18 Sentyabr 2019 00:57
591
İQTİSADİYYAT
A- A+

Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq AÇG-dən başlandı


1994-cü ilin sentyabrından həyata keçirilməsinə başlanan qlobal layihə Xəzər dənizini ilk dəfə olaraq əməkdaşlıq məkanına çevirdi. Dünyanın bir qrup mühüm enerji şirkəti Azərbaycanda fəaliyyət göstərməyə dəvət edildi. Bununla da ölkəmizin neft-qaz tarixində yeni bir səhifə açıldı, xalqımızın həyatında yeni bir dövr başlandı.

Çünki Azərbaycanın bugünkü inkişafı böyük mənada həmin düzgün, uzaqgörən siyasətin nəticəsidir. Azərbaycanın yeni neft strategiyasının müəllifi, Ulu Öndər Heydər Əliyev "Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin xalqımızın böyük gələcəyinə xidmət edəcəyinə əmin idi: "Biz bu müqaviləni imzalamaqla iştirak edən şirkətlərin mənsub olduqları böyük ölkələrlə - Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümid bəsləyirik”.

Sonralar "Əsrin müqaviləsi” adını almış AÇG layihəsi öz ətrafında təkcə investor şirkətləri deyil, müxtəlif ölkələri təmsil edən onlarca podratçı, subpodratçı təşkilatı, alyansları və müştərək müəssisələri birləşdirdi. Əməkdaşlıq uğurlu olduğundan bu böyük işlərə maneə törədən bütün qüvvələr dəf edildi.

Əməkdaşlıq və tərəfdaşlığın uğurunun əsas səbəblərindən biri şəffaflıq, sərmayələrin ciddi şəkildə qorunmasıdır. Belə ki, Azərbaycanın beynəlxalq şirkətlərlə imzaladığı Hasilatın Pay Bölgüsü sazişlərinin (HPBS) hamısı Milli Məclis tərəfindən ratifikasiya olunur və Prezident tərəfindən qanun formasında imzalanır. Bu da həmin müqavilələrin mətninin bir sözünün belə dəyişməyəcəyi ilə bağlı 100 faiz zəmanət deməkdir. Bu, sərmayəçilərdə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev regional və daha sonra beynəlxalq əməkdaşlığın iki mühüm mərhələsi olduğunu qeyd edir. Regional əməkdaşlıq dedikdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illərdir mövcud olan uğurlu əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlığın nəticəsində Xəzərdən Qara dənizədək uzanan Bakı-Supsa xətti (Qərb İxrac Boru Kəməri - QİKB) inşa edildi. Sonra üç ölkəni - Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkildi. Daha sonra "Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verildi. Beləliklə, daha böyük layihələrə, daha geniş dəhlizlərə yol açıldı. Təsadüfi deyil ki, "Cənub qaz dəhlizi” daha çox ölkə və şirkətlərlə həyata keçirilən bir layihədir. Bu nəhəng layihə Azərbaycanın həqiqətən də mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yaratdığını bir daha təsdiq etdi. Burada yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Almaniya, Yunanıstan, Bolqarıstan və İtaliya iştirak edirlər. Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

Dövlət başçısının dediyi kimi: "Belə nəhəng layihələri biz ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində həll edə bilərik. Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə səylərimiz nəticəsində biz buna nail ola bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istəyinə tam nail ola bildi”.

"Əsrin müqaviləsi” Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə yanaşı, kadr hazırlığı üçün də geniş imkanlar yaratdı. Qürurla demək olar ki, bu gün ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında çalışanların əksəriyyəti Azərbaycan vətəndaşıdır. Onlar mükəmməl təlim keçmiş və zəngin təcrübə toplamışlar.

Ulu Öndər Heydər Əliyev yeni neft strategiyasının xalqımıza gətirəcəyi böyük faydanı əvvəlcədən müəyyənləşdirərək 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunu (ARDNF) yaratdı. Ötən illər ərzində bu fondun vəsaitləri ilə qaçqın və məcburi köçkünlər üçün 100-dən çox şəhərcik salınıb. Ölkə iqtisadiyyatının şaxələndirilməsi və geniş sosial infrastrukturun yaradılması da sözügedən layihələrlə, ilk növbədə AÇG ilə bağlıdır. Bütün bu və digər uğurlar bünövrəsi "Əsrin müqaviləsi” ilə qoyulmuş beynəlxalq əməkdaşlıq və tərəfdaşlıqdan dəstək alır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Prezident

İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və günün tələbləri baxımından daha da inkişaf etdirilir.

Azərbaycanın yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatının bir sübutu da 2017-ci ildə AÇG üzrə yeni müqavilə imzalanarkən layihənin tərəfdaşlarının dəyişməməsidir. Belə ki, AÇG-də BP (30,37 faiz, Böyük Britaniya) layihənin operatoru olaraq qalır. SOCAR (Azərbaycan) layihədə AzAÇG şirkəti ilə təmsil olunur. Digər tərəfdaşlar "Şevron” (9,57 faiz, ABŞ), "İnpeks” (9,31 faiz, Yaponiya), "Ekvinor” (7,27 faiz, Norveç), "EksonMobil” (6,79 faiz, ABŞ), TP (5,73 faiz, Türkiyə), "İtoçu” (3,65 faiz, Yaponiya) və OVL (2,31 faiz, Hindistan) şirkətləridir. Sazişin bir hissəsi olaraq SOCAR-ın layihədəki iştirak payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırılıb.

Prezident İlham Əliyev bu böyük əməkdaşlıq və tərəfdaşlığın məhz 1994-cü ildən başlandığını dəfələrlə vurğulamışdır: "Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra, əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik”.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video