18 Sentyabr 2019 00:43
812
İQTİSADİYYAT
A- A+

Kənd təsərrüfatında məhsul istehsalının dinamikası yüksəkdir


Bu, aqrar sektorda aparılan islahatlardan qaynaqlanır


Həyata keçirilən iqtisadi islahatlar aqrar sektorun inkişafında mühüm rol oynayır. Əhatə dairəsinə görə kənd təsərrüfatında aparılan islahatlar genişmiqyaslıdır. Bu, məhsul istehsalının artması ilə yanaşı, bölgədə yaşayan əhalinin məşğulluğunun və rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərir. Aqrar sektorda çalışanlara dövlət tərəfindən edilən güzəştlər, fermerlərin torpaq vergisindın savayı bütün növ vergilərdən azad edilməsi, istifadə olunan yanacaq və sürtkü yağlarının, toxum və gübrələrin büdcədən subsidiyalaşdırılması kəndliyə məhsul istehsalının artırılması üçün geniş imkanlar yaradır.

Bunun nəticəsidir ki, cari ilin 6 ayında taxıl istehsalı 40 faiz artıb. Taxılçılıqda məhsuldarlıq da kifayət qədər yüksəkdir. Belə ki, əvvəllər taxıl istehsalında məhsuldarlıq hər hektardan 20 sentner idisə, indi bu rəqəm 30 sentnerdən çoxdur. İri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdən də yüksəkdir.

İlin birinci yarısında kənd təsərrüfatının digər məhsul istehsalı sahələrində də yüksək nailiyyətlər qazanılıb. Belə ki, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25, tərəvəz 14 faiz artıb. Sözsüz ki, aqrar sektorda məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixracını da stimullaşdırır. Cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təzə tərəvəz ixracı 3,1, təzə meyvə 31,1, şəkər 22,3, meyvə-tərəvəz şirələri 37,9, meyvə-tərəvəz konservləri 10,5, marqarin, qida üçün yararlı digər qarışıqlar 34,5, pambıq ipliyi 50,3 faiz, tütün 1,9, pambıq lifi 2,9 dəfə artıb.

"Azexport” portalının cari ilin avqust ayında kənd təsərrüfatı məhsullarının ixracı üzrə açıqladığı statistik rəqəmlərdən aydın olur ki, bu sektorun xarici bazara çıxardığı məhsulların həcmi artıb. Ötən 7 ay ərzində 141,2 milyon dollarlıq pomidor, 82,2 milyon dollarlıq pambıq mahlıcı ixrac olunub. Ümumilikdə cari ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 345,3, pambıq lifi ixracı 83, alkoqollu və alkoqolsuz içiklərin ixracı 17,4, pambıq ipliyi ixracı 73,3, şəkər ixracı 16,5 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-iyul aylarında pambıq lifinin ixracı 83,6, pambıq ipliyinin ixracı 39,5, meyvə-tərəvəz ixracı 14,6, şəkər ixracı 10,7 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı isə 2,1 dəfə artıb. Sözsüz ki, belə artımın əsas səbəbi aqrar sektora verilən dövlət dəstəyi və bu sahədə həyata keçirilən dərin islahatlardır.

Ölkəmizdə aqrar islahatlar həyata keçirilərkən bir çox ənənəvi bitkilərin əkin sahələrinin genişləndirilməsinə üstünlük verilib. Bunlardan biri də badam bağlarının salınmasıdır. Bu istiqamətdə görülən işlər sayəsində Qusar rayonunun Qalacıq kəndində ümumi sahəsi 86 hektar olan iri meyvəçilik təsərrüfatının 10 hektarında badam bağı salınıb. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Qusarda 10, Şabranda 33 hektar badam bağı salınıb. Növbəti mərhələdə institutun layihəsi əsasında daha 150 hektar sahədə intensiv bağların salınması nəzərdə tutulub ki, bunun da bir hissəsini badam bağları təşkil edəcək.

İsmayıllı rayonu üçün fındıqçılıq ənənəvi sahədir. Lakin dövlət tərəfindən fındıqçılığın inkişafına göstərilən qayğı rayon fermerlərini daha çox sahədə fındıq bağlarının salınmasına həvəsləndirib. Bunun da sayəsində İsmayıllıda fındıq bağlarının sahəsi 2091 hektara çatıb ki, onun da 87 hektarı bar verir.

Vaxtilə çəltikçilik də ölkəmiz üçün ənənəvi sahələrdən olub. Lakin uzun illər diqqətsizlik üzündən bu sahədə istehsal, demək olar ki, yox dərəcəsində idi. İndi dövlətin çəltikçiliyə göstərdiyi qayğı çəltik sahələrinin gündən-günə artmasına imkan yaradıb. Son dövrlər ölkəmizdə istehsal olunan müxtəlif növ düyülər bazarda satılmağa başlanıb. Dadına və keyfiyyətinə görə xaricdən idxal olunan düyülərdən üstün olduğu üçün alıcılar bu məhsula üstünlük verirlər.

Lənkəran rayonunda fəaliyyət göstərən "Green East” fermer təsərrüfatının da çəltik əkininə üstünlük verməsi dövlət qayğısından irəli gəlir. Həmin təsərrüfat bu il 160 hektarda çəltik əkib. Fermerlər hər hektardan 4 ton məhsul götürməyi planlaşdırırlar. Tezliklə həmin məhsul da bazara çıxarılacaq, ölkənin bu növ məhsula olan tələbatının ödənilməsinə öz töhfəsini verəcək.

Prezident İlham Əliyev cari il iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə aqrar sektorda həyata keçirilən islahatları yüksək dəyərləndirərək, bu sahənin ölkə üçün əhəmiyyətini vurğulayaraq demişdir: "Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir... Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk”.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 453,7 milyon manat təşkil edib. Bunun da 2 milyard 230,4 milyon manatı heyvandarlıq, 2 milyard 223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1, bitkiçilik məhsulları üzrə isə 9,5 faiz artıb.

Keçən ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3, süd istehsalı 1,7, yumurta istehsalı 6,9, yun istehsalı 1,5 faiz çoxalıb. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video