymətləndirildiyini bildirdi: "Görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası ölkənin inkişafı üçün siyasi və iqtisadi islahatlar aparıb. Biz Yeni Azərbaycan Partiyasının bu istiqamətdə qazandığı uğurlara sevinirik. Tarixi İpək yolu Çin və Azərbaycana sarsılmaz dostluq əlaqələri bəxş edib. Müasir dövrdə isə "Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkələrimiz sıx əməkdaşlıq edir”.

11-16 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində YAP nümayəndə heyəti Pekində "Quqon” İmperator sarayını, Böyük Çin səddini, Şanxayda "Şərqin mirvarisi” adlanan teleqülləni, Çinşan rayonunda yerləşən "Fencin qədim şəhəri” və Sühoy rayonunda yerləşən "Mehriban qonşuluq” mərkəzini ziyarət edib.

Bütövlükdə, ÇXR-nın yaranmasının 70 illiyinə və ÇKP ilə YAP əlaqələrinin qurulmasının 20 illiyinə həsr edilmiş səfər hər iki tərəf üçün maraqlı, məhsuldar və faydalı oldu. Bu səfər Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhfəsini verəcək. Çinlə ölkəmizin əməkdaşlığı və dostluq əlaqələri isə gələcəkdə hər iki xalqın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək, daha da güclənəcək.

Hadi RƏCƏBLİ,

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM