18 Sentyabr 2019 00:46
877
İDMAN
A- A+

İlk qaliblər rusiyalı gimnastlar oldular


Azərbaycan bədii gimnastika üzrə dünya çempionatına uğurla evsahibliyi edir


Bakıda bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatı davam edir. Dünən turnirin ikinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində, daha sonra isə finalda güclərini sınayıblar.

Milli Gimnastika Arenasında əsl bayram ab-havası yaşanır. Mundial dünyanın 61 ölkəsindən Bakıya gələn media təmsilçiləri, azarkeşləri arasında böyük rəğbətlə qarşılanır, Beynəlxalq Gimnastika Federasiyasının qəlbində xoş hisslər oyadır.

Müxtəlif ölkələrin media orqanları sayca 37-ci dünya çempionatının təşkilini və gedişini şərh edir, komandalar və rəhbərlərinin rəyləri öyrənilir. Ümumi fikir belədir ki, Bakının evsahibliyi etdiyi dünya çempionatı ən yüksək səviyyədə təşkil edilib, möhtəşəm turnirə evsahibliyi edən Azərbaycan hər cür təqdirəlayiqdir.

Tribunalarda isə iştirakçı ölkələrdən azarkeşlərin hər bir gimnastın çıxışını böyük maraqla və həyəcanla izləmələri, səsləndirdikləri şüarlar yarışa əlavə rəng qatırdı. "Azərbaycan, Azərbaycan” sədaları isə səngimək bilmirdi.


Halqa ilə top yarışlarında qaliblər müəyyənləşdi


Dünya çempionatının fərdi proqramında halqa ilə final yarışlarında Dina Averina (Rusiya), israilli Linoy Aşram, Rusiya təmsilçisi Yekaterina Seleznyova, Anastasiya Salos, Katerina Halkina (hər ikisi Belarus), İtaliya gimnastı Aleksandra Aqiurqiukulese, israilli Nikol Zelikman və Boriana Kaleyn (Bolqarıstan) mübarizə aparıblar. Rusiya gimnastı Yekaterina Seleznyova 23,500 xalla dünya çempionatının ilk qızıl medalını qazanıb. Gümüş medala 23,400 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə rusiyalı idmançı Dina Averina (23,350 xal) layiq görülüb.

Mundialın top ilə final yarışlarına 6 ölkədən idmançılar vəsiqə qazanıblar. Həlledici mərhələdə Rusiyanı təmsil edən Dina və Arina Averina bacıları, bolqarıstanlı Boriana Kaleyn, Ukrayna gimnastı Vlada Nikolçenko, italiyalı Milena Baldassarri, Nikol Zelikman, Linoy Aşram (hər ikisi israilli) və ABŞ idmançısı Evita Qriskenas birincilik uğrunda yarışıblar.

Rusiyalı idmançı Dina Averina 23,500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun bacısı Arina Averina 23,050 xalla gümüş, israilli Linoy Aşram isə 22,400 xalla bürünc medala sahib olublar.


Ümumi sıralamada 10-cu pillədə


Xatırladaq ki, dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Çempionatın ikinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayıblar. Milli komandamızın heyətində Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxıblar. Hər iki gimnastımızın çıxış edəcəyi A qrupunda V.Qudis 1-ci, Z.Ağamirova isə 3-cü nömrə altında topla proqramlarını təqdim ediblər.

A qrupunda çıxışında gimnastımız Zöhrə Ağamirova fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində ikinci çıxışını uğurla başa vurub. Təmsilçimiz növbəti çıxışını topla icra edib. Hakimlərdən 19,950 xal alan gimnastımız ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. İki alətin cəmində gimnastımız 38,950 xal toplayıb.

Komandamızın üzvü Veronika Qudis çempionatda ikinci çıxışını topla yerinə yetirib. Gimnastımızın çıxışı hakimlər tərəfindən 17,700 xalla qiymətləndirilib. İki alətin cəmində gimnastımızın hesabında 34,650 xal var.

* * *

Belarus millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında üçüncü pilləyə yüksəlib. 84,300 xal toplayan Belarus komandası Bolqarıstan seçməsini üstələyib. Bolqarıstanlı gimnastlar iki alətin cəmində 82,950 xal toplayıblar.

Komanda hesabına 93,950 xalla Rusiya millisi başçılıq edir. İkinci pillədə 87,650 xalla İsrail komandası yer alıb.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video