21 Sentyabr 2019 01:32
777
İQTİSADİYYAT
A- A+

Neft gəlirləri Azərbaycanın güclü iqtisadi bazasının formalaşmasında misilsiz rol oynadı


1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış saziş Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. "Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu kontraktın imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası Azərbaycanı lider ölkələr sırasına yüksəltdi.

"Əsrin müqaviləsi” ölkəmizin yeni neft strategiyasının əsasını qoymaqla yanaşı, həm də təsdiqlədi ki, müstəqil Azərbaycan xalqı suveren hüquqlara malikdir və öz sərvətinin sahibidir. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsini əhatə edir. AÇG layihəsi çərçivəsində ilkin neft 1997-ci il noyabr ayında "Çıraq” platformasından hasil olunub. Həmin vaxtdan 2018-ci ilin sonunadək AÇG blokundan 3,5 milyard barel neft çıxarılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, AÇG yataqları üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən bu il iyulun 31-dək 143 milyard 366 milyon dollar təşkil edib. Cari il yanvarın 1-dən iyulun 31-dək AÇG-dən 5 milyard 160 milyon dollar həcmində gəlir əldə olunub.

Yeri gəlmişkən qeyd edək ki, ARDNF-nin təsis edilməsi haqqında fərmanı Ümummilli Lider Heydər Əliyev 1999-cu il dekabrın 29-da imzalayıb. Bundan yarım il sonra isə növbəti fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edilib və qurum əməli fəaliyyətə başlayıb. Bu fondda toplanan, yəni neft müqavilələrindən əldə edilən gəlirlər Azərbaycanın simasını yaxşı mənada büsbütün dəyişmişdir.

Prezident İlham Əliyev cari il mayın 29-da 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində bu barədə demişdir: "Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli - bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir”.

İndiyədək ölkəmizdə 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı tikilmiş, infrastruktur yenilənmiş, vətəndaşların sosial rifahına xidmət edən layihələr həyata keçirilmişdir. Neftdən gələn gəlirlər hesabına iqtisadiyyatımız şaxələndirilir, qeyri neft-qaz sektoru inkişaf edir. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir.

Azərbaycanın yaratdığı mükəmməl neft-qaz infrastrukturu, diversifikasiya edilmiş ixrac marşrutları da məhz "Əsrin müqaviləsi”ndən qaynaqlanır. Bu gün ölkəmizdən müxtəlif istiqamətlərdə ixrac marşrutları uzanır. 1330 kilometrlik Bakı-Novorossiysk (Şimal İxrac Boru Kəməri), 833 kilometrlik Bakı-Supsa (Qərb İxrac Boru Kəməri) xətləri, 1768 kilometrlik Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftini ahəngdar və təhlükəsiz şəkildə dünya bazarlarına ixrac edir.

Hazırda Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşən "Cənub qaz dəhlizi” layihəsi sona çatmaqdadır. Üç birinci seqmenti fəaliyyətdə olan layihənin dördüncü, yəni sonuncu hissəsinin - Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi də yekunlaşır. 3500 kilometrlik dəhlizlə Azərbaycan qazı gələn il Avropaya çatdırılacaq. Bu nəhəng layihənin həyata keçirilməsini Prezident İlham Əliyevin qətiyyətli, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti təmin etmişdir.

"Cənub qaz dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq bir layihədir. O, ölkəmizin regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Nəticədə Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən tranzit ölkə kimi əhəmiyyəti artacaq.

Bu dəhliz, eləcə də Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi amilə çevriləcək və region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malik olan layihə həm də dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək, yeni iş yerləri yaradılacaq və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcək.

"Əsrin müqaviləsi”nin uzaqgörənliklə seçilmiş bir strategiyanın başlanğıcı olduğunu təsdiqləyən faktlardan biri də odur ki, bu kontraktdan sonra Azərbaycan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalayıb.

Ötən illər ərzində AÇG-nin yeni potensialı da üzə çıxıb. Belə ki, ilkin hesablamalara görə, "Azəri”, "Çıraq” yataqlarından və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən çıxarıla bilən neft ehtiyatı 511 milyon ton idi. Sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatının 1,072 milyard ton həcmində olduğu müəyyən edildi. 2017-ci ilin sentyabrında AÇG üzrə yeni sazişin imzalanması, yəni "Əsrin müqaviləsi”nin 2050-ci ilin əvvəlinədək uzadılması da buna əsaslanıb. Həmin vaxtadək AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması nəzərdə tutulub. Xarici investorlar ARDNF-yə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. 2018-ci ilin əvvəlində 450 milyon dollardan ibarət ilk bonus artıq həyata keçirilib.

Prezident İlham Əliyevin dediyi kimi, bu layihələrin icrası və ümumiyyətlə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz sürətlə inkişaf etmişdir. "Əsrin müqaviləsi” Ümummilli Liderin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir. Xatırladaq ki, Ulu Öndərin 26 avqust 2001-ci il tarixli fərmanı ilə sentyabrın 20-si Azərbaycanda hər il Neftçilər Günü kimi də qeyd edilir. Odur ki, Azərbaycan neftçiləri "Əsrin müqaviləsi”nin şanlı yubileyi ilə yanaşı, özlərinin peşə bayramlarını da qeyd edirlər.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video