22 Sentyabr 2019 00:52
593
İQTİSADİYYAT
A- A+

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu


Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox çətin oldu. Belə ki, siyasi sabitsizlik, tez-tez hakimiyyət dəyişikliyi, xaos və hərc-mərclik son həddə çatmışdı. Digər tərəfdən, iqtisadi böhran və inflyasiya əhalinin həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdu. Bununla yanaşı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilmişdi. Bu da dövlətdən əlavə vəsait xərclənməsini tələb edirdi. Digər tərəfdən, Ermənistanla müharibə vəziyyətində olduğumuz üçün ordunun təminatına pul lazım idi. Xəzinə isə boş idi.

Ölkənin belə çətin vəziyyətində xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Təcrübəli və uzaqgörən siyasətçi olan Ümummilli Lider çıxış yolunu neft sənayesinin müasir dövrün tələblərinə uyğun yenidən qurulmasında gördü. Bunun üçün böyük siyasi iradə və uzaqgörənlik lazım idi. Çünki "Əsrin müqaviləsi”nin imzalanmasına mane olmaq istəyən böyük qüvvələr vardı. Həmin dövrdə isə Azərbaycan öz tarixinin bəlkə də ən zəif dövrünü yaşayırdı. Aparılan uğurlu siyasət nəticəsində Ulu Öndər Heydər Əliyev 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu.

Beləliklə, 1997-ci ilin noyabrında ilkin neft hasil edildi. Sonrakı illərdə neft satışından əldə edilən gəlirdən ölkənin inkişafı üçün istifadə edilməyə başlandı. İlk növbədə əhalinin, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına vəsait ayrıldı. Sonra ölkənin ümumi inkişafının təmin edilməsindən ötrü nəhəng sosial və infrastruktur layihələrinin icrasına start verildi. Yeni asfalt və dəmir yolu xətləri çəkildi və ya əsaslı təmir edildi, enerji və qaz təchizatı sistemi isə müasir dövrün tələbləri səviyyəsinə qaldırıldı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 34-cü yerdədir.

"Əsrin müqaviləsi” ölkənin gəlirinin artmasında, xüsusilə maliyyə vəziyyətinin sabit saxlanmasında əsas mənbə olaraq qalır. Təkcə "Azəri-Çıraq-Günəşli”dən (AÇG) 2001-ci ildən bəri 143 milyard 366 milyon dollar gəlir əldə edilib. Bu ilin 6 ayı ərzində ölkənin valyuta ehtiyatlarının 49 milyard dollara çatması da "Əsrin müqaviləsi”nin nəticəsidir.

Neft sənayesinin dirçəldilməsi ölkəmizə xarici kapital qoyuluşunu da təmin etdi. Belə ki, 2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft yataqlarının işlənməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və "Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barel neft hasil edilib. Eyni zamanda həmin yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək ölkəmizə əvəzsiz verilib.

Prezident İlham Əliyev "Əsrin müqaviləsi”nin fəaliyyət müddətinin uzadılması, daha çox neft və qazın hasil edilməsi üçün yeni müqavilənin bağlanması ideyasını irəli sürdü. Bunun sayəsində 2017-ci ilin sentyabrında "Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Yeni sazişin əhatə etdiyi dövrdə beynəlxalq tərəfdaş şirkətlər tərəfindən Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəniləcək. Eyni zamanda, yeni sazişin imzalanması nəticəsində ölkəmizə növbəti 32 il ərzində AÇG-yə 30 milyarddan artıq sərmayə qoyulmasına imkan yarandı.

Prezident İlham Əliyev cari il yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda son 15 il ərzində ölkənin qazandığı nailiyyətləri yüksək qiymətləndirərək demişdir: "Beləliklə, görülmüş işlər haqqında danışanda, əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik”.

Neft sənayesinin və bununla yanaşı, ölkə iqtisadiyyatının dinamik inkişafı xarici investorların marağına səbəb olub. Bunun nəticəsidir ki, son 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan münbit sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Ölkəmiz neftdən, qazdan əldə edilən gəlirləri nəqliyyat sektoruna yönəldir ki, Azərbaycan nəinki bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Artıq buna nail olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, ölkəmizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən Qərbə, Qərbdən Şərqə göndərilsin. Bunun sayəsində həm geosiyasi əhəmiyyətimiz artacaq, həm də daim valyuta qazanacağıq. Eyni zamanda "Şimal-Cənub nəqliyyat dəhlizi”nin yaradılması da böyük önəm daşıyır.

Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar ölkə kimi öz müsbət rolunu oynayıb. Bu gün "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Ölkəmiz hər iki layihədə iştirak edən tək ölkədir. Bunun sayəsində Azərbaycan Avrasiyada mühüm strateji nəqliyyat mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, digər infrastrukturlarımız beynəlxalq əhəmiyyətlidir.

Sosial infrastrukturun yaradılması prosesi davam edir. Baxmayaraq ki, 3272 məktəb tikilib və təmir edilib. Bu məktəblər mövcud məktəb fondunun 73 faizi deməkdir. Bununla yanaşı, xəstəxanaların, olimpiya komplekslərinin tikintisi davam edir.

Həmçinin məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Keçən il 5800 köçkün ailəsi üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Cari ildə bu işlər də davam etdirilir. İlkin hesablamalara görə, əlavə olaraq ən azı 5000 ailə üçün yeni evlər tikiləcək.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur. Ötən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə ev verildi. Bu il isə 800 ailəyə ev veriləcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərlə təmin olunsunlar. İndiyə qədər bu qəbildən olan 6650 ailə ev alaraq mənzil şəraitini yaxşılaşdırıb.

Beləliklə, Azərbaycanın neft-qaz layihələri ölkənin davamlı inkişafına xidmət edir.


Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video