15 Sentyabr 2019 04:27
2362
Elm və texnika
A- A+

“Şeytan üçbucağı”nın sirri


Ora dünyanın ən müəmmalı, haqqında qeyri-adi əhvalatlar dolaşan məkanlarından biridir. Sirri indiyə qədər də tam olaraq açılmayıb...

Orada baş verən qəribə hadisələr barədə çoxları eşidib. Müxtəlif gəmi və təyyarələri, hətta insanları udan bu yerlə bağlı rəvayətlər bütün dünyada dolaşıb. Lakin oranın necə bir zona olduğunu çox adam bilmir. "Ölüm üçbucağı”, "Şeytan üçbucağı” adlandırılan sirli Bermud üçbucağından söhbət açacağıq.

Bermud üçbucağı Atlantik okeanının şimalında 3 şərti xətti əhatə edən üçbucaq formasında olan sahədir. Bu zonadan şimalda Bermud adaları, qərbdə Mayami, cənubda Puerto-Riko yerləşir. Təqribən 1,2 milyon kvadratkilometr sahəni tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd olunub.

Bermud adaları ilk dəfə 1505-ci ildə ispan dənizçisi Xuan de Bermudes tərəfindən kəşf olunub. Məhz onun şərəfinə adaya Bermud adı verilib. Atlantik okeanının bu müəmmalı sahəsi də elə Bermud üçbucağı adlandırılıb. Ora həm elmi məqsədlə, ciddi niyyətlə, həm də sensasiya axtarışı ilə onlarla ekspedisiya gedib. Saysız-hesabsız fərziyyələr irəli sürülüb, çoxlu kitablar yazılıb, amma bu üçbucağın sirri hələ də tam açılmayıb.

Bəzi tarixçilər hesab edirlər ki, bu üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub. Lakin tarixdə ilk dəfə olaraq "Bermud üçbucağı” ifadəsini 1964-cü ildə Vinsent Qaddis adlı amerikalı yazıçı "Arqosy” jurnalında işlədib və onun faktiki sahəsinin Mayami, San Xuan, Puerto-Riko və Bermud adalarının birləşməsi kimi geometrik olaraq göstərib. Lakin digər alimlər onun bu fikirlərini heç də ciddiyə almayıblar.

Bermud üçbucağında baş verən ilk anormal hadisə 1946-cı ildə elə Vinsent Qaddisin ABŞ hərbi donanmasına məxsus "Flight-19” təyyarələrinin müəmmalı şəkildə itməsi haqqında yazdığı məqalənin dərci ilə üzə çıxıb. İçərisində 14 ekipaj üzvü olan beş bombardmançı təyyarə həmin ərazidə məşq uçuşu zamanı radarın ekranından itib. On üç heyət üzvü ilə onların axtarışına yollanan digər təyyarə də yoxa çıxıb.

1950-ci ildə isə "Associated Press” xəbər agentliyinin müxbiri Edvard Van Vinklın Bermud üçbucağındakı digər sirli qeybolmaları xatırlatması və bu ərazini "Şeytan dənizi” adlandırması ilə mövzu yenidən aktuallaşır.

Dilçilik üzrə müəllim Çarlz Berlits 1974-cü ildə "Bermud üçbucağı” adlı kitab dərc edir. Bestsellerə çevrilən kitab sayəsində "Bermud üçbucağı” ifadəsi beynəlxalq populyarlıq qazanır, ora hər kəsin bildiyi və çəkindiyi yer kimi tanınır. Həmin kitabda itmiş şəhər Atlantida haqqında da məlumatlar var.

Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar zamanı bir dənə də olsun meyit və digər əlamətlər aşkarlanmayıb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi itib. Bəzən təyyarə və ya gəmilərin birdən yoxa çıxması, yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması kimi hadisələr də baş verib.

Təbii ki, həmin ərazidən gəmilərin itməsini aydınlaşdırmaq üçün elm adamlarının inkişaf etdirməyə çalışdıqları nəzəriyyələr mövcuddur. Məsələn, dənizin altında yüksək şəkildə mövcud olan metan qazının, ildırım, elektrik qığılcımı və ya şimşəklə qarşılıqlı təsiri nəticəsində böyük bir partlayışla gəmini və ya təyyarələri məhv etdiyini düşünənlər var. Amma metan onsuz da təbii olaraq ətrafımızda mövcuddur və bu günə qədər dünyanın heç bir yerində belə dağıdıcı hadisə, partlama müşahidə olunmayıb, əlavə olaraq Bermud üçbucağında metan olduğu ilə bağlı heç bir məlumat yoxdur.

Bəzi alimlər qabarma-çəkilmə prosesini bu hadisələrin əsas səbəbi kimi göstərir. Və ya pilotların istiqamətlərini tapmalarına mane olan geomaqnit pozuntuları da səbəb ola bilər. Buradakı maqnit sahəsi gəmilərdəki elektrik siqnallarına zərər verdiyinə və ya kompasları xarab etdiyinə görə onları səhv istiqamətə yönəldir. Ancaq pilotlar elektron naviqator olmadan da təyyarəni idarə edə bilirlər. Həm də bu fərziyyə gəmilərin yox olmağını açıqlamır. Üstəlik, bölgədə aparılan araşdırmalar hər hansı bir maqnit olduğunu göstərmir.

Bəs həqiqətən də ortada açıqlanması lazım olan bir sirr varmı? Larry Kusche adlı jurnalist bu sualı ortaya qoyduqda təəccüblü bir cavabla qarşılaşıb. O, bölgədə baş verən hadisələri təkrar-təkrar araşdırıb və sonunda onların ya səhv danışıldığını, ya da uydurma olduğunu ortaya çıxarıb. Hər şeyi açıqlayan "The Bermuda Triangle Mystery Solved” ("Bermud üçbucağının sirri açıldı”) kitabında Kusche yazır ki, çox az sayda yazıçı bu haqda yazmazdan əvvəl araşdırma aparıb, bəzi yazıçılar isə məlumatları əvvəlki məqalələrdən, kitablardan götürüb eynilə öz yazılarına əlavə edib: "Təəssüf ki, Berlits də bu səhvi edib. Bəzən "yox olduğu iddia olunan” gəmilər və təyyarələr haqqında heç bir məlumat tapılmır. Yəni bunların hamısı həmin yazıçıların xəyalından başqa heç bir yerdə mövcud olmayıb. Bəzi hadisələrdə Berlits və digərləri gəmilərin şiddətli fırtınalar nəticəsində batdığını qeyd etməyiblər. Elə hadisələr də olub ki, gəmi və təyyarələr əslində Bermud üçbucağından kənarda batıb”.

Larry onu da qeyd edib ki, Bermud üçbucağının olduğu bölgə sərnişin və yük gəmilərinin tez-tez keçdiyi bölgədir. Avropa və Şimali Amerika arasında hərəkət edən gəmilər buradan keçdiyindən belə hadisələr tez-tez yaşana bilər, ancaq son zamanlar heç bir hadisə yaşanmayıb: "Bermud üçbucağı yalanının onillərdir ortaya çıxarıldığına baxmayaraq, hələ də yeni kitablarda "açılmamış sirr” olaraq təqdim olunur. Əlbəttə ki, bunu edənlər əksərən gerçəklərdən çox sensasiyalı hadisələrə üstünlük verən yazıçılardır. Nəticə olaraq zaman qapılarına, Atlantidaya, yadplanetlilərin bazalarına, geomaqnit pozuntularına, qabarma-çəkilmə dalğalarına və başqa şeylərə müraciət etmək lazım deyil. Bermud üçbucağının tək sirri var - o da başdansovdu araşdırmalar və yalançı məlumatlardır”.

Böyük Britaniya alimləri isə ötən il Bermud üçbucağının sirrini tapdıqlarını açıqlayıblar. Alimlərin qənaətinə görə, həmin ərazidə gəmilərin yox olmasının səbəbi hündürlüyü 30 metrə qədər çatan "qatil dalğalar” ola bilər.

Azərbaycandan da bu sirli obyektə elmi tədqiqat üçün iki geoloq alim gedib - Rüstəm Babayev və Xəlil Əliyulla. 1982-ci ildə SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutu elmi tədqiqat aparmaq məqsədilə Bermud adalarına 3 aylıq ekspedisiya təşkil edir. Səfərə digər ölkələrlə yanaşı, Azərbaycandan da iki alim dəvət olunur. O zaman Geologiya İnstitutunda geologiya-mineralogiya elmləri namizədi kimi böyük elmi işçi vəzifəsində çalışan Rüstəm Babayev sağ olarkən media orqanlarının birində özünün Bermud səfəri barədə bunları deyib: "...Orada tədqiqatlar aparmaq üçün bizə bir gün kifayət edirdi. Lakin möcüzəli üçbucaq "oyanaraq” qonaqlarını elə ilk gündə öz xarakterinə uyğun qarşıladı. Əvvəlcə küləksiz hava şəraitində sunami dalğaları nəhəng "Vityaz”ı yellətdi. Masaların üzərindəki yüngül əşyalar - çəngəl, qaşıq, qələm, stəkan, kiçik ləvazimatlarımız sürüşməsin deyə yaş parçalardan süfrə kimi istifadə etdik. Bir az sonra tayı-bərabəri olmayan, dəhşətli fırtınanın yaxınlaşdığı məlum oldu. Bu məqamda hər kəs öz əşyalarını yerbəyer etməyə başladı. Gəminin içərisində qab-qaşıqların, kiçik ləvazimatların formasına uyğun xüsusi yerlər var idi. Əşyaları dağılmamaq üçün həmin yerlərə qoyduq. Laboratoriya aparatları və cihazlarını isə içəridə iplə sarıdıq. Qapıları bağlayıb hamımız yatağa uzandıq. Hər birimizdə qoruyucu qurşaq var idi. Elə bu an gəminin dörd tərəfinə dəyən zərbələrin bizi vahiməyə salan səsini eşitdik. Gəmi suyun üzərində kibrit qutusu kimi yırğalanmağa başladı. Sunaminin ardınca baş verən fırtına okeanın dalğalarını sərtləşdirmişdi. Gəmi hər dörd tərəfdən qalxıb-enirdi. Göyərtə suyun səviyyəsinə qədər əyilib-qalxırdı. Bayırda duman-çəndən başqa heç nə görünmürdü. "Vityaz” böyük və güclü burulğanın içərisində idi. Bizdə qorxudan peşmanlıq hissi yaranmışdı. Amma gəmini idarə edənlərin yüksək məharəti onu batmağa qoymurdu. Onlar yaxşı bilirdilər ki, gəmini hara və necə döndərmək lazımdır. Kiçik səhv nəticəsində burulğan "Vityaz”ı sürətlə 5 kilometr dərinliyi olan okeanın dibinə apara bilərdi. Bu vəziyyət üç gün davam etdi. Həmin müddətdə nə xörək bişirə, nə də tədqiqatlar apara bildik. Konservlər və meyvələrlə qidalanırdıq. O qədər yırğalanırdıq ki, ürəkbulanmadan söhbət də edə bilmirdik, sakit uzanıb fırtınadan nə zaman qurtulacağımızı düşünürdük. Zərbələrin vahiməli səsləri ara vermirdi. Peyk vasitəsilə daim hava haqqında proqnozu izləyirdik. Kapitan xəbər verəndə ki, təhlükədən sovuşduq, hamı biri-birini təbrik etdi. Okean sakit, dümdüz, göyün üzü tam aydın idi. Günəş sevincimizə şərik idi. Ertəsi gün tədqiqatlar apardıqdan sonra cənub-şərq istiqaməti ilə Cəbəllütarik boğazına qayıdıb geri dönəndə anladıq ki, doğrudan da, Bermud üçbucağından sağ qayıtmaq mümkün imiş”.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video