20:07 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
ANA SƏHİFƏ / PARLAMENT
12:44 19.09.2019
Sentyabrın 19-u görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 27 il əvvəl dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan, çoxşaxəli elmi fəaliyyətindən bəhs edib. O, Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığını bildirib.

Gövhər Baxşəliyeva böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açıb, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı təşkilatçı kimi özünü göstərdiyini, Aida İmanquliyevanın itkisinin bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu vurğulayıb.

Bildirilib ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və bu sahədə ilk qadın professor, elmlər doktoru olub. Professor Aida İmanquliyevanın çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır. Bir alim kimi Aida İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Amma onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı olub. Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı idi. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları belə etiraf edirlər. Üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər birliyi”, "Cübran Xəlil Cübran”, "Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.

Gövhər Baxşəliyeva deyib: "Bütün gözəl xüsusiyyətləri özündə təcəssüm etdirən, yüksək intellektual potensiala malik Aida İmanquliyeva əsl Azərbaycan xanımı idi. Əhatəli elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət üçün ləyaqətli övladlar tərbiyə edib. Onun xatirəsi ürəklərdə əbədi yaşayır”.

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov Aida İmanquliyevanın vəfatının Şərqşünaslıq İnstitutu üçün böyük itki olduğunu söyləyib. Bildirib ki, Aida xanım keçmiş SSRİ məkanında şərqşünaslar arasında böyük nüfuza malik idi. Onun sayəsində bir sıra tanınmış ərəbşünas alimlər ölkəmizə gəlib, Azərbaycan ərəbşünaslığı, Şərqşünaslıq İnstitutunun fəaliyyəti ilə yaxından tanış olublar.

Vilayət Cəfərov uzun illər birgə çalışdığı Aida xanımla bağlı xatirələrini bölüşüb, məşhur alimlərin onun haqqında söylədikləri dəyərli fikirləri xatırladıb.

Aida İmanquliyevanı "Azərbaycan şərqşünaslığının parlaq ulduzu” adlandıran institutun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev deyib: "Aida xanımla uzun müddət çalışmaq xoşbəxtliyi mənə nəsib olub. Sovet dövründə Şərqşünaslıq İnstitutunun formalaşmasında Aida xanımın mühüm xidmətləri olub. İnstitutun direktoru işlədiyi illərdə o, elmin bu sahəsinin inkişaf etdirilməsi üçün çox böyük işlər görüb. Şərqşünaslıq elminə böyük töhfələr verən Aida İmanquliyeva hər zaman yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına böyük diqqət yetirib”.

Gənc nəsillər Aida İmanquliyevanın əsərlərinə daim müraciət edir, görkəmli şərqşünas alimin əsərləri, elmi monoqrafiyaları bu gün də aktuallığını qoruyub saxlayır. Alimin əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM