24 Sentyabr 2019 00:46
570
İQTİSADİYYAT
A- A+

“Əsrin müqaviləsi” ilə Azərbaycan yeni inkişaf erasına daxil oldu


Bu saziş Xəzər hövzəsini əməkdaşlıq məkanına çevirdi, regionun enerji xəritəsini dəyişdi


"Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili tamam oldu. 25 ilin tarix üçün çox qısa zaman kəsiyi olduğu hamının bildiyi həqiqətdir. Azərbaycanın bu qısa dövrdə - əsrin dörddəbirini təşkil edən vaxt ərzində gördüyü işlər, qazandığı nailiyyətlər isə misilsizdir, genişmiqyaslı və çoxşaxəlidir.

Bu nailiyyətlər müəllifi Ümummilli Lider Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, günün tələbləri baxımından daha da inkişaf etdirilən yeni neft-qaz strategiyasından qaynaqlanır.

Xəzərin ölkəmizə məxsus sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üçün dünyanın tanınmış neft şirkətləri ilə bağlanan saziş Azərbaycanın həyatında tarixi hadisə oldu. Təsadüfi deyil ki, az sonra bu saziş "Əsrin müqaviləsi” adını aldı. Zaman göstərdi ki, bu kontrakt əslində neçə-neçə əsr irəliyə hesablanmışdır. Bu həqiqəti təsdiqləyən faktlardan biri də iki il əvvəl AÇG-nin işlənməsinin müddətinin 2050-ci ilədək uzadılması, başqa sözlə, "Yeni əsrin müqaviləsi”nin imzalanmasıdır.

"Əsrin müqaviləsi”nin 25 illik yubileyinin təntənə ilə qeyd edilməsi təkcə neft-qaz yataqlarının işlənməsi sahəsində qazanılan müvəffəqiyyətlərə deyil, ümumən ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf və yüksəliş yoluna sanki bir baxış oldu. Yubiley münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən mərasimdəki nitqində Prezident İlham Əliyev müqavilənin imzalandığı dövrü bir daha xatırladı: "Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. "Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz "Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi”.

Bugünkü yeniləşən, müasirləşən, güclənən, öz vüsətli inkişafı ilə bütün dünyanın diqqətini cəlb edən Azərbaycan 25 il əvvəl məhz həmin kontraktdan güc almağa başladı. Məhz "Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Saziş bağlanandan cəmi 3 il sonra - 1997-ci ilin payızında İlkin Neft Layihəsi çərçivəsində hasilata başlandı. 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı. 2005-ci ildə AÇG-nin şah damarı olan "Azəri” yatağının mərkəzi hissəsindən, daha sonra müqavilə sahəsindəki digər yataqlardan neft alındı. 2006-cı ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tam sistem kimi işə düşdü.

Bütün bunlar Azərbaycana yeni-yeni gəlirlər gətirdi, davamlı inkişafa təminat yaratdı, iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını şərtləndirdi. ARDNF-nin məlumatına görə, 2001-ci ildən 2018-ci ilin sonunadək AÇG yataqlar blokundan 143 milyard 366 milyon dollar gəlir əldə edilib. Neftdən gələn vəsait hesabına məcburi köçkünlərin yaşadığı çadır şəhərcikləri ləğv olundu, onların əvəzinə 100-dən çox qəsəbə salındı. Ölkədə 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi, yaxud əsaslı təmir edildi. Yeni yollar salındı, su, qaz, işıq problemləri həll olundu, idman qurğuları tikildi. Bunlar görülmüş işlərin yalnız bir hissəsidir.

Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə dövlət başçısı bunu bir daha vurğuladı: "Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti 100 milyard dollardan çox gəlir əldə etdi. Yəni bir daha demək istəyirəm ki, bu, dünya təcrübəsində özünə layiqli yer tutan kontraktdır. Çünki həm dövlətin, həm də investorların tələbləri təmin olundu. Eyni zamanda neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı”.

Neftlə zəngin olan bir sıra ölkələrdə onun sərvət və xoşbəxtlik deyil, qarşıdurma və faciə gətirdiyi aydın həqiqətdir. Azərbaycan dövlətinin yürütdüyü düzgün və uzaqgörən siyasət nəticəsində neft ölkəmizə sərvət, xeyir-bərəkət gətirdi.

Azərbaycanın neft-qaz layihələri artıq region ölkələrinin həyatına da öz müsbət təsirini göstərib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu getdikcə artır. Başqa sözlə, "Əsrin müqaviləsi”ndən başlanan yol uğurla davam edir.

Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən "Cənub qaz dəhlizi” kimi nəhəng layihə tamamlanmaq üzrədir. Bu layihənin həyata keçirilməsində ölkəmiz aparıcı qüvvə kimi çıxış edir. Təsadüfi deyil ki, "Cənub qaz dəhlizi” Məşvərət Şurasının toplantıları 2015-ci ildən başlayaraq 5 il dalbadal Bakıda keçirilib. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, müdrik rəhbərlik sayəsində mümkün olub.

"Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən tədbirdə dövlət başçısı neft-qaz sahəsində yüksək ixtisaslı yerli kadr potensialının yarandığını da vurğulamışdır. Bu gün təkcə AÇG layihəsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşıdır. Halbuki müqavilə imzalanandan sonrakı ilk vaxtlarda orada çalışanların 90 faizi əcnəbilər idi. İndi layihənin bir çox aparıcı vəzifələrində də xarici vətəndaşları azərbaycanlı mütəxəssislər əvəz edib.

Dövlət başçısı həmişə olduğu kimi, yenə də Azərbaycan neftçisinin əməyini yüksək qiymətləndirib, onların bacarığını, təcrübəsini yüksək dəyərləndirib: "Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır”.

Azərbaycanın inkişafı hərtərəfli və davamlıdır. Çünki Prezident İlham Əliyevin uzaqgörən siyasətinə əsaslanır və xalqın öz dövlətinə, dövlətinin başçısına inamından, dəstəyindən güc alır.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video