13 Sentyabr 2019 00:25
2213
CƏMİYYƏT
A- A+

Lənkəranın sabahı daha nurlu olacaq


Cənub bölgəsinin mərkəzi sayılan Lənkəranın özgə bir növrağı var. Ulu Tanrı bu qədim diyara hər şey - dağlar, meşələr, bulaqlar, çaylar, daha nələr, nələr bəxş etmişdir. Bol nemətli Lənkəran Xəzərin sahilini özünə əbədi məskən seçmişdir. Respublikamız öz tarixi müstəqilliyinə qovuşduqdan sonra isə bu gözəlliklərə yeni rənglər əlavə olunmuşdur.

Ötən əsrin 90-cı illərinin hadisələri o vaxt Lənkərandan da yan keçməmişdir. Xaricdən idarə olunan milli satqınlar süni şəkildə etnik qarşıdurma yaratmağa səy göstərirdilər. Lakin lənkəranlılar qurtuluş yolunu bu cənub diyarına qayğı ilə yanaşan Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdülər. Bu, Tanrının xalqımıza, dövlətimizə ən böyük mükafatı oldu. Ulu Öndərin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində separatçı qüvvələr yerlərində oturduldu, ölkədə sabitlik yarandı. Cəbhədə atəşkəs əldə edildi. Respublikamızın həyatında mühüm rol oynayan "Əsrin müqaviləsi” imzalandı, hər sahədə islahatlar həyata keçirildi. Bütün bunlar isə bu gün Cənubi Qafqazın ən qüdrətli ölkəsinə çevrilən Azərbaycan üçün möhkəm bünövrə, iqtisadi-siyasi təməl yaratdı.


Tənəzzüldən tərəqqiyə


2004-cü il fevralın 11-də Prezident İlham Əliyev tərəfindən imzalanan regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramına əsasən Lənkəranda da yeni istehsal sahələri yaradıldı, tikinti-quruculuq, abadlıq işləri start götürdü. Yeni-yeni təhsil, səhiyyə, mədəniyyət ocaqları, yaşayış evləri, ictimai binalar inşa edildi, köhnələri əsaslı şəkildə yenidən quruldu, parklar, xiyabanlar, körpülər salındı. Bu işlər günün tələbləri baxımından II-III dövlət proqramları çərçivəsində də davam etdirildi. Əməkhaqlarının, təqaüdlərin, müavinətlərin artırılması əhalinin güzəranını yaxşılaşdırdı. Lənkəran şəhəri böyüdü, kəndləri ilə birlikdə daha da inkişaf etdi, abadlaşdı.

Yenilikləri, tərəqqini gördükdə yaxın keçmişimiz kino lenti kimi bir daha göz önündən gəlib keçir. Gün ərzində şəhərin özünə 6-7 saat elektrik enerjisi verilirdi. Təbii qaz, içməli su, nəqliyyat, ticarət və digər sahələr də ondan geri qalmırdı. İdarə və müəssisələrin çoxu fəaliyyətini dayandırmışdı. Həmin müəssisələrin qiymətli avadanlıqları tarmar edilmişdi. Çay plantasiyaları, tərəvəz sahələri, naringi, portağal, feyxoa bağları otlaq yerlərinə çevrilmişdi və s.

Belə bir deyim var: hər şeyin zamana ehtiyacı var. 2003-cü ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zeynal Nağdəliyevin işgüzarlığı, təşkilatçılıq bacarığı ilə tez bir zamanda rayonda canlanma yarandı. Süstlük və laqeydlik halları aradan qaldırıldı. Ağsaqqallarla, ziyalılarla keçirilən görüşlər problemlərin həllinə kömək göstərdi. Keçmiş SSRİ məkanında yaşayan və işləyən lənkəranlı biznesmenlərə öz doğma rayonlarının iqtisadiyyatına, abadlaşmasına kömək etmək üçün məktubla müraciətlər olundu. "Xəzər - Lənkəran” komandası yaradıldı. Bərbad hala düşmüş şəhər stadionu əsaslı şəkildə yenidən quruldu. Daxili imkanlar hesabına şəhərin Qala xiyabanında yerləşən N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı təmir olunaraq fəaliyyətə başladı. Ucqar dağ kəndlərinin bir neçəsinə yol çəkildi. Bunlar dirçəlişin ilk qaranquşları idi.

Rayon sürətli inkişafa, iqtisadi yüksəlişə 2004-cü ildən qədəm qoydu. Respublikamızın regionları üzrə ilk Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi burada tikilib istifadəyə verildi. Əsaslı şəkildə yenidən qurulan Lənkəran Beynəlxalq Hava Limanı Moskva, Sankt-Peterburq və digər yerlərə uçuşlar həyata keçirməyə başladı.


Taleyüklü məsələlər öz həllini tapdı


Hər bir ölkənin bugünü və sabahı üçün öndə duran təhsildir. Ulu Öndərin təbirincə desək, təhsil millətin gələcəyidir. Buna görə də bu məsələ dövlətin, Prezidentin daim diqqət mərkəzindədir. Dövlət proqramları çərçivəsində 2004-cü ildən indiyədək rayonda dövlət vəsaiti hesabına 39, Heydər Əliyev Fondunun xətti ilə 9 yeni məktəb binası tikilmiş və ya əsaslı şəkildə təmir edilmiş, lazımi avadanlıqlarla təchiz olunmuşdur. Bütün bunlar təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir. Keçirilən fənn olimpiadalarında, müsabiqələrdə şagirdlərin qazandığı yüksək nəticələr bunu aydın şəkildə göstərir. Bu il rayon üzrə 628 nəfər ali məktəblərə daxil olmuşdur. Onların da 20 nəfəri 600, 87 nəfəri isə 500-dən çox bal toplamışdır. Məzunlardan 1 nəfəri qızıl, 1 nəfəri gümüş medala layiq görülmüş, 6 nəfəri respublika fənn olimpiadalarında I-III yerləri tutmuşlar. Yeni dərs ilində 4 modul tipli və 432 şagird yerlik Şıxakəran tam orta məktəbinin binası tikilib istifadəyə veriləcəkdir. Hazırda Haftoni qəsəbəsində 624, Viləvar kəndində 2 saylı məktəb üçün 360 şagird yerlik məktəb inşa olunur. Eyni zamanda inteqrasiya təlimli gimnaziya əsaslı təmir edilir.

Müalicə Diaqnostika Mərkəzinin açılışı ilə bərabər Uşaq Müalicə Mərkəzi də balacaların ixtiyarına verildi. Rayon mərkəzi xəstəxanası, habelə qəsəbə və kəndlərdəki səhiyyə ocaqları əsaslı şəkildə yenidən quruldu. Uzun illər istifadəsiz qaldığından bərbad hala düşən Lənkəran Şəhər Mədəniyyət Evi öz fəaliyyətini bərpa etdi, indi mədəniyyət mərkəzi statusunu daşıyır. Lənkəran şəhərinin mərkəzində inşa edilən üçmərtəbəli Gənclər Evi ali və orta ixtisas məktəblərində təhsil alan gənclərin sevimli məkanına çevrilib. Onlar vaxtaşırı olaraq bu ünvana toplaşır, ad günlərini qeyd edir, müxtəlif müzakirələr, disputlar, görüşlər təşkil edir, asudə vaxtlarını səmərəli və mənalı keçirirlər.

Həyata keçirilən tədbirlər nəticəsində əhalinin elektrik enerjisi ilə təminatı keyfiyyətli və davamlı şəkildə ödənilir. Bu gün qazlaşdırma rayon üzrə 96 faiz təşkil edir. Xanbulançay su dəryaçasından Lənkəran şəhərinə içməli su xətti çəkilmiş, kanalizasiya xətti yeniləşdirilmiş və bu istiqamətdə işlər davam etdirilir.


İtirilmiş şöhrət geri qaytarılır


Prezident İlham Əliyev 2017-ci il sentyabr ayının 3-də Lənkərana səfəri zamanı çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirdi. Dövlət başçısı öz məruzəsində iqtisadi inkşafın yeni hədəflərini müəyyən etdi. Hazırda qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilməkdədir. Lənkəranın keçmiş şöhrəti geri qaytarılır, bunu qazanılan uğurlar da təsdiqləyir.

Sovetlər dövründə, xüsusən 1970-1980-ci illərdə Lənkəran rayonu Moskva şəhərinin tərəvəz bazası hesab olunurdu. Xüsusi soyuducu vaqonlarla kələm, pomidor, xiyar, digər kənd təsərrüfatı məhsulları, habelə sitrus meyvələri Rusiyanın paytaxtına göndərilirdi.

Çay plantasiyalarında, limon, naringi, portağal, feyxoa yetişdirilməsi ilə məşğul olan təsərrüfatlarda, tərəvəz sahələrində minlərlə adam işləyir, halal zəhməti ilə dolanırdı. SSRİ süqut edəndən sonra iqtisadiyyatımız zəiflədi... Dağıdılmış, altı üstünə çevrilmiş iqtisadiyyatı dirçəltmək, yenidən qurmaq lazım idi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə ardıcıl, sistemli işlər görüldü, islahatlar aparıldı. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ilkin olaraq torpaqların becərilməsi üçün mülkiyyətçilərə subsidiyalar, güzəştli mineral gübrələr verildi. Texniki təminat üçün yaradılan "Aqroservis”lər bir müddət fəaliyyət göstərib, "Aqrolizinq”ə çevrildi, yerlərdə onun filialları təşkil olundu. Müxtəlif adda kənd təsərrüfatı texnikaları güzəştli qaydada sahibkarlara satıldı. Bu günlərdə qəbul edilən qərar - ehtiyat hissələrinin daha sərfəli qiymətlərə satılması mülkiyyətçilərin ürəyincə oldu. Heyvandarlığın inkişafı üçün tədbirlər görüldü. Hər bir rayonda kənd təsərrüfatı idarələri yaradıldı və onlar indi aqrar inkişaf mərkəzləri kimi fəaliyyət göstərir. Bu sahədə Lənkəranda da misli görünməmiş tədbirlər həyata keçirildi, sahibkarlar üçün hər bir şərait yaradıldı.

Sovet dövründə respublikamızda 13,4 min hektar çay sahəsinin 7 mini Lənkəranın payına düşürdü və il ərzində həmin sahələrdən 34,4 min ton yaşıl çay yarpağı yığılırdı. Həmin məhsuldan 4,2 min ton quru çay istehsal olunurdu. Bununla respublika əhalisinin quru çaya olan tələbatının 50 faizini Lənkəran ödəyirdi. İndi Lənkəran çayının əvvəlki şöhrətini qaytarmağın zamanı gəlmişdi. Respublikamızdan kənarda yaşayan lənkəranlı iş adamları rayon iqtisadiyyatının inkişaf etdirilməsi üçün sərmayə qoydular. Onlardan biri də çayçılığı inkişaf etdirməyi qarşısına məqsəd qoymuş Araz Yaqubovdur. O deyir ki, Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayırdım. Lənkəranda gedən geniş quruculuq işləri haqda eşidib vətənə qayıtmağı qərara aldım. Pay torpaqlarını satan adamlardan sahələr alaraq 2006-cı ildə "Yaşıl cay” adlı təsərrüfat yaratdım. 60 hektarda plantasiyalar salmağa başladım. İstəyim bu idi ki, təsərrüfat daha geniş olsun, daha çox adam işləyib ailəsini dolandırsın. Sonralar rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov bu sahədə mənə böyük kömək etdi.

Hazırda "Yaşıl çay” MMC-nin 150 hektar torpaq sahəsi var. Bundan 70 hektarı çay, 6 hektarı sitrus meyvələri və 2 hektarı tut bağlarıdır. Qalan torpaqlarda isə saxladıqları 300 baş holland cinsli inəklər üçün yem bitkiləri əkilir.

Çay plantasiyaları adətən 7 ilə bara düşür. Lakin burada çalışan mütəxəssis və fəhlələr sahələrə nümunəvi qulluq etdiklərinə görə 4-cü il məhsul əldə etmişlər. Sahibkar Araz Yaqubov çayın becərilməsi üçün xeyli sayda texnikalar almış, kiçik həcmdə çay fabriki yaratmışdır. Keçən il "Yaşıl çay” MMC üzrə 96 ton yaşıl çay yarpağı yığılmış və həmin məhsuldan 19 ton keyfiyyətli quru çay emal olunmuşdur. Xüsusi qutulara qablaşdırılan "Buket çayı”, "Gül çayı”, "Premium”, "Feyxoa çayı”, "Narın çay”, "Pürrəngi çay”, "Qara məxməri çay”, "Ekstra”, "Zəncəfil çayı”, "Xan çayı”, "Tibet çayı” kimi məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanır. Bu çaylar Rusiya Federasiyasına, Türkiyə, Gürcüstan və digər ölkələrə də göndərilir.

Araz Yaqubov dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu məsələlərin yerinə yetirilməsi üçün də təşəbbüs göstərir. Bu məqsədlə 2 hektar tut bağı salınmışdır. Yaratdığı yem bazası bu il 800 kiloqramdan çox barama yetişdirməyə imkan vermişdir. 2016-cı ildən Lənkəranda baramaçılığın inkişafına başlanılıb. Mükəmməl qidalanma bazası yaratmaq məqsədilə 139,7 min tut ağacı tingi əkilmişdir ki, bunun da 89 mini Çin Xalq Respublikasından gətirilmişdir. Bu il rayonda 8,8 ton yüksəkkeyfiyyətli barama istehsal edilmişdir.

Lənkəranda çayçılığın inkişaf etdirilməsinə çalışan digər sahibkarlar da var. Fərman Quliyev, İltifat Kərimov, Mühəndis Cahangirov, Firqasim Məmmədov və digərləri bu sahədə yorulmadan çalışırlar. Hazırda rayonda 628,5 hektar çay plantasiyası mövcuddur və bunun da 483 hektarı yeni salınmışdır. Plantasiyalarda məhsul yığımı davam edir.

Qədim əkinçilik mədəniyyətinə malik olan Lənkəranda keçən əsrin 65-66-cı illərindən çəltik əkini dayandırılmışdı. Mövcud şərait, habelə çoxillik təcrübə son illər çəltikçiliyin inkişafını yenidən gündəmə gətirmişdir. Artan marağı nəzərə alaraq "Green East” MMC, "Cənub Aqro” MMC, "Muğan düyü” MMC çəltik əkini sahələrini ildən-ilə genişləndirir. Əgər 2015-ci ildə Lənkəranda 108 hektar çəltik sahəsi var idisə, 2019-cu ildə bu rəqəm 852 hektara çatdırılmışdır. Cari ildə sahələrdən 40 min tona qədər məhsul əldə edilməsi gözlənilir. Təsərrüfatlarda, əsasən, yerli "Həsənli”, "Ənbərbu”, "Qırmızı ənbərbu”, "Çampo”, "Sədri”, "Yetimi”, "Apollo” və digər sortlar əkilir. Rayonda 3 çəltik emalı zavodu fəaliyyət göstərir. Hazırda sahələrdə çəltik məhsulu yığılır.

Çəltiklə yanaşı, sitrus meyvələri: limon, naringi, portağal, feyxoa, kivi bu torpağın başlıca nemətləridir. Sadaladığımız meyvələr subtropik iqlim şəraitində yetişir. Belə bir iqlim isə Lənkəran, Astara və qismən də Masallı rayonlarındadır. Son illər rayonda sitrus meyvə bağları genişləndirilir və yeni məhsuldar sortlar əkilir. "Gilan Aqro” MMC tərəfindən 2016-cı ildən başlayaraq 100 hektar sahədə Cənubi Koreyadan gətirilmiş hollabong sitrus meyvələri əkilmişdir. Onlar yerli sitrus bağlarından 2 dəfə çox məhsuldardır. Keçən il isə rayonun Tükəvilə kəndinin 150 hektar torpaq sahəsində Türkiyədən gətirilmiş 100 min ədəddən çox yeni məhsuldar sitrus meyvəsi tingləri əkilmişdir. Həmin ağacları suvarmaq üçün müasir suvarma sistemi, habelə qış aylarında yarana biləcək şaxtanın təsirini sıfra endirə bilən "Donqoruyucu Pərvanə” qurğusu quraşdırılmışdır. Keçən il rayonda 1382 hektar sahədən 15 min ton sitrus meyvələri yığılmışdır. Mütəxəssislər bu il daha çox məhsul gözləyirlər. Rayonda meyvə-tərəvəz məhsullarının istehsalı və emalı ilə məşğul olan "Azərsun Holdinq”in "Lənkəran Konserv” ASC, habelə "Gilan Lənkəran Konserv Zavodu” fəaliyyət göstərir.

Qazanılan nailiyyətlərin nəticəsidir ki, 2017-ci ildən etibarən dekabr ayında Lənkəranda "Çay, çəltik, sitrus” festivalı keçirilir. Zəhmətin təntənəsi olan nemət dolu bu tədbir əsl el bayramına, el şənliyinə çevrilir.


Turizm potensialı genişlənir


Lənkəranda gedən sürətli inkişaf turizm sahəsində də özünü göstərməkdədir. Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən Azərbaycan, rus və ingilis dillərində rayonun turizm potensialını əks etdirən bukletlər, flayerlər, təqvimlər müxtəlif sərgilərdə nümayiş etdirilir, turistlərə verilir. Yerli sənətkarların hazırladıqları suvenirlər də turistlər tərəfindən maraqla qarşılanır.

Rayon ərazisindəki Hirkan Milli Parkı ekoloji turizmin inkişafına şərait yaratmışdır. Lənkəranın aqrar rayon olması nəzərə alınaraq bu sahədə də turizmin inkişafı üçün kompleks tədbirlər görülür. Belə ki, çay plantasiyalarına, çay emalı fabriklərinə turlar təşkil edilir.

Lənkəran müalicəvi termal suları ilə də məşhurdur. Burada müasir tələblərə cavab verən ən böyük müalicə-istirahət kompleksi inşa olunmuşdur.


Həmişə qonaq-qaralıdır


Lənkəran bütün dövrlərdə qonaq-qaralı olub. Rayon tarix diyarşünaslıq muzeyinin "Xatirə kitabı”nı vərəqlərkən bunun bir daha şahidi oluruq. Sovet dövründə - 1970-ci illərdə respublikamıza təşrif buyuran ən hörmətli, nüfuzlu qonaqlar Bakıdan sonra Lənkərana gələr, buranın əsrarəngiz təbiəti, tarixi abidələri ilə tanış olar, insanları ilə görüşüb söhbətləşərdilər. Təəssüratlarını "Xatirə kitabı”na qeyd edərdilər. Rusiyanın böyük şairi N.Tixonov Lənkəranı "Cənub mirvarisi” adlandırmışdı. Bu söz sonralar dillər əzbəri olmuşdur.

Lənkəran ABŞ-ın Kaliforniya ştatının Monterey şəhəri ilə qardaşlaşmışdır. 2010-cu ildən başlayaraq Montereyin nümayəndələri Lənkərana, cənub şəhərinin nümayəndələri isə oraya gedib-gəlirlər. Bu il may ayının 28-də Azərbaycan Respublikası Günü ilə əlaqədar Lənkəranın nümayəndə heyəti Monterey şəhərinə dəvət olunmuşdular. Tədbir iştirakçıları müstəqil Azərbaycanın tarixi, bugünü, Qarabağ həqiqətləri, Xocalı faciəsi, ermənilərin xalqımızın başına gətirdiyi faciələr haqqında danışaraq amerikalıları məlumatlandırmışlar. Monterey şəhərinin rəhbərliyi Respublika Günü münasibətilə ziyafət vermişdir. Hər iki şəhər arasında təhsil, səhiyyə, mədəniyyət və sosial məsələlərlə əlaqədar təcrübə mübadiləsi uğurla davam etdirilir.


Ağsaqqal sözü


Lənkəranda yaşlı nəslin nümayəndələri təqaüdə çıxsalar da, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlardan biri də Sərhad Məmmədovdur. Keçən əsrin 70-80-ci illərində Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb. Təqaüddə olmasına baxmayaraq, fəal həyat mövqeyini davam etdirir. Rayon Ağsaqqallar Şurası sədrinin müavini kimi ictimai-siyasi işlərdə, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bilik və təcrübəsini əsirgəmir. S.Məmmədov söhbət zamanı dedi: "İndiki gənclərimiz gözəl zəmanədə yaşayırlar. Bütün qapılar onların üzünə açıqdır. İstədikləri arzularına çatmaq üçün onlara hər cür şərait yaradılıb. Bunların əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər müstəqilliyimizin möhkəmlənməsi üçün düşünülmüş siyasət yürütdü. Prezident İlham Əliyev, respublikanın birinci xanımı Mehriban Əliyeva bu siyasəti uğurla davam etdirirlər. Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər davam etdirilir. Sentyabrın 1-dən əməkhaqları, təqaüdlər, müavinətlər 20-40 faiz arasında artmış, minimum əməkhaqqı 250 manata çatdırılmışdır. İndi ölkəmiz tərəqqi edir. Bunu bizim Lənkəranda daha aydın görmək olar. Prezidentin qarşıya qoyduğu məsələlərin icrası üçün rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov bacarıqlı təşkilatçı, təcrübəli işçi kimi məqsədyönlü iş aparır. Tikinti-quruculuq, abadlıq, habelə aqrar sahədə məsələlər rayonda ardıcıllıqla öz həllini tapır”.

P.S. Lənkəran aydan-aya, ildən-ilə inkişaf edir, daha abad və gözəl olur. Bunlar bu torpağın hər bir övladını, oğlunu, qızını, qocasını, cavanını sevindirir, doğma yurda bağlılığını, sevgi və məhəbbətini artırır. Onların hər biri bu cənub şəhərinin sakini olması, burada yaşaması, çalışması ilə fəxr edir, qürur hissi keçirir, Lənkəranın şan-şöhrətini qorumağa, daha yüksəklərə qaldırmağa səy göstərir. Bu isə deməyə əsas verir ki, cənub şəhərinin sabahı daha nurlu və firavan olacaq.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video