25 Sentyabr 2019 00:25
1301
İQTİSADİYYAT
A- A+

Layihə daxilində layihə


"Azəri-Çıraq-Günəşli”də quraşdırılacaq platformanın tikintisi üçün 6 müqavilə imzalanıb


2017-ci il sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) müddəti 2049-cu ilin sonunadək uzadıldı. 2019-cu il aprelin 19-da isə AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni, "Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə sanksiya verildi.

ACE-ni "Yeni əsrin müqaviləsi” də adlandırırlar. Əslində o, AÇG daxilində daha bir layihədir.

Hazırda ACE tikinti mərhələsindədir. Layihə çərçivəsində ilk neftin 2023-cü ildə alınacağı gözlənilir.

AÇG-nin operatoru olan BP şirkəti ACE ilə bağlı əsas müqavilələrin imzalandığını və layihənin sürətlə irəlilədiyini bildirir.

Mühəndislik, tikinti və quraşdırma, layihələrin idarə edilməsi və digər xidmətləri əhatə edən müqavilələrin bağlanması sanksiya qərarından sonra ACE-nin növbəti mühüm addımıdır. Bu müqavilələr ACE-nin həyata keçirilməsi qrafikini müəyyən edir.

Əsas müqavilələrdən biri ACE platformasının dayaq blokunun və ətək payalarının quraşdırılması üzrədir, "BOS Shelf” MMC və "Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsiumla imzalanıb. Müqavilənin dəyəri 260 milyon dollara yaxındır. İş həcmi isə istehsal sexləri və quraşdırma ilə əlaqədar mühəndislik, boruyayma işləri, dayaq blokunun, eləcə də ətək payalarının hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismara verilməsi, qurğunun yüklənib göndərilməsi və dənizdə yerinə bərkidilməsindən ibarətdir.

Bu müqavilə üzrə bütün tikinti və quraşdırma işləri yerli resurslardan, o cümlədən işçi qüvvəsi və tikinti sahələrindən istifadə edilməklə

SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək. Tikinti işləri artıq başlanıb və onların 2021-ci ildə başa çatdırılacağı gözlənilir.

İkinci müqavilə ACE platformasının üst modullarının hazırlanmasını və inteqrasiyasını nəzərdə tutur. Müqavilə cari ilin iyul ayında "Azfen” şirkəti ilə bağlanıb, dəyəri 486 milyon dollardan artıqdır.

Bu müqavilə çərçivəsində isə iş həcminə istehsal və quraşdırma mühəndisliyi, həmçinin platformanın üst modullarının hazırlanması, yığılması və birləşdirilməsi daxildir. Müqavilə üzrə nəzərdə tutulan işlərə ("National Oilwell Varco” şirkəti tərəfindən layihələndiriləcək) həmçinin yüngül bir qazma blokunun hazırlanması və s. aiddir.

Üst modullar Bibiheybətdəki istehsal sahəsində inşa olunacaq. Tikinti işləri artıq başlanıb və 2022-ci ildə başa çatdırılacaq.

Üst modulların qazma qurğusu ilə əlaqədar layihələndirilmə, tədarük və tikintiyə nəzarət üzrə müqavilə sayca üçüncüdür və ABŞ-ın "National Oilwell Varco” (NOV) şirkəti ilə imzalanıb. Dəyəri 151 milyon dollardan çox olan bu müqavilə çərçivəsində işlərin həcminə müfəssəl layihələndirmə, mühəndislik təminatı, avadanlığın tədarükü və qazma qurğusunun Bakıya çatdırılması daxildir. Buraya eləcə də üst modullar və qazma qurğusu istehsalçısının tikinti işlərinə o cümlədən qazma qurğusunun hazırlanması, birləşdirilməsi, sazlanması və istismara verilməsi ilə əlaqədar fəaliyyətə nəzarəti də daxildir.

Dördüncü müqavilə platformanın yaşayış blokları ilə əlaqədar layihələndirmə, satınalma və tikinti ilə bağlıdır, İsveçin "Emtunga Solutions AB” şirkəti ilə imzalanıb. Bu müqavilənin dəyəri 34 milyon dollara yaxındır. Müqavilə layihələndirmə, satınalma və tikinti ilə yanaşı, yaşayış bloklarının inteqrasiyası və istismara təhvil verilməsinə texniki dəstəyi də nəzərdə tutur.

İşlər artıq başlanıb və onların 2022-ci ildə başa çatacağı gözlənilir. Yaşayış bloklarının yığılması və istismara verilməsi Bibiheybətdəki istehsal sahəsində, platformalar üçün üst modulların inşa olunacağı ərazidə yerli resurslardan istifadə edilməklə həyata keçiriləcək.

Layihələndirmə işlərinin icrası ilə əlaqədar dəyəri 76 milyon dollardan çox olan müqavilə SOCAR-KBR MMC birgə müəssisəsi ilə imzalanıb. Bu müqaviləyə üst modullar, dayaq bloku və ətək payalarının layihələndirilməsi, ACE layihəsi üçün mövcud obyektlərin yenilənməsi və sualtı qurğular üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri daxildir. Sayca beşinci olan müqavilə eləcə də layihənin idarə edilməsini, yəni materialların, işçi münasibətlərinin, məlumatların idarə edilməsini, tədarük üzrə dəstəyi, keyfiyyətin idarə olunmasını və tikinti sahəsində dəstəyi əhatə edir. Bu istiqamətdə də işlər başlanıb və SOCAR-KBR şirkətinin Böyük Britaniyadakı Leatherhead və Bakıdakı mühəndislik ofisləri vasitəsilə yerinə yetirilir.

Yüklərin idarə edilməsi xidmətləri ilə əlaqədar olan sonuncu - altıncı müqavilə Regional Çərçivə Sazişi çərçivəsində 2019-cu ilin avqustunda "Transglobal Projects” (TGP) MMC ilə imzalanıb.

Bu müqavilə çərçivəsində işlərə materialların və avadanlıqların təchizatçıların obyektlərindən toplanması və Bakıdakı sahələrə çatdırılması, o cümlədən gömrük rəsmiləşdirməsi daxildir. Göstəriləcək xidmətlər nəqliyyatın bütün növlərini, o cümlədən beynəlxalq və daxili avtomobil nəqliyyatı, çay gəmiləri, barjlar, dəniz və hava nəqliyyatı ilə daşıma haqqında razılaşmalar, yüklərin hava nəqliyyatı və dəmir yolu ilə daşınmasını əhatə edir.

BP şirkətinin layihələr üzrə vitse-prezidenti Yuan Drummond müqavilələrlə bağlı demişdir: "BP operator olaraq ACE layihəsini etibarlı, səmərəli və qrafikə uyğun şəkildə həyata keçirmək üçün əsas müqavilələrin ilk paketinin imzalandığını elan etməkdən məmnundur. AÇG sazişinin imzalanmasının

25-ci ildönümünü qeyd etdiyimiz zaman vurğulamaq yerinə düşər ki, əsas nailiyyətlərdən biri layihələrimizə yerli resursların yüksək səviyyədə cəlb olunmasıdır. ACE layihəsi üzrə imzalanmış müqavilələr də bunu aydın şəkildə göstərir. İmzalanmış bu müqavilələr AÇG üzrə tərəfdaşların Azərbaycanın yerli resurslarından istifadəni optimallaşdırmaq öhdəliyini bir daha nümayiş etdirir”.

Beləliklə, bu il başlanmış və 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti işləri yerli ehtiyatlardan istifadə edilməklə ölkə daxilində yerinə yetirilir. Tikinti işlərinin ən qızğın vaxtında obyektlərdə 8000-ə qədər iş yerinin açılacağı gözlənilir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video