15 Sentyabr 2019 04:43
3384
SİYASƏT
A- A+

101 yaşlı “Azərbaycan”


Azərbaycan xalqının milli dövlət quruculuğu və azərbaycançılıq uğrunda mübarizə tarixində xüsusi yeri olan "Azərbaycan” qəzeti bu gün ömrünün 101-ci ilinə qədəm qoyur. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, "Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan” xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir”.

"Azərbaycan” qəzeti ötən əsrin əvvəllərində çox mürəkkəb və ziddiyyətli zamanda - 15 sentyabr 1918-ci ildə Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində nəşrə başlamışdır. Dörd nömrəsi Gəncədə işıq üzü görən qəzet sonradan fəaliyyətini Bakıda davam etdirmiş, cümhuriyyət qurucuları və istiqlal mücahidləri ilə çiyin-çiyinə addımlayaraq milli azadlıq mübarizəsinin ön sıralarında olmuşdur. Ölkədə savadsızlığın hökm sürdüyü bir dövrdə cümhuriyyəti təmsil edən qəzet Milli Şura iclasları və parlament yığıncaqlarında qəbul edilən qərarların, təklif və tövsiyələrin, qanunların, digər rəsmi xəbərlərin ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynayırdı. Xalqımızın müstəqillik istəyinin, hüquq və azadlıqlarının ictimai şüurda möhkəmlənməsində, milli inkişaf və tərəqqiyə gedən yolda üzərinə düşən vəzifəni şərəflə yerinə yetirirdi. Azərbaycan və rus dillərində çıxan bu qəzetdə dövlət quruculuğu, daxili və xarici siyasət, milli özünüdərk, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlar, Qarabağda apardıqları separatçı hərəkətlər, soyqırımı siyasəti genişliyi ilə öz əksini tapırdı. Qəzetin redaksiya kollektivini başda Üzeyir bəy Hacıbəyli olmaqla dövrün ictimai və milli təfəkkürlü, vətənpərvər və millət təəssübkeşli ziyalılar təşkil edirdi. Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Firidun bəy Köçərli, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Seyid Hüseyn, Ümmügülsüm Sadıqzadə, Şəfiqə xanım Əfəndizadə, Fərhad Ağazadə, Əmin Abid, Əliabbas Müznib, Nəsib bəy Yusifbəyli, Hacı Kərim Sanılı, Salman Mümtaz, Qarabəy Qarabəyov, Əhməd Pepinov, Abbas Səhhət, Adil xan Ziyadxanov, Nağı bəy Şeyxzamanlı, Hüseyn Bayqara və başqaları qəzet səhifələrində tez-tez Azərbaycanın işıqlı gələcəyi, xalqın qayğı və dövləti problemləri ilə bağlı çıxışlar edirdilər.

Zamanın yaratdığı ictimai-siyasi şərait nəticəsində, müəyyən çətinliklərə baxmayaraq, çar Rusiyasının müstəmləkə buxovundan ayrılaraq dünyanın bir çox dövləti tərəfindən müsəlman Şərqində ilk müstəqil dövlət kimi tanınan Azərbaycan Xalq Cümhuriyyəti, təəssüf ki, 1920-ci il aprelin 28-də sovet imperiyasının XI ordusu tərəfindən süquta uğradıldı. Bu zaman cəmiyyətin qvardiyasına çevrilən "Azərbaycan” qəzeti də işğala məruz qaldı, adının çəkilməsi belə qadağan edildi.

İşğaldan sonra qəzetdə çalışanların bəziləri həbs edildi, sürgünə göndərildi, bir qismi də qonşu İran, Türkiyə və Avropa dövlətlərinə mühacirət etdi. Mühacir istiqlalçılar yarımçıq qalmış arzularını və mübarizə yolunu davam etdirmək üçün Türkiyədə, Almaniyada qəzet və məcmuələr nəşr etdirdilər. Bu ənənə SSRİ adlı sovet imperiyası 1991-ci ildə süquta uğrayandan sonra respublikamızda da baş qaldırdı.

1991-ci ildə Azərbaycan tarixi müstəqilliyinə qovuşanda, 1918-ci il sentyabrın 15-də işıq üzü görən "Azərbaycan” qəzeti 70 illik məhbusluq həyatından sonra azadlığa çıxdı. Elə həmin ili hökumət qəzeti statusu "Həyat” qəzetinin timsalında bərpa olundu. 1992-ci il sentyabrın 22-dən sonra isə ictimaiyyətin ürəyincə olan "Azərbaycan” adı özünə qaytarıldı. Varislik ənənələrini özündə ehtiva edən bu qəzet müasir formada mübarizə meydanına atıldı. Ulu Öndər Heydər Əliyevin 6 dekabr 1994-cü ildə "Azərbaycan” qəzetinin 1000-ci nömrəsinin çapdan çıxması münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda deyildiyi kimi: "Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai həyatda layiqli yerini tutdu”.

Ölkəmizin adını daşıyan və milli dövlətçiliyimizin yaşıdı olan "Azərbaycan” qəzeti fəaliyyətinin ikinci dövrünün ilk günlərindən müstəqilliyimizə düşmən kəsilmiş daxili və xarici qüvvələrə qarşı milli-azadlıq mübarizəsinin ön sıralarında oldu, xalqımızın çoxillik arzu və istəklərinin daşıyıcısına çevrildi, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfələr verdi. Dövrün gərginlikləri çərçivəsində beynəlxalq birliyin qanunları əsasında dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına, Ermənistan silahlı birləşmələrinin işğalçılıq hərəkətlərinin ifşasına, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinə, terrora, haqsızlığa, ədalətsizliyə və ikili standartlara son qoyulmasına, habelə gənc və müstəqil Azərbaycanın hərtərəfli inkişafına çalışdı.

Müstəqil Azərbaycan dövlətinin respublika mətbuatına olan diqqət və qayğısı nəticəsində "Azərbaycan”ın fəaliyyəti müasirləşdirildi, qəzet yeni və rəngli çap üsuluna keçdi, tirajı və dövriliyi artırıldı, redaksiya yeni avadanlıqlarla təchiz edildi. Qəzetin həm cümhuriyyət, həm də müasir dövrdəki fəaliyyətini yüksək dəyərləndirən Heydər Əliyevin 1998-ci il sentyabrın 15-də "Azərbaycan” qəzetinin 80 illiyi münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda deyilir: "Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır”.

Obyektivliyi, prinsipial dövlətçilik mövqeyi, ölkənin inkişaf və yeniləşmə islahatlarına töhfələri ilə diqqət çəkən "Azərbaycan” qəzeti Ulu Öndər Heydər Əliyev ideyalarının və siyasi kursunun vətənə, millətə və dövlətə xidmət etməyin əsasları kimi dünya azərbaycanlılarına çatdırılması istiqamətində var qüvvə ilə çalışmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə ötən il nəinki respublikamızda, bir sıra xarici ölkələrdə belə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə keçirildiyi günlərdə "Azərbaycan” qəzetinin də 100 illik yubileyi rəğbətlə qeyd edildi. Bayramın bayrama qarışdığı o ərəfədə ölkə rəhbəri İlham Əliyevin "Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibətilə qəzetin kollektivinə ünvanladığı təbrik məktubunda bildirilir: "Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir”.

İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən "Azərbaycan”ın ünvanına deyilmiş dəyərli fikirlər həmişə hər birimizdə xoş ovqat yaratmış, jurnalist olaraq işə, yaradıcılığa, yazıb-yaratmağa həvəsimizi, məsuliyyətimizi daha da artırmışdır. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini davam etdirən "Azərbaycan” qəzetinin əməkdaşları hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasında, iqtisadi islahatların layiqincə həyata keçirilməsində, vətəndaş həmrəyliyi və milli birliyin yaradılmasında, habelə ölkə iqtisadiyyatının inkişafında maraqlı yazılarına görə müxtəlif illərdə Prezident İlham Əliyevin sərəncamlarına əsasən orden və medallara, fəxri adlara layiq görülüblər, mənzillə mükafatlandırılıblar. Qürur hissi ilə qeyd edək ki, keçən il Azərbaycan Prezidentinin sərəncamı ilə milli mətbuatın inkişafında xidmətlərinə görə 1 nəfər "Şöhrət” ordeninə, 4 nəfər "Əməkdar jurnalist” fəxri adına, 4 nəfər isə "Tərəqqi” medalına layiq görülmüşdür. Qəzet kollektiv əməyin, kollektiv zəhmətin bəhrəsi olduğundan redaksiyada yaranan ənənəyə əsasən hər hansı mükafatdan, fəxri addan "Azərbaycan”çıların hər birinə sevinc payı düşür.

101 yaşlı "Azərbaycan” mətbuata dövlət qayğısı sayəsində informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək bu gün nəinki respublikamızda, bir çox xarici ölkələrdə yayımlanır. Bir neçə ildir ki, dünya ictimaiyyəti ölkəmizdə baş verən ictimai-siyasi proseslərlə bağlı həqiqətləri, yenilikləri qəzetimizin saytından oxuya bilir. Xatırladaq ki, qəzetin internet versiyası il ərzində 2 milyon dəfədən çox izlənilir. Bunun da 10 faizi 100-dən artıq xarici ölkənin payına düşür. Əsasən Fransa, ABŞ, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya, Gürcüstan, Norveç kimi ölkələrdən daha çox baxış qeydə alınır. Maraqlıdır ki, Cənubi Amerikada yerləşən Peru dövləti də baxış sayına görə ilk onluqda yer alır. Sirr deyil ki, Azərbaycanla bağlı daha dəqiq məlumat almaq istəyən insanlar məhz "Azərbaycan”ın saytına müraciət edirlər.

Ötən il "Azərbaycan”ın 100 illiyi ərəfəsində qəzetin internet səhifəsinin yeni versiyası istifadəyə verilib. Səhifənin tam olaraq yeniləndiyini ana səhifədən görmək mümkündür. Yeni versiyada oxuculara qəzetin çap versiyasını PDF formatında izləmək imkanı yaradılıb. "Azərbaycan”ın səhifələrində respublikada cərəyan edən siyasi, iqtisadi, sosial, mədəni və humanitar proseslərin operativ, dürüst şəkildə milli mənafe prizmasından işıqlandırılması bu gün onun ümumxalq qəzetinə çevrilməsini təmin edib, oxucuların böyük etimadını və inamını qazanmasına səbəb olub.

Aldığımız müraciətlərdən, telefon və internet bağlantılarından informasiya mübadiləsini özündə cəmləşdirən yeni versiya xarici ölkələrdə yaşayan oxucuların da ürəyincədir.

Ömrünün 101-ci ilinə çatan "Azərbaycan” bundan sonra müstəqil dövlətimizin uğur və nailiyyətlərindən qürur və sevinclə yazacaqdır.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video