18 Sentyabr 2019 17:25
602
CƏMİYYƏT
A- A+

AHİK sədri Albaniya Həmkarlar İttifaqının qurultayında iştirak edir


Sentyabrın 18-də Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyinin 7-ci qurultayı öz işinə başlayıb. Qurultayda Birliyin prezidenti Gezim Kalaya siyasi hesabatla çıxış edib. Qurultayda, həmçinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Şaron Barrounun məruzəsi dinlənilib. Daha sonra qurultaya dəvət olunmuş xarici nümayəndə heyətləri çıxış edərək qurultayın işinə uğurlar arzulayıblar.

Bu barədə AZƏRTAC-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, BHİK-in vitse-prezidenti Səttar Möhbalıyev qurultayda çıxış edib. S.Möhbalıyev qurultay iştiraçılarını öz adından və Azərbaycan Həmkalar İttifaqlarının bütün üzvləri adından salamlayıb və qurultayın işinə müvəffəqiyyətlər arzulayıb.

AHİK sədri bildirib ki, Azərbaycan ilə Albaniya arasında olan əlaqələr uzun illərdir uğurla inkişaf etməkdədir. Dövlət rəhbərlərimizin səyi nəticəsində bu uğurlu inkişaf bu gün də davam etdirilməkdədir. Azərbaycan və Alban xalqları etnik və mədəni dəyərlər baxımından da bir-birlərinə çox yaxındırlar. Cari ilin martında prezidentlərimizin 7-ci Qlobal Bakı Forumundakı son görüşlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Albaniya ilə olan ikitərəfli münasibətlərə böyük əhəmiyyət verir. Albaniya Respublikasının Prezidenti İlir Meta öz növbəsində bildirib ki, Albaniya da müxtəlif sahələrdə, xüsusilə də turizm sahəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində, həmçinin Albaniyada Azərbaycanın yerli qaz təchizati sisteminin yaradılmasında maraqlıdır. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri və hər zaman bir-birinə dəstək verdikləri vurğulanıb. Azərbaycanın Albaniya ilə birgə həyata keçirdiyi layihələr əməkdaşlığımızı daha da möhkəmləndirir.

S.Möhbalıyev qeyd edib ki, dövlət başçılarımızın görüşlərinin və onların arasında bağlanmış müqavilələrin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, öz növbəmizdə biz də bütün razılaşmaların həyata keçirilməsində fəal iştirak etməklə, respublikalarımızın həmkarlar ittifaqlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi diqqət yetiririk.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniyanın Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında uzunmüddətli münasibətlər vardır. Biz Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə mütəmadi olaraq görüşlər keçiririk. Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin nümayəndə heyəti keçən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında, hazırda isə biz sizin ali orqanınızın qurultayında iştirak edirik və bu, bir ənənə halını alıb. Cari ilin may ayında respublikamızda keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) tədbirində Gezim Kalajanın iştirakını və onunla görüşümüzü çox yaxşı xatırlayıram. O görüşdə biz Kalaja ilə birlikdə Azərbaycan və Albaniya Həmkarlar ittifaqları arasında yaranan yüksək səviyyəli münasibətləri bir daha müzakirə etməklə "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyi arasında əməkdaşlıq haqqında” Sazişi imzaladıq. Təkcə bu Sazişin imzalanması bizim həmkarlar ittifaqı ilə Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyi arasında çox yaxın əlaqələrimizin olduğunun göstəricisidir.

AHİK sədri daha sonra respublikamızda son illər sosial sahədə həyata keçirilən uğurlu islahatlar haqqında qurulta iştirakçılarına məlumat verərək bildirib ki, həyata keçirilən islahatlar ölkəmizdə işsizliyin səviyyəsini 5 faizə, yoxsulluğun səviyyəsini isə 5,1 faizə endirib. Cari ilin əvvəlindən başlayaraq isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki sosial paket təsdiqləndi ki, bu da 4,2 milyon insanı əhatə edir. İki sosial paketin maliyyə tutumu bu il üçün 1,35 milyard, gələn il üçün isə 1,76 milyard ABŞ dolları dəyərindədir. Bu isə o deməkdir ki, Azərbaycanda 1 il ərzində 2 dəfə minimum əməkhaqqı və minimum pensiya artırılıb. Ölkəmiz bu göstərici üzrə Müstəqil Dövlətlər Birliyində müvafiq olaraq birinci yerdə qərarlaşıb. Azərbaycan dövləti əldə edilən əlavə gəlirlərin demək olar ki, tam həcmini sosial sahəyə yönəldir. Bir sözlə, sosial sahə bizim respublika üçün prioritet sahədir və hər zaman bu sahə ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu gün də belədir.

S.Möhbalıyev qurultay iştirakçılarının diqqətini Dağlıq Qarabağ məsələsnə yönəldərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikası ərazisinin təxminən beşdəbiri işğal olunub, 20 min insan həlak olub, 50 min nəfər yaralanıb, əlil olub və Azərbaycan Respublikasının təxminən 5000 vətəndaşı indiyədək itkin düşüb. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurub. İşğala son qoyulması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməyə Ermənistan əməl etməyərək işğalçılıq siyasətini davam etdirir. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər. Ölkə daxilində təxminən hər 8 nəfərdən biri qaçqın və köçkünə çevrilib. Məcburi köçkün düşmüş vətəndaşların da sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılaraq onların müavinətləri də ölkə rəhbərliyi tərəfindən 50 faiz artırılıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan S.Möhbalıyev deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün 26 üzv təşkilatı və milyon yarıma yaxın üzvü öz ətrafında birləşdirir. Biz hər il Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv Saziş imzalayırıq, Baş Sazişdə işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı tələblər öz əksini tapır. Son illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə "Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununda, Əmək və İnzibati Xətalar məcəllələrində və digər qanunlarda işçilərin mənafelərinin müdafiəsi ilə bağlı bir sıra dəyişikliklər və əlavələr edilib.

S.Möhbalıyev deyib: "Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti kimi, hesab edirəm ki, BHİK-in IV qurultayında qarşımıza qoyulan tələblərin həyata keçirilməsi ilə bağlı üzərimizə düşən vəzifələr barədə düşünməliyik. Belə ki, qurultayın yekun sənədində BHİK-in üzv təşkilatları bir sıra tapşırıqların yerinə yetirilməsini öhdəlik kimi götürmüşlər. Bu öhdəliklərin həmkarlar ittifaqı birliyiniz tərəfindən yerinə yetiriləcəyinə heç bir şübhəmiz yoxdur. BHİK-in üzvlərinin sayının 250 milyona çatdırılması, kollektiv danışıqlar vasitəsi ilə minimum əməkhaqqının və sosial müdafiənin artırılması, diskriminasiya və rasizm hallarına qarşı mübarizənin gücləndirilməsi, gender bərabərliyinin azaldılması əsas hədəflərdəndir. Bir sözlə, BHİK-in gələcək 4 fəaliyyət istiqaməti müəyyənləşmişdir. Bunlar hüquq və dinc demokratiya, iqtisadi gücün tənzimlənməsi, qlobal dəyişikliklər və bərabərliyin təmin olunmasıdır.

Ümid edirəm ki, siz Beynəlxalq Həmkarlar İttifaqlarının üzv təşkilatlar üçün verdiyi tövsiyələri nəzərə almaqla orada qaldırılan məsələlərin həlli üçün bütün imkanlarınızı səfərbər edəcəksiniz və bu gün qəbul edəcəyiniz qərarlar üzvlərinizin sosial-iqtisadi hüquqlarının qorunmasına, sosial problemlərinin həllinə sanballı töhfələr verməklə yanaşı, ümumilikdə həmkarlar ittifaqlarınızın işçilərin sosial problemlərinin həllində mübarizliyini bir daha artıracaqdır”.

Qurultay üz işini sentyabrın 19-da da davam etdirəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video