22 Sentyabr 2019 00:54
647
İQTİSADİYYAT
A- A+

8 ayda 8,6 milyard manat vəsait


Prezident İlham Əliyevin iqtisadi islahatları Azərbaycanı yerli və xarici investorlar üçün əlverişli biznes məkanına çevirib


Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib və bu sahədə əhəmiyyətli dərəcədə irəliləyişlərə nail olunub. Məhz bunun nəticəsidir ki, dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında olan Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,8 faiz, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 17 faiz artıb.

Dövlət özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri görür.

Prezident İlham Əliyevin sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə vurğuladığı kimi, iqtisadi göstəricilər Azərbaycanın düzgün istiqamətdə inkişaf etdiyini bir daha təsdiqləyir: "Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır”.

İqtisadi göstəricilərə nəzər yetirsək bunu aydın şəkildə görürük. Ona əsasən deyə bilərik ki, həqiqətən Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Sərmayədarların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. Məhz bu tədbirlərin nəticəsidir ki, təkcə ötən il iqtisadiyyata 15,3 milyard dollar investisiya yatırılıb. Bu məbləğin 8,2 milyard dolları xarici investisiyadır.

Dünyada və regionda sərmayə həcmi azaldığı halda Azərbaycanda bu ilin 8 ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 627,2 milyon manat vəsait yönəldilib. Vəsaitin 66,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri olub. Daxili mənbələrdən isə əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.

Onu da əlavə edək ki, Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran xarici ölkələr sırasında Rusiya Federasiyası xüsusilə fərqlənir. Sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda qeyd edilib ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı ölkəmizin payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1,2 milyard dollar təşkil edir.

Ötən 8 ayda ölkəmizin sənaye müəssisələri və bu sahədə çalışan fərdi sahibkarların fəaliyyətini də müsbət qiymətləndirmək olar. Çünki müəssisələr və iş adamları tərəfindən 30,9 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb. Sənaye məhsulunun 25,1 faizi emal sektorunda istehsal olunub.

Ümumilikdə isə müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. Ölkənin strateji valyuta ehtiyatları 49 milyard dollara yüksəlib.

Bu gün Azərbaycanda həyata keçirilən strateji islahatlar davamlı və inklüziv iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Son illərdə institusional, insan kapitalı və sosial rifah, biznes mühiti, infrastruktur, kapital əlyetərliliyi və ərtaf mühitin mühafizəsinə yönəlmiş sistemli və kompleks islahatlar daha intensiv olaraq həyata keçirilir. Biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə mühüm tədbirlər reallaşır, sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir. Bununla yanaşı, lisenziyalaşdırmanın sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə faizinin aşağı salınması, kiçik və orta sahibkarlığın inkişafı tədbirləri, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, vergi, gömrük, sosial ödənişlər sisteminin təkmilləşdirilməsi özəl sektorun iqtisadiyyatda payını daha da artırıb. Bu ilin ötən dövründə ümumi dəyəri 404,8 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 103 milyon manat güzəştli kredit verilib və həmin investisiya layihələrinin reallaşdırılması 3500-dək yeni iş yerinin açılmasına imkan yaradıb. İlin sonunadək sahibkarlara daha 120 milyon manat kreditin verilməsi planlaşdırılır.

Prezident İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumundakı çıxışı zamanı dünyanın aparıcı şirkətlərini işbirliyinə dəvət edərək bildirmişdi ki, Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Ölkəmizdə infrastrukturun inkişafına çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir: "Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son "Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır”.

Beynəlxalq təşkilatların hesabatlarına nəzər yetirdikdə deyilənlər bir daha təsdiqini tapır. Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün münasib biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapıb.

Təkcə bir fakta nəzər yetirək. Hazırda Azərbaycanda fəaliyyət göstərən 5 sənaye parkında investorlar, yəni rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri stimullaşdırılır.

Avropa İttifaqının ötən ildəki "Azərbaycan investisiya məkanı kimi” sorğusunda iştirak etmiş şirkətlərin 66 faizi "Azərbaycana yenidən investisiya qoyardınızmı?” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək qiymətləndiriblər.

Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması, əlbəttə ki, Azərbaycandakı investisiya mühiti ilə bağlı söylənən fikirləri bir daha təsdiqləyir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video