Alternative content

11:56 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəriblikdə ötən bülbüllər
Qəriblikdə ötən bülbüllər
ANA SƏHİFƏ / Mədəniyyət
00:32 19.09.2019


Ağdam rayonu Gülablı kənd Uşaq Musiqi Məktəbi Qarabağ muğam irsini layiqincə yaşadır


...Haradansa həzin və həsrətli bir mahnının ürəyi dağlayan sədaları yayılır. Eşidənləri sehrinə salır, tilsimləyir, şaqraq zəngulələr ürək tellərini dəbərdir, vətən qübarını alovlandırır, için-için yandırır...

Ətrafa baxıb, bu sehrli səsin haradan gəldiyini axtarırıq, heyhat, tapa bilmirik. Səsə doğru addımlayırıq, amma o gah uzaqlaşır, gah da lap yaxınlıqda, beynimizin içində, qəlbimizdə səslənir. Elə bil, haraylayırdı bizi, itirdiyimiz nəyi isə axtarmağa, yaşadığımız gözəl anları xatırlatmağa, olduğumuz gül-çiçəkli çəmənləri, bülbüllərin cəh-cəh vurduğu zümrüd meşələri, yerin bağrını deşib günəşin şəfəqləri altında bərq vuran büllur bulaqları, qayalardan qürurla süzülüb çağlayan şəlalələri, başı ağ çalmalı dağları yada salmağa. Çağırırdı bizi qəmli-qəmli, gileyli-gileyli...

Bəli, bu səs çox doğma idi, çox tanış idi, amma heç cür yada sala, xatırlaya bilmirdik... Fikirlərimiz çalpaşıq düşmüşdü...

Bir də görürdün gözlərimiz önünə durna kimi qatarlaşıb bulaq üstə yollanan kuzəli qız-gəlin, atlarının dırnağından cıdırlara qığılcım səpilən igid oğlanlar, bəzən isə baxışları qılınc kimi bağırları dələn kədərli körpələr, sıra-sıra düzülmüş köç karvanlarında çarəsizcə imdad diləyən qarılar-qocalar gəlirdi...

Bu mahnı bizi özünə bənd etmişdi, tora salmışdı, tilsimləmişdi...

Yatan xatirələrimizi, ömrümüzdən ötən acılı-şirinli anları bir andaca oyatmışdı... Bir dəli həsrət baş qaldırmışdı içimizdə. Elə bu dəqiqə, bu an orada, o müqəddəs məkanda Qarabağda olmaq istəyirdik...

Artıq bu qədər həsrət, hicran yetər demək istəyirdik, bayaqdan elə hey qulaqlarımızda cingildəyən həsrətli şikəstə kimi, "Könlüm keçir Qarabağdan...”

Xan əminin ifasında Qarabağ həsrətinin himninə çevrilmiş bu şikəstəni indi məcburi köçkünlük həyatı yaşayan Gülablı musiqi ocağında boy verən körpə fidanların dilindən eşidirdik və bu qürurverici olduğu qədər də kədərli idi...

Vaxtilə zəngulələri dağlara, dərələrə sığmayan bülbüllər, indi kiçik bir "qəfəs”də qərib-qərib ötürdülər Qarabağın o bəxtəvər günlərinin həsrəti ilə...

Amma bunlar sonra olmuşdu...


"Segah” ana laylası, igidlərin nərəsi "Heyratı”...


Hələliksə, Ağabəyim ağanın "Vətən bağı al-əlvandır, yox içində xarı bülbül” ah-naləli qübarının yaraları yeni-yeni sağalırdı... Ağdamın cənnət guşəsi Gülablının Şuşa dağları ilə baş-başa vermiş dağlarından, xarıbülbül yetirən çəmənliklərindən, Gül suyu qaynayan bulaqlarından ilham alan hər bir ananın laylası "Segah”a, boya-başa çatan igidlərinin nərəsi "Heyratı”ya köklənmişdi...

Gülablının suyundan, torpağından, havasından bəhrələnən pöhrələr az keçmirdi ki, Qurban Pirimov, Sara Qədimova, Rafiq Hüseynov (Rəmiş) kimi görkəmli sənətkarlara çevrilib dünyaya səs salırdılar.

Ağdam, o cümlədən Gülablı Azərbaycanın musiqi ocağı idi. Burada elə bir ev yox idi ki, orada kimsə musiqi ilə məşğul olmasın. Könlünü musiqiyə, mahnıya, muğamlarımıza verənlərin sayı o qədər çox idi ki, artıq Gülablıda musiqi məktəbinin açılması zərurətə çevrilmişdi. Beləliklə: 1979-cu ildə qarmon ustası Şirin Allahverdiyevin rəhbərliyi altında Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbi fəaliyyətə başlayır. Çox keçmir ki, bu ocaqda "Azad bir quşdum”, "Sarı bülbül” kimi neçə-neçə mahnıların təkrarolunmaz ifaçısı, musiqi məktəbinin fəxrinə çevrilən böyük sənətkarımız Səxavət Məmmədov yetişir. Kiçik qardaşı, məşhur xanəndə Firuz Səxavət də bu musiqi ocağından bəhrələnir.

Gülablı kənd Uşaq Musiqi məktəbi yarandığı dövrdən etibarən xeyli sayda uğurlu sənətkarlar yetişdirir, Qarabağ muğam sənətinin sirlərini məzunlarına ötürür. Ta o günə qədər ki, Azərbaycanın başının üzərini qara buludlar alır və erməni fitnəsinin qurbanlarından birinə çevrilən Gülablı kənd Uşaq Musiqi Məktəbinin də taleyinə məcburi köçkünlük həyatı yazılır.


Qarabağdan Qaradağa uzanan həsrətli yol


Ağdam rayonunun işğalından sonra ağrılı-acılı günlər yaşayan məktəbin kollektivi birtəhər toparlanaraq 1994-cü ildən etibarən Bakı Dövlət Universitetinin 5 saylı yataqxanasının 2-ci mərtəbəsində fəaliyyətini davam etdirməyə başlayır. Nə qədər çətin də olsa Qarabağ muğam irsinin yaşadılmasına, itib-batmamasına çalışır. 2013-cü ilin may ayından isə Gülablı kənd Uşaq Musiqi Məktəbi Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə tikilmiş Ağdam rayon 33 saylı köçkün tam orta məktəbin 3-cü mərtəbəsində yerləşib fəaliyyət göstərir.

Qısa bir zamanda bu musiqi məktəbinin şagirdləri Kamal Mustafayevin "Bu ayrılıq nədən oldu”, Ayxan, Fəqan və Fatimənin ifa etdiyi "Bulaq başı toz olar” mahnısı sosial şəbəkələrdə izlənmə rekordları qırdı, ürəyində Qarabağ dağı olanların yaralarını sızlatdı, sinəsindəki vətən özləmini göynətdi...

Amma bu ürəkdağlayan ifalar sanki bizlərə bir təskinlik də verdi. Toxdadıq ki, bir zamanlar şaqraq zəngulələri ilə dünyanı heyrətə gətirən Qarabağ bülbüllərinin cəh-cəhi kəsilməyib, Gülablı kənd Uşaq Musiqi Məktəbindən boy verən fidanların sayəsində yaşayır, aləmə səs salmağa davam edir. Amma bu dəfə bir az həzin, nisgilli, qəmli tonlarda...

Dahi Üzeyir bəyin doğum günü ərəfəsində biz də yolumuzu bu musiqi məktəbindən saldıq...

23 sinif otağı ayrılan musiqi məktəbində fortepiano, qarmon, tar, nağara, saz, sintezator və xanəndəlik ixtisasları üzrə 200 nəfər şagird musiqi təhsili alır. Onların təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur.

Musiqi məktəbinin direktoru Aygün Hüseynova məlumat verir ki, burada təhsil alan şagirdlərin musiqiyə tükənməz həvəsi nailiyyətlərinin açarıdır. Hər il respublika üzrə məktəblərarası musiqi müsabiqələrində iştirak edir, uğurlara imza atırlar: "Bütün ixtisaslar üzrə müsabiqələr olur. Tar, qarmon, nağara, xanəndəlik, fortepiano və digər ixtisaslar üzrə şagirdlərimiz qalib olublar. Hər zaman uğurlu nəticələr əldə edərək tərifnamələr, fəxri fərmanlar, diplomlarla mükafatlandırılıblar. Şagirdlərimiz bayram tədbirlərində iştirak edir, televiziya kanallarına dəvət alırlar. Ötən il isə Xalq artisti Mənsum İbrahimov bizim şagirdləri Milli Konservatoriyaya dəvət etmişdi, onlara açıq dərslər keçmiş, tövsiyələrini, məsləhətlərini vermişdi”.

Musiqi məktəbində təkcə Ağdamdan yox, köçkün şəhərciyində məskunlaşan, o cümlədən digər rayonlardan olan uşaqlar da təhsil alırlar. Burada 7-14 yaşına qədər uşaqlar müxtəlif ixtisaslar üzrə məktəbə qəbul olunurlar. Şagirdlər 7-9 yaşında gəlirlərsə, 7 illik, 9-14 yaşına qədər gəlirlərsə, 5 illik təhsil alırlar. Musiqi məktəbini bitirənlər daha sonra ali səviyyədə müxtəlif musiqi ocaqlarında təhsillərini davam etdirirlər, hətta bəziləri qayıdıb öz doğma müəllimləri ilə çiyin-çiyinə işləyir, musiqinin, muğamlarımızın sirrini gələcək nəsillərə ötürürlər.

Aygün müəllimə müşahidələrinə görə deyir ki, qız şagirdləri əsasən fortepiano, oğlanlar saz, sintezator, xanəndəlik sinfinə yönəlirlər: "Son zamanlar isə həm qız, həm də oğlan uşaqları daha çox xanəndəliyə meyil göstərirlər. Hazırda 35-40 nəfər şagird xanəndəlik üzrə təhsil alır. İndiki şagirdlərimiz Qarabağı görməyiblər, Ağdamın, Gülablının havası, suyu ilə böyüməyiblər. Amma biz hər zaman onlara Qarabağdan danışır, videoyaddaşda olan kadrları izlədirik, vətənimizin hər daşına, cığırına bələd olmalarına çalışırıq. Onları Ağdamda, Gülablıda olmuş musiqi ruhunda kökləmək istəyirik”.


"Qarabağ bülbülləri” yaşayır...


İfası ilə hər kəsi heyran edən şagirdlərdən Fatimə Kərimova ilə söhbət edirik. 11 yaşlı Fatimə söyləyir ki, Azərbaycan xalq mahnılarının hər birini oxumağı xoşlayır: "Amma nədənsə, "Bulaq başı toz olar” mahnısını ifa etmək mənə xüsusi zövq verir. Bu mahnıda səsimi daha çox göstərə, ifanı olduğu kimi çatdıra bilirəm”.

Söhbətimizə qoşulan səs müəllimi Habil Məmmədov deyir ki, görünür, bu mahnı Fatimənin ürəyinin səsidir. Ağdamın Əfətli kəndindən olan gənc müəllim məlumat verir ki, 7 ildir Gülablı musiqi məktəbində səs müəllimi kimi çalışır: "Çox qürurluyam ki, şagirdlərimizin ifası milyonlarla insanın könlünə yol açdı, bizi məşhurlaşdırdı. Bu bizə daha yüksək ruh verdi və indi çalışırıq ki, bundan da gözəl ifalar edərək Qarabağ muğam irsini olduğu kimi yaşadaq”.

Habil müəllim söyləyir ki, "Qarabağ bülbülləri” qrupu o zaman mahnıları, muğamları ilə öz möhürünü vurub: "İndi planımız var ki, bu şagirdlərimizdən də ibarət yeni bir qrup yaradaq və ona Qarabağı xatırladan bir ad verək. Çünki indi biz hansı mahnını oxusaq, o mahnıdan Qarabağın, Şuşanın, Ağdamın, Gülablının, ümumiyyətlə, işğalda olan bütün torpaqlarımızın ünü gəlir. Ən böyük arzumuz tezliklə Qarabağa qayıdıb ifalarımızı orada etməkdir. Əminəm ki, o zaman zəngulələrimiz daha gur olacaq. Hətta Qarabağ torpağına ilk ayaq basdığımız gün oxuyacağımız o müqəddəs mahnını, "Qarabağ şikəstəsi”ni də hər zaman məşq edirik, çünki bilirik, o gün uzaqda deyil”.

Gülablı kənd Uşaq Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri Sədaqət Məmmədova 32 ildir bu sahədə çalışır. Sədaqət müəllim vaxtilə Ağdam Musiqi Məktəbində işləyib və indi çevrilib o günlərinə nəzər salanda heyifsilənməyə, kövrəlməyə bilmir: "Ağdamda musiqi ilə məşğul olmaq tamam başqa bir aləm idi. Elə bil hər kəsin xəmiri musiqi ilə yoğrulmuşdu. İndi burada hər dəfə uşaqların səsini dinləyəndə yenidən o hissləri yaşayıram, elə bilirəm Ağdamdayam”.

Musiqi otaqlarını gəzir, uşaqlarla söhbət edirik. Kimisi nağarada ritmlərlə yarışır, kimisi qarmonda "Al sənə qurban” sədalarının tilsimində dolaşır, kimisi də tarını "Şur”a kökləyir. Telli sazı sinəsinə sıxaraq pərdələrdə gərdiş edən Elvin Güləliyevin ən sevdiyi ifa isə "Misri”dir, bu havadan mübarizlik ruhu duyulduğu üçün.

Bəli, Qarabağ bülbülləri yenə şaxıyır, cəh-cəh vururlar. Doğma Azərbaycanın hansı guşəsində olur-olsun yaşayıb yaradır, milli muğam irsimizi qoruyurlar. Müşfiqabad qəsəbəsində yerləşən Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləri kimi...

Amma bu uşaqlara qulaq verdikcə fərqlilik hiss edirsən, nəyinsə çatmadığını, nəyinsə əksik olduğunu duyursan, görürsən ki, bu mahnılara istər-istəməz qübar, həsrət, nisgil qarışıb. Bu ifaları dinlədikcə elə bil bağrının başına bir dünya ağırlıq çökür, özləm duyğusu nəfəsini boğur...

Ürəyində təkrar-təkrar bir fikir qövr edir, hayqırmaq istəyirsən - "Könlüm keçir Qarabağdan...”

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM