22 Sentyabr 2019 01:03
1936
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin yeni islahatlar kursu: Davamlı inkişafın iqtisadi-sosial hədəfləri


Respublika Ağsaqqallar Şurasının, "Azərbaycan” qəzetinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə konfransı


Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ölkəmiz ötən 16 ildə mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub, qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib. Bu gün respublikamız sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövləti məhz Azərbaycandır. Prezident İlham Əliyev isə çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifinə çevrilib.

Respublika Ağsaqqallar Şurasının, "Azərbaycan” qəzetinin və Qəbələ Rayon İcra Hakimiyyətinin Qəbələ şəhərində keçirdikləri "Prezident İlham Əliyevin yeni islahatlar kursu: Davamlı inkişafın iqtisadi-sosial hədəfləri” mövzusunda birgə konfransda da Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs olundu.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək gül qoydular, xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri Fəttah HEYDƏROV açdı. Xalqımızın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə qədəm qoyduğunu deyən Fəttah Heydərov bildirdi ki, geriyə boylanarkən böhran və inkişafı, tənəzzül və rifahı, ardıcıl məğlubiyyətlər və davamlı uğurları tariximizin əsas göstəriciləri kimi müşahidə edirik:

- Ötən illərdə yaşadığımız bu faciələrdən qələbələrə, yüksəlişə keçidi tam mahiyyəti ilə təhlil etmək, onun bütün mərhələlərini müəyyənləşdirmək ağsaqqalların vəzifəsi, bunları öyrənmək isə gənclərimizin borcudur. Bugünkü konfransın əsas məqsədi də məhz bu həqiqətlərə bir daha aydınlıq gətirmək, səmərəli müzakirələr təşkil etməkdir. Tədbirimizdə ağsaqqallarla gənclərin yan-yana əyləşməsini görərkən böyük iftixar hissi keçirirəm. Bu mənzərə həm də Azərbaycan dövlətçiliyinin mövcud inkişaf mənzərəsidir. Yəni ənənə ilə müasirlik, irs və varislik prinsipləri milli inkişafımızın əsas zəminidir.

Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. Həmin dövrün Azərbaycanından əsər-əlamət qalmayıb. Bugünün Azərbaycanı Cənubi Qafqazın və ümumən Avropanın əsas enerji və iqtisadi-siyasi güc mərkəzlərindən biridir. Tam müstəqil siyasət yürüdən qüdrətli ölkədir. Bu Azərbaycanın qurucusu isə Heydər Əliyev dühasıdır.

Qürur və fəxarətlə deyə biləcəyimiz bir danılmaz həqiqət də var. Ulu Öndərin böyük şücaətlə fəlakətlərdən qoruduğu və davamlı inkişaf yoluna çıxardığı respublikamız son 16 ildə məhz Prezident İlham Əliyevin fitri idarəçilik və liderlik keyfiyyətləri sayəsində özünün parlaq inkişaf mərhələsini yaşayır. Bəli, müasir Azərbaycan ötən illərdə inanılmaz nailiyyətlərə imza atıb. Kənar təzyiqləri inamla dəf edib, müstəqil siyasət yürüdüb. Azərbaycan bu müddətdə qarşıya qoyduğu hədəflərə inamla yetişib.

Müstəqil Azərbaycan bu gün inkişafının ən qüdrətli dövrünü yaşayır. İnkişaf və dövlət quruculuğu prosesi üç təməl prinsipinə əsaslanır. Birincisi, "Güclü dövlət-güclü xalq” ideyasıdır. İkincisi, tam müstəqil siyasətdir. Üçüncüsü isə azərbaycançılıq ideyasıdır.

Bu üç təməl prinsipin banisi, yaradıcısı Ulu Öndər Heydər Əliyevdir. Bu irsi uğurla davam etdirən Prezident İlham Əliyev yeni yanaşmalarla bu ideya xəttini daha da təkmilləşdirmiş, müasirləşdirmişdir. Ümumiyyətlə isə inkişafın hər bir sahəsində möhtərəm Prezident yeni bir model yaradıb. Bu baxımdan biz "İnkişafın İlham Əliyev modelini” bütün dünyaya örnək nümunə kimi göstərə bilərik.

Prezident ən mürəkkəb siyasi şəraitdə birləşdiricilik keyfiyyətləri sayəsində xalqı öz ətrafına, Ulu Öndər ideyalarının cazibəsinə toplaya bilib. Ölkə başçısının ötən illərdə yürütdüyü siyasətin real, əməli fəaliyyətə söykəndiyinə hər bir vətəndaş daxilən əmin oldu. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev bu missiyasını da uğurla həyata keçirdi.

Mən möhtərəm Prezidentimizin himayədarlıq fəaliyyəti ilə bağlı yalnız bir fakta nəzər salmaq istərdim. 7 ay öncə Şamaxı və Ağsu rayonlarında təbii fəlakət, zəlzələ baş verdi. Zəlzələdən dərhal sonra Prezident bölgəyə gəldi, zərərçəkənlərlə görüşdü. Onları dinlədi, problemlərini öyrəndi. Bərpa və quruculuq prosesini şəxsi nəzarətinə götürdü. Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha göstərdi. Qısa müddətdə böyük quruculuq işləri görüldü, evlər bərpa edildi. Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yenidən bölgəyə gəldilər, bərpa edilən ilk evlərin açılışını etdilər.

İndi bərpa və quruculuq prosesi davam edir, yüzlərlə ev tikilir, həm də yeni binalar inşa olunur. Dövlət və Heydər Əliyev Fondu daim xalqın yanındadır. Şamaxıda və Ağsuda zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılması Prezidentin sosial siyasətinin əyani təzahürüdür.

Prezidentin rəhbərliyi altında tariximizin yeni mərhələsinə qədəm qoyuruq. Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilir. Bu, həm zamanın tələbidir, həm də Prezidentin daim müasirləşən, dövrün çağırışlarına cavab verən siyasətinin təzahürüdür. Əslində, İlham Əliyevin fəaliyyəti hər zaman islahatlarla müşayiət olunub. Yeni islahatlar kursu isə əvvəlki islahatların daha müasir formada davamıdır.

Yeni islahatlar konsepsiyasının əsas məqsədi Azərbaycanı daha güclü, qüdrətli ölkəyə çevirməkdir. Əsas hədəf isə Azərbaycan vətəndaşının sosial rifahını yüksəltmək, güzəranını daha da yaxşılaşdırmaqdır. Bu məqsədlə dövlət başçısı yalnız elə son 7 ayda iki sosial paket həyata keçirib. Bu sosial paketlərin əhatə dairəsi 4 milyon insanı ötür. Onun icrasına 5,3 milyard manat vəsait ayrılıb. Özünüz görürsünüz ki, cənab

İlham Əliyevin son xeyirxahlıq, qayğı siyasəti necə böyük miqyasdadır.

Maaşlar, pensiyalar, sosial müavinətlər, minimum əməkhaqqı artırıldı. Hesab edirəm ki, bu yüksəliş barədə danışarkən rəqəmlərə çox da lüzum yoxdur. Çünki ən böyük fakt hər kəsin güzəranında özünü aydın göstərən rifahdır.

Respublika Ağsaqqallar Şurasının, Qəbələ Rayon İcra Hakimiyyətinin və "Azərbaycan” qəzetinin birgə təşkil etdiyi konfrans da məhz son dövrlərdəki müsbət dəyişikliklərə həsr olunub. Bugünkü tədbirimizdə Prezident İlham Əliyevin yeni islahatlar kursunun mahiyyətindən danışacaq, davamlı inkişafın iqtisadi-sosial hədəflərini müzakirə edəcəyik.

Konfransda bölgələrimizin təmsilçiləri də iştirak edir. Bilirik ki, Prezident İlham Əliyevin son sosial islahatları, maaşların, təqaüdlərin, müavinətlərin artımı bölgələrdə sakinlərin rifahını əsaslı şəkildə yüksəldib. Yerlərdə Prezidentə inam daha da artıb. Son vaxtlar bölgələrdə aqrar sektorda və iqtisadiyyatda inkişaf da geniş miqyas alıb. Kəndlər, bölgələr müasirləşir, zəruri infrastrukturlar yaradılır.

Ən əsası isə ölkədə ciddi ictimai-siyasi sabitlik var. Tədbirimizdə iştirak edən ağsaqqallar bilirlər ki, onların əsas vəzifəsi ölkədəki sabitliyin qorunmasına çalışmaq və uğurlar barədə gəncləri düzgün məlumatlandırmaqdır.

Gənclərimiz də çox hazırlıqlı, daha vətənpərvərdirlər. Gənclərimizin Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevin fəaliyyətinə sədaqət göstərmələrini də mən xüsusi vurğulamaq istərdim. Biz gənclərimizə, onların fəaliyyətinə və uğurlarına nəzər saldıqca əmin oluruq ki, Azərbaycanın sabahı etibarlı əllərdədir.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi ABDULLAYEV bildirdi ki, Prezident İlham Əliyevin iqtisadi siyasətində Azərbaycanın hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək əsas istiqamətlərdən biridir. Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramları bu baxımdan mühüm əhəmiyyət kəsb edir:

- Prezident İlham Əliyevin böyük diqqət və qayğısı, müntəzəm nəzarəti ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları Qəbələdə də uğurla icra olunmuş və icra olunmaqdadır. 2500 illik qədim tarixə malik Qəbələ indi tərəqqi dövrünü yaşayır.

Hələ 2002-ci ildə Ulu Öndər Heydər Əliyev Qəbələyə səfər edərkən buranın təbiətinə, təbii şəraitinə heyranlığını dilə gətirmiş, rayonun nümunəvi turizm diyarına çevrilməsini arzu etdiyini bildirmişdi. Ümummilli Liderin bu arzusunu yerinə yetirmək üçün cənab İlham Əliyev rayonumuza xüsusi diqqət və qayğı göstərir. Prezident Qəbələyə səfərlərindən birində demişdir: "Qəbələnin gözəl təbiəti burada turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada müvafiq infrastruktur yaradılmasına, dünya standartlarına uyğun mehmanxanalar tikilməsinə, abad yollar salınmasına xüsusi diqqətlə yanaşılmalıdır”. Dövlət başçısının qarşıya qoyduğu bu vəzifələr bu gün layiqincə yerinə yetirilir.

Turizm sənayesinin inkişafı üçün əlverişli coğrafi məkanda yerləşən Qəbələdə bu gün 20-dən çox turizm istirahət kompleksi var. Rayonda 7 beşulduzlu, 2 dördulduzlu, 2 üçulduzlu hotellər gələn qonaq və turistlərə xidmət edir. Ümumiyyətlə, rayondakı mehmanxana və mehmanxana tipli obyektlərin bir gündə 3000 nəfərdən çox turisti qəbul etmək imkanı var. Təkcə bu ilin 6 ayı ərzində Qəbələyə 88786 nəfər turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Dağ-xizək idmanının inkişaf etdirilməsi, eləcə də turist cəlbediciliyini artırmaq məqsədilə yaradılan "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi yerli və xarici turistlərin ən çox gəldiyi istirahət mərkəzlərindəndir. Qafqaz regionunda ən gözəl əyləncə mərkəzi kimi tanınan "Qəbələnd” Əyləncə Mərkəzi heyranedici istirahət məkanlarındandır. Qəbələyə gələn hər kəs Qaraçayın hər iki sahilində yerləşən park bulvarın möhtəşəmliyinə, zənginliyinə, əsl istirahət məkanı olmasına heyran qalır.

Turizm obyektlərində turistlərə dünya standartları səviyyəsində xidmət göstərilməsi üçün kadrlar hazırlanması da diqqət mərkəzindədir. Bu məqsədlə rayonda turizm və hotelçilik üzrə peşə tədris mərkəzi fəaliyyət göstərir. Mərkəzi bitirmiş mütəxəssislər Qəbələdə, digər bölgələrdə, həmçinin Bakı şəhərində yerləşən turizm-istirahət obyektlərində müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

Bu gün Qəbələ özünün sosial-iqtisadi gücündən, zəngin mənəvi həyatından, tarixi köklərindən bəhrələnərək daha da müasirləşib, sərhədlərimizdən çox-çox uzaqlarda tanınıb. Rayonumuz beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edir. Son illər dünya siyasətçilərinin iştirakı ilə Qəbələdə keçirilən forumlar, sammitlər, beynəlxalq idman yarışları, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil edilən və planetin ən məşhur musiqi xadimlərinin iştirakı ilə keçirilən, bütün dünyaya səs salmış beynəlxalq musiqi festivalları, incəsənət sərgiləri və digər tədbirlər ölkənin, o cümlədən Qəbələnin sosial-iqtisadi inkişafının təntənəsi kimi qiymətləndirilə bilər.

Qəbələdə də idmana böyük qayğı göstərilir. Belə ki, Qəbələ şəhərində Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Bundan başqa, müasir tipli stadionlar və Stend Atıcılığı Kompleksi də idmançıların istifadəsindədir və burada beynəlxalq tipli yarışlar keçirilir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq Qəbələdə bir çox iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdir ki, onların istehsal etdiyi məhsullar təkcə ölkə daxilində deyil, xarici bazarlarda da şöhrət qazanmışdır. Belə ki, rayonda bir saatda 5 ton qabıqlı fındıq və ya 1300 kiloqram təmizlənmiş fındıq ləpəsi emal etmək gücündə olan, birdəfəyə 250 ton qabıqlı fındıq qəbul edən fındıq emalı müəssisəsi fəaliyyət göstərir. Qəbələ şərab zavodunda artıq on beş ildir ki, yüksəkkeyfiyyətli şərablar, konyaklar, tünd içkilər istehsal olunur. Burada istehsal olunan məhsulların 50 faizdən çoxu müxtəlif ölkələrə ixrac olunur. Aspi-"Savalan” üzüm emalı və şərab istehsalı zavodunun şöhrəti də dünyanı gəzir. Bu gün "Savalan” da 18 çeşiddə istehsal olunan məhsullar Çin, Yaponiya, Rusiya, Hollandiya, Almaniya, Fransa, Türkiyə, Ukrayna, Belarus kimi ölkələrə göndərilir.

"Gilan” Qida Şəhərciyindəki meyvə şirələri və sərinləşdirici içkilər istehsalı müəssisəsində hazırlanan məhsulların sorağı ABŞ, Rusiya, Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Yeni Zelandiya, Malayziya, İsrail, Avstraliya, Türkmənistan, Tacikistan və s. ölkələrdən gəlir.

Rayonda 2003-cü ilin oktyabr ayından 1 iyul 2019-cu ilədək 17697-si daimi olmaqla 19495 yeni iş yerləri açılmışdır. Bu ilin ötən 6 ayı ərzində açılmış 854 iş yerinin hamısı daimidir. 6 ay ərzində Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş 1090 nəfərdən 540 nəfər münasib işlə təmin olunmuşdur. Son illər əhalinin daimi işlə təmin olunması, sosial müdafiəyə ehtiyacı olan ailələrin rifahının yaxşılaşdırılması məqsədilə ölkəmizdə, o cümlədən rayonumuzda özünüməşğulluq proqramının həyata keçirilməsinə başlanılmışdır.

Bu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatlar konsepsiyası ölkənin hər yerində olduğu kimi, Qəbələdə də böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Əməkhaqlarının 20-50 faiz arasında qaldırılması, minimum əməkhaqqının bir ildə 2 dəfə qaldırılaraq 250 manata, minimum pensiyanın 200 manata çatdırılması əhalinin rifah halının yüksəlməsini təmin etmişdir. Hazırda minimum əmək haqqı və minimum pensiya məbləği zəruri istehlak ehtiyacını xeyli qabaqlayır. Bütün bu islahatları əhali çox böyük razılıqla qarşılayır. İndi əhalinin rifah halını 15-20 il öncə ilə müqayisə etsək, nə qədər müsbət dönüş olduğunu görərik. Ucqar kəndlərdə iştirak etdiyim görüş-qəbullarda illər öncə əhalinin bir hissəsi maddi yardım, abad yol, qaz və işıq xahiş edirdisə, bu gün çoxzolaqlı internetin daha sürətli olmasını arzulayırlar. Bu yüksək inkişafın, rifahın göstəricisidir.

Sosial sahələrin inkişafı daim diqqət mərkəzindədir. Dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı sayəsində son illər rayonda 29 ümumtəhsil məktəb binası tikilmiş və təmir olunmuşdur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılmış "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qəbələdə yeni məktəb binaları, uşaq bağçaları tikilmiş və təmir olunmuşdur. Nic qəsəbə 2 nömrəli, Nohurqışlaq və Daşca kənd tam orta məktəblərinin açılışında möhtərəm prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmiş, bu təhsil ocaqlarına xeyir-dua vermişlər. Keçən dərs ilində Zərgərli kənd ibtidai, Nohurqışlaq kənd ümumi, Laza kənd ümumi, Cığatelli kənd tam orta məktəbləri üçün modul tipli məktəblər istifadəyə verilmişdir. Qaradeyin kənd orta, Şəfili kənd ibtidai məktəbləri üçün modul tipli, Vəndam qəsəbə 2 nömrəli məktəb üçün birtipli layihə əsasında 360 yerlik yeni məktəb binası yaxın günlərdə istifadəyə veriləcəkdir.

Qəbələdə tibb xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması üçün ardıcıl iş aparılır. Bu sahədə xeyli nailiyyət əldə olunub. Ölkə prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, Qəbələ Müalicə Diaqnostika Mərkəzi tikilib istifadəyə verilmiş və hazırda Qəbələ şəhərində tibbin son nailiyyətlərinə cavab verəcək yeni xəstəxana binası tikilir.

Sosial-iqtisadi sahədə sürətlə inkişaf edən Qəbələnin dünyanın bir sıra ölkələrinin ayrı-ayrı şəhərləri ilə dostluq, qardaşlıq əlaqələri də inkişaf edir. Belə ki, indi bizim Ukrayna Respublikasının Rovno, Misir Ərəb Respublikasının Cənubi Sinay vilayəti, Rusiyanın Kislovodsk, Belarusun Qrdono, Koreya Respublikasının Qyonçu, Polşa Respublikasının Qnezno, İsrailin Yokneam, Vyetnamın Quanq Nam əyaləti və Fransa Respublikasının Kann şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr ildən-ilə möhkəmlənir və genişlənir.

"Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi ki, inkişaf etmək, yüksəlmək tarixən hər bir dövlətin və onun xalqının arzusu olub. Bu gün inkişaf etmiş ölkələrin keçdiyi yola nəzər salsaq, onların indiki səviyyəyə gəlib çatmaları üçün böyük bir yol qət etdiklərini, hansı mərhələlərdən keçdiklərini görərik:

- Azərbaycan da tarixi və iqtisadi qanunuyğunluqlarla özünün inkişaf yolundadır. Amma bizi fərqləndirən cəhət odur ki, qısa müddətdə qazandığımız uğurlar, keçdiyimiz inkişaf yolu bir neçə onilliyə, qərinələrə bərabərdir. Ötən 28 illik müstəqillik tariximizin heç də bütün mərhələlərinin firavan olmadığını nəzərə aldıqda isə uğurlarımızın miqyasının daha böyük olduğunu görərik. Bu mənada gənc respublikamız öz inkişafı ilə dünyada həm də nümunəyə çevrilib.

Bütün bu uğurlar dünya ictimaiyyətinin qəbul etdiyi gerçəklikdir. Bu gerçəkliyin əsası isə vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, istiqamətləri müəyyən edilib. Ona görə də Azərbaycanın yüksəlişini, beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən ilk olaraq Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu Öndər tərəfindən görülən böyük işlərin, yerinə yetirdiyi tarixi missiyalarının nəticəsidir ki, xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanını əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb.

Ötən 16 ildə isə Ulu Öndərin inkişaf yoluna çıxardığı respublikamız

İlham Əliyev fenomeninin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində özünün yeni inkişaf mərhələlərini yaşayır. Azərbaycan bu dövrdə son dərəcə möhtəşəm nailiyyətlərə imza atıb, müstəqil siyasət yürüdüb, qarşıya qoyduğu hədəflərə inamla yetişib. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti ilə həyata vəsiqə alması bugünkü nailiyyətlərimizi təmin etməkdədir. Odur ki, ötən 16 il Azərbaycanda cəmiyyət həyatının bütün sahələri üçün onilliklərə bərabər inkişaf dövrüdür desək yanılmarıq.

İlham Əliyev fəaliyyətinin ilk günlərindən ölkənin inkişafı və xalqın sosial rifahının yüksəlişinə xidmət edən cəsarətli və islahatçı addımlar atıb. Bəzi uğurlarımıza nəzər salmaqla biz keçdiyimiz inkişaf yolunun möhtəşəmliyini görərik. İlham Əliyev yeni neft strategiyasını qətiyyətlə davam etdirdi. Bu yolda beynəlxalq təzyiqləri inamla dəf etdi və artıq 15 ilə yaxındır ki, Bakı-Tbilisi-Ceyhan neft xətti ilə neftimiz dünya bazarlarına çıxarılır.

"Neft xalqlara xoşbəxtlik də gətirə bilər, bədbəxtlik də. Mən çalışacam ki, neft Azərbaycan xalqına xoşbəxtlik gətirsin. Çünki Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir” deyən cənab Prezident yürütdüyü düşünülmüş iqtisadi kurs nəticəsində bu dövrdə neftdən əldə olunan gəlirlərlə həm ölkəni sürətli iqtisadi inkişaf yoluna çıxardı, həm də insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm işlər görüldü. Məsələn, 16 ildə iqtisadiyyatımızın 3,2 dəfə artması Prezidentin özünün qeyd etdiyi kimi, rekord göstəricidir. Bu, onu təsdiq edir ki, bu illər ərzində iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur.

Azərbaycanda baş verən inkişafın əsas xüsusiyyətlərindən biri qarşıya qoyulan məqsədlərə çatmaq üçün konkret dövlət proqramlarının qəbulu, dəqiq və aydın hədəflərin müəyyənləşdirilməsidir. Bu illər ərzində Prezident İlham Əliyev hər bir sahə üzrə konkret və ünvanlı proqramı imzalayıb ki, bu da hökumətin öz vəzifələrini dinamizm və ardıcıllıqla həyata keçirməyə imkan verib. Təbii ki, bu sırada regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramlarını xüsusilə qeyd etməliyik. Bütün bunların sayəsində respublikanın bölgələrində inkişaf prosesləri sürətləndi və 2004-cü ildən ötən müddətdə Azərbaycanda ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, kənd təsərrüfatı istehsalı 1,7 dəfə artdı. Dünyada qısa müddətdə belə inkişaf göstəricilərinə nail olmuş dövlət göstərmək yəqin ki, mümkün deyil!

Təbii ki, bu dövrün sosial uğurlarının statistikası da təqdirəlayiqdir. 2 milyon iş yeri açılması, maaşların 7, pensiyaların 9 dəfə artması, işsizliyin 5 faizə düşməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan sosial nailiyyətlərdir. Sosial məsələlərlə bağlı ən mühüm işlərdən biri də çadır şəhərciklərinin ləğvidir. Artıq Azərbaycanda Neft Fondunun vəsaitləri hesabına 105 qaçqın və məcburi köçkün şəhərciyi salınıb. Təbii ki, torpaqlarımız azad edildikdən sonra dövlətimiz həmin insanların doğma yurdlarında özlərinə ev-eşik qurmaları üçün əlindən gələni əsirgəməyəcək. Torpaqlarımızın azad ediləcəyi gün isə uzaqda deyil. Sülh danışıqları dalana dirənəcəyi təqdirdə Azərbaycan istənilən yolla ərazilərini azad etmək hüququnu özündə saxlayır. Artıq dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz istənilən an İlham Əliyevin Ali Baş Komandanlığı ilə öz müqəddəs vəzifəsini yerinə yetirməyə hazırdır.

Bu dövrdə Azərbaycan həm də yüksək gəlir gətirəcək digər nəhəng layihələri - "Cənub qaz dəhlizi”ni, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini çəkib, Türkiyədə "Star” zavodunu inşa edib. Hansı ki, bu layihələr əsrlər boyu xalqımıza xidmət edəcək. O cümlədən yol-nəqliyyat infrastrukturumuz tamamilə yeniləndi. Belə ki, bu illərdə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəsində mühüm layihələr həyata keçirildi, 15 min kilometr yeni avtomobil yolu çəkildi, 7 beynəlxalq hava limanı tikildi. Artıq ölkədə qazlaşdırma 96 faizə çatıb. Bu sırada diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, 70 ildə sovet hökumətinin qazlaşdırmadığı, yolu olmayan ucqar dağ kəndlərinə təbii qaz verildi, yol çəkildi. 16 ilin başqa bir mühüm uğuru Azərbaycanın kosmos dövlətinə çevrilməsidir. 31 yeni elektrik stansiyasının inşası, 4 su anbarının salınması isə bu gün ölkədə gedən inkişaf proseslərinə mühüm təkan verib.

Azərbaycanın inkişafını bütün bölgələrimizin, o cümlədən Qəbələ rayonunun timsalında görmək mümkündür. Sovet dövründə Qəbələ perspektivsiz rayonlardan hesab edilirdi. Kənd təsərrüfatı rayonu olsa da, bəzi sahələr inkişafdan geri qalırdı. Amma bu gün Qəbələ nəinki Azərbaycanda və Cənubi Qafqazda, dünyada tanınan bir diyara çevrilib. Ən müxtəlif ölkələrdən hər il buraya on minlərlə turist gəlir. Hər il Qəbələdə tanınmış ifaçıların iştirakı ilə beynəlxalq musiqi festivalı keçirilir. Yeni istifadəyə verilmiş istehsal və turizm-kurort müəssisələrində rayon sakinləri işlə təmin olunurlar. Xarici ölkələrdə səfərdə olarkən bəzən bizi hansısa müasir standartlarla təəccübləndirmək istəyirlər. Amma biz onlara deyirik ki, bundan da yaxşısı Qəbələdə var. Beləliklə, Qəbələ inkişaf edən Azərbaycanın ən gözəl nümunələrindən biri kimi fərqlənir və bütövlükdə ölkəmizdə gedən inkişaf proseslərinə layiqli töhfələr verir.

Bir məsələyə də toxunmaq istəyirəm. Məlumdur ki, dünyanın bir sıra yerlərində özünü göstərən ziddiyyətlər aradan qalxmaq əvəzinə daha da dərinləşir. Hər ötən gün müxtəlif ölkələrdə davam edən daxili siyasi və hərbi çəkişmələrlə yadda qalır. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, ölkəmizdə təhlükəsizlik, ictimai-siyasi sabitlik tam təmin olunub. Məhz bu sabitlik və sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın inkişafını şərtləndirən mühüm uğurlarımızın sırasında yer alır. Əldə olunan bütün uğurların təməlində ölkəmizdəki sabitlik dayanır.

Ağsaqqallarla gənclərin bir araya gələrək fikir mübadiləsi aparmalarının vacib olduğunu bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Əhliman ƏMİRASLANOVun sözlərinə görə, konfransın müzakirə etdiyi mövzu olduqca aktualdır:

- Bu gün Azərbaycan Ağsaqqallar Şurası, "Azərbaycan” qəzeti və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfrans ölkəmiz, xalqımız üçün son dərəcə vacib olan məsələlərə - iqtisadi inkişafa, xüsusilə də sosial məsələlərə həsr olunub və ilk dəfə olaraq yeni bir formatda keçirilir. Ölkənin avanqard qüvvəsinin bu toplantıda iştirakı və gənclərin sosial-iqtisadi məsələlərlə bağlı fikir söyləmələri bizim üçün çox vacibdir.

Azərbaycanda sosial sahə Ulu Öndər Heydər Əliyev siyasətinin ana xəttini təşkil edib. İstər Azərbaycana rəhbərliyinin birinci dövründə, istərsə də 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra dahi lider bu sahəyə son dərəcə diqqət və qayğı göstərib. Ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması Heydər Əliyev siyasətinin prioriteti olub. Bu gözəl ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə cənab Prezidentin ilin əvvəlindən başlayaraq böyük sosial paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar bunu bir daha təsdiqləyir. Azərbaycanın dövlət büdcəsi hər zaman sosialyönümlü olub. Dünyada az sayda ölkələr tapılar ki, büdcəsinin 34 faizdən artıq hissəsi sosial sahələrə yönəlmiş olsun. Hesab edirəm ki, bu rəqəm gələn ilin dövlət büdcəsində daha yüksək olacaq.

Əgər 10-12 il öncəki tarixi xatırlasaq, Azərbaycan səhiyyə sistemində baş verən yeni dəyişikliklərin, reallaşan uğurların şahidi olarıq. Ancaq onu da vurğulamalıyıq ki, böyük nailiyyətlər qazansaq da, bu gün səhiyyə sahəsində problemlərimiz mövcuddur və hələ görüləcək işlər var. Bunu Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib.

Əvvəllər ölkəmizdə bir çox insanın həyatı üçün təhlükə təşkil edən xəstəliklərin müalicəsi mümkün deyildi. Bunun üçün nə maddi-texniki bazamız, nə də kadr potensialımız var idi. Ancaq son illərdə məhz maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni xəstəxanaların, diaqnostik mərkəzlərin istifadəyə verilməsi, eləcə də yüksəkixtisaslı kadr potensialının hazırlanması sahəsində böyük işlər görülüb. Bu sahənin mütəxəssisi kimi onu deyə bilərəm ki, bu gün diaqnostikası və müalicəsi mümkün olmayan bir xəstəlik yoxdur ki, bunu Azərbaycanda həyata keçirmək mümkün olmasın! Yəni ölkəmizdə müalicəsi mümkün olmayan xəstəlik yoxdur!

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə 700-ə yaxın xəstəxana, diaqnostik mərkəz tikilib, yaxud yenidən qurulub. Bu səhiyyə ocaqlarının hər biri ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilib.

Biz onunla da razılaşırıq ki, həmin müalicə, diaqnostika mərkəzləri hər bir insan üçün əlçatan deyil. Bütün bunları nəzərə alan dövlət başçısı gələn ildən ölkədə icbari-tibbi sığortanın tətbiqinə başlanılması ilə bağlı sərəncam imzalayıb. Bu sistemin tətbiqi mövcud problemlərin aradan qaldırılması ilə nəticələnəcək. Yəni icbari-tibbi sığortanın həyata keçirilməsi ilə insanları narahat edən istənilən xəstəliyin müalicəsi, əməliyyatı sığorta hesabına həyata keçiriləcək. Bu siyahı çox böyükdür və 200-dən çox xəstəlik növləri öz əksini tapıb ki, insanlarımız icbari-tibbi sığortanın tətbiqi ilə sağlıq problemlərini həll edə bələcəklər.

Bəzi qonşu ölkələrin təcrübəsi göstərdi ki, yüksək səviyyəli maddi-texniki bazası olmayan, kadr potensialı, həkim ordusu olmayan bir ölkədə tələsik icbari-tibbi sığortaya keçmək gözlənilən nəticəni vermir. Ona görə də ölkəmizdə bu gün çox geniş imkanlara malik xəstəxanaların, diaqnostik mərkəzlərin, yüksək peşəkar kadr potensialının mövcudluğu onu deməyə əsas yaradır ki, Azərbaycanda bu sistemin tətbiqi uğurla reallaşacaq.

Xüsusi olaraq vurğulayım ki, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihələr də həyata keçirilib. Bu ərazilərdə icbari-tibbi sığortanın tətbiqi nəticəsində əhali arasında ölüm faizi çox ciddi şəkildə aşağı düşüb, ən mürəkkəb diaqnostik üsullara müraciət edən xəstələrin sayı artdı və insanlar heç bir vəsait ödəmədən müayinə və müalicə olunmağa başladılar.

Əvvəllər insanların çoxu ölkədə açıq ürək əməliyyatı aparılmadığından rəhmətə gedirdi. Çox cüzi hissəsi xərc çəkib xaricdə əməliyyat olunurdu. Ancaq bu gün ölkədə minlərlə insan əməliyyat olunaraq sağlam həyat yaşayır.

Milli Məclisin Səhiyyə komitəsinin rəhbəri kimi dəfələrlə həmin ərazilərə səfər edib görülən işlərlə maraqlanmışam, insanlarla söhbət etmişəm. Hər kəs razılıq edir və əhali bu sistemin tətbiqini çox yüksək dəyərləndirir.

Bu, cənab İlham Əliyevin sosial siyasətinin, xüsusilə səhiyyə sahəsində apardığı islahatların uğurlarıdır və getdikcə daha böyük nailiyyətlər əldə ediləcək. Çünki ölkədə icbari-tibbi sığortanın tətbiqi ilə ən ciddi xəstəliklərin müalicəsi belə mümkün olacaq. Əhaliyə göstəriləcək tibbi yardımın kəmiyyəti və keyfiyyəti yüksələcək.

Respublikanın müxtəlif bölgələrindən olan dəyərli ağsaqqalların, ziyalıların iştirak etdiyi konfransın əhəmiyyətini qeyd edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Ağsaqqallar Şurasının sədr müavini, tibb elmləri doktoru Sudeyif İMAMVERDİYEV dedi:

- Ümumi düşüncə istiqaməti hamıda eynidir: azərbaycançılıq və vətənpərvərlik. Vətənpərvərlik birinci növbədə insanın öz ölkəsinə olan sevgisidir. Azərbaycançılıq ruhu isə bu hissdən başlanır. Hesab edirəm ki, Azərbaycanın sürətli inkişafında hər birimiz öz mövqeyimizi ortaya qoymalı, xidmət etmək düşüncəsi ilə yaşamalıyıq. Bütün hallarda biz ağsaqqallar hansı dövrdən hara gəlib çıxdığımızı yaddaşda saxlamaqla gənclərə də xatırlatmalıyıq.

Heç birimiz 1990-cı illərdə Azərbaycanın başının üzərini qara buludların aldığı dövrü unutmamalıyıq. Deyim ki, daxili sabitliyin təmin olunmadığı bir cəmiyyətdə güclü dövlət qurmaq, qanunun aliliyini təmin etmək mümkün deyildir. Müdrik xalqımız o zaman qəti hərəkət edərək yeganə düzgün addımı atdı. Dünyanın böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev azad edə bilərdi. Çünki Ümummilli Liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu.

Heç zaman seçimində yanılmayan xalqımız həmin dövrdə çox düzgün seçim etdi. Bu olmasa idi, Allah bilir hansı günlərə düçar olardıq. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı. Sabitliyin təmin olunması ilə Azərbaycan stabil inkişaf üçün real zəmin əldə etdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış "Əsrin müqaviləsi” isə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. Vurğulayaq ki, bu da yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Saziş Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Bütün dünya gördü ki, Azərbaycan yüksək iradə, inam, ağıl və sistemliliklə çətinliklərdən çıxıb, inkişafın zirvəsinə qalxır.

Son 16 ildir isə xalq gələcəyini düşünərək ölkədə davamlı sabitliyin və sürətli inkişafın təminatçısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə etimad göstərməkdədir. Regionlarda sənaye, emal, xidmət, turizm və digər sahələr inkişaf edib. Xüsusilə də xaricdən gələn qonaqlar Azərbaycanın bölgələrinin inkişafını əyani şəkildə görürlər.

Bu gün, eyni zamanda, Azərbaycanın güclü ordusu var. Ordu quruculuğu prosesinin müasir standartlara uyğun həyata keçirilməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki ordu məsələlərinə yüksək diqqət yetirilərək onun gücləndirilməsi Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Ermənistanda bunu yaxşı bilir və haqlı olaraq narahatlıq keçirirlər.

Sonda qeyd etmək istərdim ki, bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, "Gəncəli” İstehsal-Kommersiya şirkətinin rəhbəri Bayram YUSİFOV bildirdi ki, Azərbaycanda sosial və iqtisadi inkişaf baxımından əhəmiyyətli addımlar atılır. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin əsas mahiyyətini məhz insan faktoru, vətəndaşların mənafeyi, onların rifah halının yüksəldilməsi təşkil edir:

- Hazırda bir çox sahələrlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə də ciddi tədbirlər görülür. Əməkhaqlarının artırılması, pensiya təminatının təkmilləşdirilməsi sahəsində aparılan səmərəli islahatlar, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün reallaşdırılan geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahəyə dair qəbul olunan və həyata keçirilən bir çox qanunlar xalqımızın rifah halının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərdir. Şübhəsiz ki, bu sosial islahatlar və inkişaf məsələləri uğurlu dövlət siyasətinin prioritetləri hesab edilirlər.

Regionlarımızın sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində bölgələrdə də müxtəlif sahələrdə böyük uğurlar qazanılıb. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabitliyini qorumaq üçün regional inkişafda tarazlılığın saxlanılması vacib şərtlərdəndir. Son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında hökumətin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi məhz bu reallığa əsaslanır. Bu həm də onunla şərtlənir ki, milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi regionların inkişafının sürətləndirilməsini, habelə sosial-iqtisadi problemlərin həllində sahibkarlığın rolunun artırılmasını, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Məhz regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq respublikamız ictimai həyatın bütün sahələrində çoxşaxəli islahatlar aparan və investisiya cəlbediciliyini qoruyan ölkələrdən biri kimi tanınır.

Birinci vitse-prezident kimi hər bir sahədə Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun, sosial-iqtisadi islahatların dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etdikdə şahidi oluruq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Son illərdə görülən işlərin yekunları da bir daha göstərir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daima öz uğurlu fəaliyyəti ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verir.

Ölkəmiz inkişaf etdikcə, yüksəldikcə bizi sevməyən bəzi dairələr Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyalarına başlayırlar. Onlar bu prosesdə daxildəki radikal müxalifətdən bir vasitə kimi istifadə edirlər.

Hər bir ölkədə sağlam müxalifətin olması yaxşı bir haldır. Lakin çox təəssüflər olsun ki, Azərbaycanda özlərini müxalifət adlandıranların bir qismi radikal əhvali-ruhiyyəli və şər-böhtançı xislətlidirlər. Onlar heç zaman dövlətə, xalqa xidmət etmək, Azərbaycanın inkişafına töhfə vermək istəmirlər. Bu radikal müxalifətin hakimiyyət dövrünün də şahidi olmuşuq. Onların hakimiyyəti dövründə ölkədəki xaosu, vətəndaş qarşıdurmasını, sosial-iqtisadi tənəzzülü, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnən məğlubiyyətləri də xatırlayırıq. Radikal müxalifətçilər bəzi xarici təşkilatların, eyni zamanda erməni lobbisinin vəsaiti hesabına ölkəni yenidən anarxiyaya, xaosa aparmaq istəyirlər.

Lakin dövlətimiz və xalqımız buna heç zaman imkan verməyəcəkdir. Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Vətəndaşlarımız Azərbaycanın inkişafından, həyata keçirilən sosial-iqtisadi islahatlardan çox razıdırlar və dövlət başçısı cənab

İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Ölkəmizdə qarşıdurma, xaos yaratmaq istəyənlər nəhayət dərk etməlidirlər ki, Azərbaycanda sabitlik, inkişaf, vətəndaş və dövlət həmrəyliyi möhkəm əsaslar üzərində qurulub və bunu heç bir qüvvə sarsıda bilməz.

Azərbaycanın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə çalışan respublika ağsaqqallarının da məqsədi cəmiyyətimizin, xüsusilə də gənclərimizin doğru yola istiqamətləndirilməsi, onların ədalət, düzgünlük, vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət və əməksevərlik ruhunda tərbiyə edilməsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırılan ağsaqqallar ordusu gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi, ölkədə əmin-amanlığın qorunması, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin dəstəklənməsi üçün üzərlərinə düşən vəzifələri bundan sonra da böyük səylə həyata keçirəcəklər.

Ağsu rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin ABDULLAYEV dedi ki, dayanıqlı inkişaf yolu ilə inamla addımlayan Azərbaycan çox qüdrətli dövlətə çevrilib. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədyi "gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bugünümüzün reallığıdır. Həqiqətən də Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətlə Azərbaycan Cənubi Qafqazın lider dövləti, dünya birliyində isə söz sahibinə çevrilib:

- Bu gün Azərbaycan reallıqları göz önündədir. Ölkənin sürətli iqtisadi inkişafı, xalqın sosial rifahının günü-gündən yaxşılaşdırılması və Azərbaycanın dünya dövlətləri sırasındakı yüksələn mövqeyi cənab İlham Əliyevin müstəqil siyasətinin real təzahürüdür. Ancaq etiraf etməliyik ki, bu uğurlar heç də asan əldə edilməyib. Məhz Azərbaycan Prezidentinin prinsipiallığı, qətiyyəti sayəsində ölkəmiz bu nailiyyətlərə imza atıb.

Əlbəttə ki, bu uğurlar bəzilərində qıcıq yaradır. Həmin qüvvələr Azərbaycanın qısa müddət ərzində nail olduğu bu yüksəlişi həzm edə bilmirlər. Çirkin əməllərlə bu uğurlara kölgə salmaq, ölkəmizə qara yaxmaq üçün hər vasitəyə əl atırlar. Ancaq nə qədər pislik etsələr də, bu əməlləri, xislətləri Azərbaycanı, xüsusən də xalqı ruhdan salmayacaq, əksinə, daha da mütəşəkkil olmağa sövq edəcəkdir.

Bu gün Azərbaycanın bölgələrinin durumu da ölkənin uğurlu inkişafının göstəricisidir. Hər bir bölgədə aparılan quruculuq işləri bölgələrin simasını büsbütün dəyişib. Digər rayonlarımız kimi, Ağsu rayonunun da sosial-iqtisadi inkişafı istiqamətində böyük işlər görülür. Rayonda qazlaşdırma prosesi artıq 99 faizə çatıb. Aqrar sahədə də uğurlu göstəricilər var. Pambıqçılıq, baramaçılıq yüksəlişdədir, bu il zəmilərdən 115 min ton taxıl biçilib.

Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu göstəriciləridir. Regionların inkişafını daim diqqət mərkəzində saxlayan cənab Prezident əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox böyük işlər görür. Biz ağsaqqallar da dövlət başçısının bu siyasətinə dəstək verərək hər zaman onun yanında olduğumuzu bəyan etmişik. Biz əminik ki, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev Azərbaycanı daha böyük zirvələrə yüksəldəcəkdir.

Zaqatala Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz ƏLİYEVin sözlərinə görə, hər bir gənc qürur hissi duyur ki, onun dünyada inkişaf etmiş, güclü, qüdrətli dövləti, Azərbaycan adlanan vətəni var. Fəxr edirik ki, biz Azərbaycanın vətəndaşıyıq:

- Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş bir dövlətinə çevrilmiş və inkişaf etmiş dövlətlər arasında öz yerini inamla qoruyub saxlayır. Azərbaycan dünyada həm də inkişaf etmiş idman dövləti kimi də tanınır. Bu inkişaf heç də öz-özünə və asan baş verməmişdir. Bu inkişaf Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanı yenidən qurub yaratdı. Onun apardığı siyasət və özünü dövlətə həsr etməsi bizim qızıl tariximizdir. Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə Azərbaycanı daha surətli inkişaf yoluna çıxarıb. İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın sevgisi, inamı və birliyi ilə həyata keçirdikləri gərgin fəaliyyətin nəticəsidir ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

Cənab İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğı göz qarşısındadır. Dünyanın elə bir ölkəsi tapılmaz ki, dövlət öz gənclərinə Azərbaycan dövləti qədər qayğı göstərsin. Buna misal Prezident İlham Əliyevin həyata keçirdiyi layihələr, ölkəmizdə təşkil olunan dünya səviyyəli tədbirlər və gənclərə yaradılan şəraitdir. Elə bir Avropa ölkəsi yoxdur ki, orada Azərbaycandakı kimi Olimpiya İdman kompleksləri, Gənclər evləri, təhsil ocaqları və s. olsun. Bütün bunlar Azərbaycan gənclərinin sağlam böyüməsinə, savadlı olmasına xidmət edir. Bunların nəticəsidir ki, gənclərimiz dünyada keçirilən tədbirlərdə və idman yarışlarında çoxlu uğurlar və qələbələr əldə edərək vətənimizin üçrəngli bayrağını ucalara qaldırırlar.

Zaqatala rayonunda da gənclərə göstərilən diqqət və qayğı, rayon rəhbərliyinin yaratdığı şərait ölkə başçısının siyasətinin ardıcıl davamıdır. Rayonumuzun gəncləri ölkədə və dünyada keçirilən tədbirlərdə fəal iştirak edir, uğurlar qazanaraq ölkəmizin adını ucaldırlar.

Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Mayıl ALICANOV dedi ki, ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Prezident İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir:

- Prezident İlham Əliyev tərəfindən respublikada sənaye ilə yanaşı, qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür. Bu baxımdan bilavasitə dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Məlum olduğu kimi, bu il fevralın 5-də Ağsu, İsmayıllı və Şamaxı ərazisində baş verən zəlzələlər nəticəsində onlarla fərdi yaşayış evləri uçmuş və qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə xeyli ziyan dəymişdir. Zəlzələdən dərhal sonra Prezident bölgəyə gəldi, yerli sakinlərlə görüşdü, zəlzələnin törətdiyi fəsadlarla yerindəcə tanış oldu, quruculuq və bərpa prosesini şəxsi nəzarətinə götürdü. Bunun nəticəsidir ki, təbii fəlakətdən dərhal sonra rayonda mühəndis-kommunikasiya sistemləri bərpa olundu, zəlzələdən zərər çəkmiş əhaliyə ilkin yardım göstərildi.

İlham Əliyevin baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması haqqında sərəncamı, yerli sakinlərlə görüşü, onlara maddi və mənəvi dayaq durması onun hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha əyani surətdə təsdiq etmiş oldu. Zəlzələnin fəsadlarının aradan qaldırılması haqqında sərəncamla kifayətlənməyən Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə yenidən Şamaxıya gəldilər, vətəndaşlarla şəxsən görüşdülər, yeni tikilmiş və istifadəyə verilmiş evlərin sakinləri ilə həmsöhbət oldular.

Təbii fəlakətdən keçən dövrdə vətəndaşların müraciəti əsasında 6251 evə baxış keçirilib. Bu evlərdən 375-i qəzalı hesab edilib və artıq onlardan 90 evin inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən 1442 evin bərpaya, 2501 evin təmirə ehtiyacı olduğu bildirilib. Hazırda 105 evdə tikinti işləri aparılır, bərpaya ehtiyacı olan evlərdən 181-də işlər başa çatıb, 670-də işlər görülür, həmçinin 320 evdə təmir işləri bitib, 85 evdə isə işlər davam etdirilməkdədir.

Zəlzələdən evlərinə ziyan dəymiş vətəndaşların sosial vəziyyətini nəzərə alaraq Heydər Əliyev Fondu rayon üzrə daha 44 evin tikintisini həyata keçirəcəkdir. Artıq 31 ev tikilir, 12 evdə isə təmir-bərpa işləri görülür. Hazırda aparılan işlərlə bərabər evlərin smeta sənədlərinin hazırlanması və işlərin layihələndirilməsi, eyni zamanda vətəndaşların müraciətləri əsasında evlərə baxış prosesi davam edir.

Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə yanaşı, Şamaxıda təhsil, səhiyyə və mədəniyyət sahələrində də infrastrukturun yenilənməsi istiqamətində işlər görülür. Həmçinin şəxsən Mehriban Əliyevanın rəhbərliyi ilə rayonda 10 sosial obyektin tikintisi aparılır. Belə ki, şəhər 2 saylı və Meysəri kənd körpələr evi-uşaq bağçaları, Məlikçobanlı kənd tam orta məktəbi, həmçinin Həmyəli, Birinci Quşçu, Mərzəndiyə, Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri tikilir. Ölkə Prezidentinin 27 avqust 2018-ci il tarixli sərəncamına əsasən, Şamaxı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.

Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad GÖZƏLOV diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlər üzrə durmadan inkişaf edir. Respublikamız dünyəvi və demokratik dövlət olaraq dünyada öz mövqeyini və maraqlarını layiqincə təmin etməkdədir:

- Ölkəmizdə bütün sahələri əhatə edən sürətli inkişaf gənclər və idman sahəsində də bir sıra uğur və nailiyyətlərin qazanılmasına təkan vermişdir. Dövlət başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı nəticəsində gənclər və idman siyasəti dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun təsis edilməsi, 2015-2025-ci illəri əhatə edəcək "Azərbaycan Gənclərinin İnkişafı Strategiyası”nın qəbul olunması, "2017-2021-ci illərdə Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiq olunması yuxarıda qeyd olunan fikirlərin əyani təzahürüdür. Böyüməkdə olan gənc nəslin fiziki cəhətdən sağlam, əqli cəhətdən möhkəm olması üçün ölkəmizdə geniş meydanlar açılmışdır. 40-a yaxın Gənclər mərkəzləri, 44 Olimpiya idman kompleksi, idman zalları tikilərək yeniyetmə və gənclərin istifadəsinə verilmişdir.

Bu gün rayonumuzda gənclər idmanın sərbəst güləş, yunan-Roma güləşi, boks, taekvondo, karate, gimnastika, futbol, voleybol, şahmat-dama, budo döyüş növləri ilə məşğul olurlar. Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi idmana marağın artmasına səbəb olmuş və yeniyetmə gənclərimizin sağlamlıqlarının möhkəmliyinə xidmət edir.

Ölkədə əmin-amanlıq şəraitinin yaxşılaşdırılması, ictimai asayişin yüksək səviyyədə qorunması, maaşların, təqaüdlərin, müavinətlərin artırılması, sakinlərin rifah halının yüksəldilməsi bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Bu, daim əməli işlərlə sübut olunur.

Biz ağdaşlı gənclər bundan sonra da dövlətimizin qorunması, çiçəklənməsi, daim inkişaf etməsi üçün Heydər Əliyev siyasi kursuna sadiq qalacağıq, bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşəcəyik.

Qəbələ rayon Həmzəli kənd orta məktəbinin müəllimi Fəxrənisə DADAŞOVA dedi ki, bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir:

- Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə müraciətini xatırlamaq istəyirəm: "Siz Azərbaycanın bugünü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”. Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu. Mən də bütün yaşıdlarım kimi çalışıram ki, öz fəaliyyətimlə bu vəzifələrin öhdəsindən gəlim. Bir müəllim kimi məqsədimiz həm də şagirdləri azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə etmək, doğma vətəninə, xalqına, tarixinə sadiq gənclər kimi yetişdirməkdir. Biz sevinirik ki, gündən-günə abadlaşan, gözəlləşən Qəbələmizdə belə gənclərin sayı çoxdur.

Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Biz qəbələli gənclər də hansı sahədə fəaliyyət göstəririksə göstərək öz Prezidentimizə, onun siyasətinə arxalanırıq. Bu gün hər bir gənc Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

Savadlı gənc mütəxəssislərin hazırlanması orta məktəbdən başlayır. Dövlətimiz bu məsələyə də xüsusi diqqət yetirir. Son illər yüzlərlə məktəb tikilib istifadəyə verilib. Bütövlükdə təhsil infrastrukturu yenilənir. İldən-ilə ali məktəblərə qəbul olan məzunlarımızın sayı artır. Yetirmələrimiz müxtəlif müsabiqə və yarışlarda mükafatlar qazanırlar. Mən də Azərbaycanın gənc vətəndaşı olaraq xoşbəxtəm ki, belə bir ölkədə yaşayıram. Dövlətimizlə, gənclərimizlə, Prezidentimizlə qürur duyuram. Gənc müəllimə olaraq gələcəyimiz olan şagirdlərə hər zaman bu dövlətə, bu vətənə layiqli övlad olmalarını aşılamışam və aşılayacağam. Biz böyüklərimizdən, ağsaqqal və ağbirçəklərimizdən vətənə sədaqət, böyüyə hörmət görmüşük və bu ənənələri davam etdirərək gələcək nəslə çatdırmaq borcumuzdur.

Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala BAYRAMOV bildirdi ki, gündən-günə çiçəklənən Azərbaycanımız öz tarixinin ən böyük intibahını yaşamaqdadır:

- Bu böyük uğuru yalnız el dilində desək, mənəviyyatı mayıf olanlar görməyə və dərk etməyə bilər. Ölkənin hər bölgəsində uğurla həyata keçirilən möhtəşəm inkişaf bizdən də yan keçmir. Bütün uğurlarımızın cənab Prezidentin yaratdığı sabitlik, əmin-amanlıq və işgüzar şəraitin məntiqi nəticəsi olduğunu hər kəs anlayır, minnətdarlıq edir.

Çünki bu xarüqələr cənab Prezidentin işgüzarlığı və təşəbbüsləri ilə layihələndirilir, sərəncamı ilə maliyyələşdirilir, yaradılması müntəzəm olaraq nəzarətdə saxlanılır, yekunu açılışlarla xalqa təqdim olunur. Bu həqiqətləri duymaq, dəyərləndirmək özü də bir mənəvi saflıq tələb edir.

İqtisadiyyatın bütün sahələrindəki sıçrayışlı inkişaf, yeni iş yerlərinin yaradılması, xalqın bütün zümrələrinin qayğı ilə əhatə olunması cənab İlham Əliyevin hər kəsin Prezidenti olduğunun bariz nümunəsidir.

Ucar Ağsaqqallar Şurasının sədri Mirzalı AĞAMALIYEV bildirdi ki, Prezident İlham Əliyev xalqın etimadını əməli fəaliyyəti, xeyirli və gərəkli işləri ilə daim doğruldub. Bunu ötən 16 ildə Azərbaycanın inkişafı, insanların həyat səviyyəsinin yaxşılaşdırılması sübut edir:

- Bu siyasət indi də davam edir və daha yüksək sürətlə və əzmkarlıqla. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdan gələn dövrdə əhalinin sosial rifah halının daha da yüksəldilməsi əsas məsələ olacaq. Ölkə Prezidentinin verdiyi vədlər yüksək səviyyədə yerinə yetirilir. Dövlət başçısı 2019-cu ilin birinci yarısında iki böyük sosial islahatlar paketi təsdiqləyib. Bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir.

Regionların inkişafı ilə bağlı qəbul edilən müvafiq dövlət proqramları çərçivəsində görülən işlər bütün sahələrdə yüksəlişə geniş imkanlar açmışdır. Regionlarda sahibkarlığın ardıcıl şəkildə dəstəklənməsi, güzəştli kreditlərin verilməsi, subsidiyaların həcminin artırılması, müasir təsərrüfatların yaradılması, qabaqcıl təcrübənin tətbiqi, texnika ilə təminatın gücləndirilməsi sayəsində 2019-cu ilin birinci yarısında da uğurlu göstəricilər əldə olunmuşdur. Rayonumuzda da əldə olunan nəticələr ürəkaçandır.

Ümumiyyətlə isə, respublikanın bütün regionları kimi, ötən 16 ildə Ucar rayonu da müasirləşmiş və zəruri infrastruktur layihələri həyata keçirilmişdir. Rayonun 30 yaşayış məntəqəsindən 29-u qazla təmin edilmiş, 15 kənddə su təmizləyici qurğu quraşdırılmış, 13 kəndə Ağsu-Ucar içməli su xəttindən su verilmişdir. Rayon ərazisində son illər istifadəyə verilən broyler quşçuluq kompleksi fəaliyyət göstərməklə, ötən il rayon ərazisində müasir tipli Ucar Pambıq Emalı Zavodu tikilib istifadəyə verilmişdir. Ölkə Prezidentinin sərəncamı ilə kənd yollarının asfaltlanması ilə əlaqədar son illərdə üç layihə həyata keçirilmişdir.

İftixarla demək olar ki, Heydər Əliyev siyasəti ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi sabitlik, əmin-amanlıq ən yüksək səviyyədə təmin edilmişdir. Biz ağsaqqalların əsas vəzifəsi ölkədəki sabitliyin qorunmasına çalışmaq, gənclərə düzgün yol göstərməkdir.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri Fəttah HEYDƏROV konfransa yekun vuraraq dedi:

- Olduqca maraqlı, məzmunlu, əhatəli müzakirələr apardıq. Çıxışlarda səslənən birmənalı rəy budur ki, Prezident İlham Əliyevin yeni islahatlar kursu əhali tərəfindən tam dəstəklənir. Həmçinin son sosial paketlər əhalinin rifahını əsaslı şəkildə yüksəldib.

Xalq öz rəhbərinə minnətdardır, onun siyasi kursuna sadiqdir. Hamımız bilirik ki, cənab İlham Əliyevin lider kimi ən böyük uğurlarından biri ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edə bilməsindədir. Möhtərəm Prezidentimizin arxasında qüdrətli və güclü dövlət, yumruq kimi birləşən xalq dayanıb. Məhz bu mənəvi birlik sayəsində ölkə başçısı Azərbaycanın ən qüdrətli dövrünün möhtəşəm tarixini yaradıb.

Azərbaycanı çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm dövrünə çatdıran lider məhz İlham Əliyevdir. Əbədiyaşar şəxsiyyət Heydər Əliyevin irəli sürdüyü "Güclü dövlət-müstəqil siyasət” tezisi məhz İlham Əliyevin prezidentliyi dövründə tam mahiyyəti ilə reallaşıb.

Prezident İlham Əliyevin əldə etdiyi böyük uğurların əsas səbəblərindən biri də onun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident daim Azərbaycan dövlətçiliyini hər cür qəsddən qorumağa qadir siya-sətçi olduğunu göstərib. Milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirib.

Yeni sosial-iqtisadi islahatlar konsepsiyası Prezident İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu növbəti dəfə təsdiqlədi. İslahatların növbəti mərhələsinin nəticələrinin dövlətimiz və xalqımız üçün daha uğurlu olacağına böyük əminlik var. Əgər hansısa işin, prosesin müəllifi möhtərəm İlham Əliyevdirsə, demək, o iş yüksək uğurla gedəcək.

Müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır. Hər birimiz tam əminik ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu yol əbədiyyətə qədər davam edəcəkdir.

"AZƏRBAYCAN”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video