14 Sentyabr 2019 00:57
1706
SİYASƏT
A- A+

Mehriban Əliyevanın uğurlu idman missiyası


Bakı 14 illik fasilədən sonra yenidən bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatına evsahibliyi edəcək


Bir neçə gündən sonra Bakıda növbəti böyük idman tədbirinə start veriləcək. Avropanın idman paytaxtına çevrilən Azərbaycan 14 illik fasilədən sonra yenidən bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatına evsahibliyi edəcək. Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq.

61 ölkənin qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda komanda hesabında ən güclülər də müəyyənləşəcək.


Tokioya gedən yol Bakıdan keçir


Çempionatın ilkin qeydiyyat siyahısına əsasən, yarışda çıxış edəcək 300-dən çox gimnast olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) lisenziya əldə edə biləcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Builki çempionatda çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

"Nağıllar, gerçəkləşək” devizi altında təşkil edilən çempionatın ən yaddaqalan hissələrindən biri isə möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə "səyahətə aparacaq” şou vəd edirlər.


Dünya və Avropa çempionatlarının dəyişilməz ünvanı


Yüksək səviyyədə dövlət qayğısı sayəsində Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, gimnastika da diqqətdən kənarda qalmayıb. Bu nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın federasiyaya rəhbərliyi sayəsində mümkün olub.

2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün əsl inkişaf mərhələsi başlayıb. Gimnastikanın bütün növlərinin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər bəhrəsini verməkdədir.

Mehriban xanım Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişdi.

İlk olaraq federasiyanın rəhbəri Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasına bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı müraciət etdi.

Beynəlxalq Gimnastika Federasiyası Afinada keçirilmiş 74-cü konqresində dünya kubokunun A kateqoriyalı mərhələsinin 2003-cü ilin avqustunda Azərbaycanda keçirilməsi barədə qərar qəbul etdi. Belə mötəbər yarış ilk dəfə idi ki, Azərbaycana salınırdı. Bu, Azərbaycan gimnastikasının ölkənin müstəqilliyi illərində əldə etdiyi ilk böyük uğuru oldu və bədii gimnastika tariximizə parlaq bir səhifə kimi yazıldı.

2003-cü ilin aprelində dünya kubokunun mərhələsinin təşkilinə hazırlıqla tanış olmaq üçün Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika üzrə texniki komitənin rəhbəri xanım Egle Abruzzinidən ibarət nümayəndə heyəti Azərbaycana gəldi.

Beynəlxalq qurumun ölkəmizə gəlmiş nümayəndə heyəti səfər zamanı paytaxtın idman kompleksləri, gimnastikanın maddi-texniki bazası ilə tanış oldular. Bu tanışlıq mötəbər beynəlxalq yarışın Azərbaycanda keçirilməsi üçün hər cür şəraitin olduğuna qonaqları əmin etdi.

2003-cü ilin avqustunda Bakıda 17 ölkə təmsilçilərinin iştirak etdiyi bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışı çox yüksək səviyyədə keçdi. Azərbaycana gəlmiş qonaqlar və idmançılar ölkəmizdən xoş təəssüratlarla ayrıldılar. Azərbaycanın bədii gimnastika tarixində ilk olimpiya lisenziyası da məhz həmin ilin sentyabr ayında əldə edildi. Lisenziyanı Budapeştdə keçirilən 26-cı dünya çempionatında Dinara Gimatova qazandı. Sonra uğurlar bir-birini əvəz etdi.

Ümumiyyətlə, son 17 ildə Bakı bir çox beynəlxalq gimnastika yarışlarına evsahibliyi edib. 2004-cü ilin aprelində Bakıda ikinci dəfə bədii gimnastika üzrə dünya kuboku mərhələsi təşkil edildi. "Afina-2004” Olimpiadasında ölkəmiz gimnastika idman növündə ilk dəfə təmsil olundu. Anna Qurbanova bədii gimnastika üzrə yarışlarda mübarizə apardı.

2005-ci ilin mayında bədii gimnastika üzrə 27-ci dünya çempionatı Bakıda keçirildi. Həmin il Bakıda dünya kubokunda A kateqoriyasına malik AGF kuboku uğrunda yarış da təşkil olundu.

Mehriban xanımın rəhbərliyi ilə 2007-ci ilin iyununda bədii gimnastika üzrə 23-cü Avropa çempionatı da parlaq nəticələrlə Bakıda keçirildi. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak etdi.

2014-cü ildə isə Bakı yeni tikilmiş Milli Gimnastika Arenasında 30-cu Avropa çempionatını qəbul etdi. Turnirdə qitənin 30 ölkəsindən 250-dən çox gimnast yarışdı.

2018-ci ildə Bakıda idman gimnastikası üzrə dünya kuboku keçirildi. Həmin il paytaxtımız həmçinin batut gimnastikası, tamblinq və ikili-mini batut üzrə Avropa çempionatına, bədii gimnastika üzrə "AGF Junior Trophy” adlı beynəlxalq turnirə, bədii gimnastika üzrə dünya kubokuna və gənclər arasında Avropa üzrə Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarına evsahibliyi etdi.

Cari ilin ilk 6 ayı da Azərbaycan gimnastikası üçün uğurlu nəticələrlə yadda qalmaqdadır. Belə ki, beynəlxalq yarışların dəyişilməz ünvanı olan Bakı fevral ayında batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına evsahibliyi etdi. 30 ölkədən 160-dan çox gimnastın çıxış etdiyi turnirdə dünyanın bir çox tanınmış idmançıları bu dəfə yalnız medallar uğrunda deyil, həm də Tokio Olimpiya Oyunlarına lisenziya xalları üçün mübarizə apardılar.

Kubok ilk olaraq tamblinqçilərin çıxışları ilə start götürdü. Yarışın əsas favoritlərindən olan gimnastımız Mixail Malkin gümüş medal qazanaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşdı. Gimnastımız həmçinin yarışlar boyunca ən yüksək icra xalını toplayaraq, "AGF Trophy” ilə mükafatlandırıldı.

Mart ayında isə Milli Gimnastika Arenası idman gimnastikası üzrə dünya kubokuna evsahibliyi etdi. Azərbaycan gimnastı Nikita Simonov gümüş medal qazandı.

Aprel ayında bədii gimnastika üzrə dünya kubokuna, may ayında isə ilk dəfə olaraq gimnastikanın 2 növü - bədii və aerobika gimnastikası üzrə Avropa çempionatına evsahibliyi edən ölkəmizin təmsilçiləri yüksək nəticə göstərərək fəxri kürsüdə qərarlaşmağı bacardılar.

Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı mayın 16-19-da keçirildi. Azərbaycanda dördüncü dəfə təşkil edilən yarışlarda dünyanın 35 ölkəsindən gimnastlar medallar uğrunda mübarizə apardılar. Dörd gün davam edən Avropa çempionatının fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxışlarını nümayiş etdirdilər. Böyüklər arasında fərdi proqramda çoxnövçülük (top, halqa, gürz və lent) üzrə ən güclülər də yarışların son günündə müəyyənləşdi. Halqa ilə yarışlarda Azərbaycan gimnastı Zöhrə Ağamirova isə yarışları 19,875 xalla 6-cı yerdə başa vurdu. Gürzlə yarışlarda isə gimnastımız 18,950 xalla 8-ci yerdə qərarlaşdı.

Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə XI Avropa çempionatı keçirildi. Yarışlarda dünyanın 22 ölkəsindən 400-ə yaxın gimnast mübarizə apardı. İdmançılar böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero-dans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə apardılar. Azərbaycanı XI Avropa çempionatında 17 gimnast təmsil etdi. Yarışın nəticələrinə görə, Azərbaycanın gənclərdən ibarət komandası 16,225 xalla 7-ci pillədə qərarlaşdı.

Komandamız aero-dans proqramında fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Azərbaycan gimnastları hakimlərdən ən yüksək - 17,800 xal aldılar. Rusiya 17.750 xalla gümüş medala layiq görüldü. Rumıniya 17.400 xalla üçüncü yerdə qərarlaşdı.


"Bakı-2015”dən "Bakı-2017”dək


Son 4 ilə nəzər yetirdikdə sözsüz ki, ən böyük idman hadisələri Bakıda 2015-ci ildə təşkil olunan ilk Avropa Oyunları və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hər iki idman tədbirində qarşıya qoyulan vəzifələri uğurla həyata keçirdi. Ölkə rəhbərliyinin diqqət və qayğısı, Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində həm "Bakı-2015”, həm də "Bakı-2017”nin yarışlarının yüksək səviyyədə baş tutmasına lazımi şərait yaradıldı.

Bu iki mötəbər yarışda gimnastlarımız göstərdikləri nəticələrlə xalqımızı sevindirdilər. Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarında Azərbaycan gimnastları ümumilikdə 7 medal qazandılar. Bu da çox böyük uğur idi. İdman gimnastımız Oleq Stepko paralel qollarda qızıl, fərdi çoxnövçülükdə və gimnastika atında gümüş medal əldə etdi. Təmsilçimiz növbəti medalını isə komanda hesabında dayaqla tullanma hərəkətlərində qazandı. İlya Qrişunin batut gimnastikasında bürünc medalla fərqləndi. Bədii gimnastımız Marina Durunda isə lentlə hərəkətlərdə gümüş medala layiq görüldü.

2017-ci ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastları bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə 20 medala (9 qızıl, 7 gümüş və 4 bürünc) sahib çıxdılar. Bu, gimnastlarımızın yarışda əldə etdikləri medal sayına görə rekord göstərici idi. Qazanılan medallardan 8-i (4 qızıl, 2 gümüş və 2 bürünc) bədii gimnastlarımızın, 12-si isə idman gimnastlarımızın payına düşürdü.

Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olundu. Bədii gimnastlarımız ümumi hesabda 8 medala sahib çıxdılar. Bunlardan 7-si fərdi, 1-i isə komanda yarışlarında əldə olundu. Komandanın lideri Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarının 4 (2 qızıl, 1 gümüş və 1 bürünc) medalını qazandı. O, halqalarda (17,600 xal) və lentlərdə (15,450 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İdmançımız gürzlərdə (16,550 xal) gümüş, topda (15,800) isə bürünc medala layiq görüldü.

Jalə Piriyeva isə yarışları 3 (1 qızıl, 1 gümüş və 1 bürünc) medalla başa vurdu. Təmsilçimiz qızıl medalı topla hərəkətlərdə (17,550 xal) qazandı. Jalə Piriyeva lentlərdə Marina Durundadan cüzi xalla geri qalaraq gümüş medala yiyələndi. Bürünc medala isə idmançımız halqa ilə hərəkətlərdə (16,050 xal) sahib oldu. Komanda hesabında isə qızlarımız - Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova 128.200 xal toplayaraq ilk pilləyə yüksəlməyi bacardılar.

Kişi idman gimnastikasında isə 6 (3 qızıl, 2 gümüş və 1 bürünc) medal əldə olundu. Murad Ağarzayev, Bense Talas və Timur Bayramov komanda hesabında yalnız Türkiyə yığmasına güzəştə gedərək gümüş medal (161,700 xal) qazandılar. İkinci medalı Murad Ağarzayev sərbəst hərəkətlər üzrə final yarışlarında əldə etdi. İdmançımız 14,400 xalla birinci yeri tutdu. Bense Talas gimnastika atı üzrə hərəkətlərdə millimizin aktivinə növbəti qızıl medalı (14,250 xal) yazdırdı. Təmsilçimiz digər qızıl medalı turnikdə hərəkətlərdə (14,000 xal) əldə etdi. O, gümüş medala halqalarda layiq görüldü. Digər gimnastımız Timur Bayramov paralel qollarda bürünc medal əldə etdi.

Qadın idman gimnastlarımız İslamiadanı 6 ( 2 qızıl, 3 gümüş və 1 bürünc) medalla başa vurdular. Komanda hesabında 99,300 xal toplayan Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkovadan ibarət yığmamız bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxdı. Növbəti qızıl medalı fərdi yarışlarda Yuliya İnşına əldə etdi. Təmsilçimiz sərbəst hərəkətlərdə (13,100 xal) fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Gimnastika tirində hərəkətlərdə Marina Nekrasova 12,600 xalla gümüş medala layiq görüldü. İkinci gümüş medalı o, dayaqla tullanma yarışlarında qazandı. Yuliya İnşına isə 12,250 xalla bürünc medala sahib oldu. Müxtəlif hündürlüklü qollarda qazanılan gümüş medal isə Yekaterina Tişkovaya məxsus idi.


Uğur estafeti Minskdə və Neapolda da davam etdirildi


Azərbaycan gimnastları İtaliyanın Neapol şəhərində təşkil edilən XXX Ümumdünya Yay Universiadasında uğurla çıxış etdilər. 28 ölkədən 51 idmançının iştirak etdiyi bu yarışda ölkəmizi Marina Nekrasova, Zöhrə Ağamirova və İvan Tixonov təmsil etdilər. Qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətində 14 tam xal toplayaraq qızıl medala layiq görüldü. Kişilərin yarışında isə gimnastımız İvan Tixonov çoxnövçülük hərəkətində 79,600 xalla 11-ci yerdə qərarlaşdı.

Bədii gimnastımız Zöhrə Ağamirova isə yarışları 2 gümüş medalla başa vurdu. Gimnastımız ilk medalını çoxnövçülük yarışlarında qazandı. Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75,425 xal toplayaraq 32 idmançı arasında 2-ci yeri tutdu. Təmsilçimiz ikinci gümüş medalını gürzlərlə hərəkətlərdə əldə etdi. Hakimlərdən 20,200 xal alan Zöhrə Ağamirova ikinci pillədə qərarlaşdı. Bununla da Azərbaycanın gimnastika komandası universiadanı 3 (1 qızıl, 2 gümüş) medalla başa vurdu. Səməd Məmmədli isə XV Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazandı.

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ölkəmizin hesabına ilk medalları (2 gümüş, 1 bürünc) akrobatika gimnastlarımız yazdırdılar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi gümüş medala sahib olublar. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında isə Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb. Həmin yarışdan bir gün sonra isə akrobatika gimnastlarımız II Avropa Oyunlarında üçüncü medalı qazanıblar. Akrobatika gimnastikası yarışında təmsilçilərimiz Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.

Göründüyü kimi, əldə olunan nailiyyətlər, qazanılan uğurlar onu deməyə əsas verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, AGF-nin prezidenti Mehriban xanım Əliyevanın ötən 17 il ərzində federasiyaya rəhbərliyi, səmərəli fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, beynəlxalq aləmdə parlaq nailiyyətlər ilə müşahidə olunur.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video