13 Sentyabr 2019 00:18
546
DÜNYA
A- A+

Böyük Britaniya sərt Brexitə doğru gedir


Birləşmiş Krallıq xaos yaşaya bilər


Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması (Brexit) prosesi iki il beş aydan çoxdur ki, uzanır. Birləşmiş Krallıq bu il martın 29-da - yazılı xəbərdarlıq məktubu verdikdən iki il sonra Aİ-ni tərk etməli idi.

Lakin Britaniya parlamentinin aşağı palatasının - İcmalar Palatasının deputatları Brüssellə Baş Nazir Tereza Mey hökuməti arasında əldə olunmuş Brexit sazişinin layihəsini üç dəfə rədd etdilər. Nəticədə Aİ Brexiti əvvəlcə aprel, yaxud may ayına, sonra isə oktyabrın 31-nə keçirməyə razılıq verdi. Mey vəziyyəti dalandan çıxara bilmədiyinə görə istefa vermək məcburiyyətində qaldı.

Bundan sonra Baş Nazir seçilmiş Boris Conson bəyan etdi ki, Birləşmiş Krallıq oktyabrın 31-də Aİ-ni tərk edəcək - ya sazişli, ya sazişsiz. Müxalifətçi partiyalar hakim Mühafizəkarlar Partiyasının bir sıra deputatlarının dəstəyi ilə hökumətdən Brexiti üç ay təxirə salmağı tələb edən və Aİ-dən sazişsiz çıxmağı qadağan edən qanun qəbul etdilər. Lakin bu qanuna baxmayaraq, Conson vəd verdi ki, ölkə oktyabrın 31-dək Aİ-dən çıxacaq və ona görə də Brexiti təxirə salmaq xahişi ilə Aİ-yə müraciət etməyəcək.

Belə olan təqdirdə Baş Nazir oktyabrın 15-də növbədənkənar parlament seçkiləri keçirmək təklifi irəli sürdü, lakin parlament bu təklifi rədd etdi. Bununla belə, Conson eyham vurmuşdu ki, təklifini yenidən parlamentə təqdim etmək niyyətindədir.

Eyni zamanda hökumətin başçısı ictimaiyyəti və siyasi elitanı inandırmağa çalışırdı ki, Aİ-nin gələn ayın 17-18-də keçiriləcək sammitində Brüssellə Brexitin şərtlərini yaxşılaşdırmaq barədə razılığa gələ biləcək. Conson iddia edirdi ki, Aİ rəhbərliyi ilə danışıqlarda hansısa irəliləyiş nəzərə çarpır.

Lakin Brüssel bu iddianı təsdiqləmir. Aİ-nin aparıcı ölkələrinin liderləri birmənalı şəkildə bəyan edir ki, Brexitin yenidən təxirə salınmasından söhbət gedə bilməz. Onlar vurğulayırlar ki, hər üç aydan bir təkrar-təkrar bu məsələyə baxmaq fikrində deyillər. Brüssel təklif edir ki, Londonun özü öz başına çarə qılsın. Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian ölkəsinin mövqeyini qəti şəkildə ifadə etmişdir: "Britaniyalılar deyirlər ki, Aİ-dən çıxmaq üçün başqa qərarlar, alternativ tədbirlər təklif etmək istəyirlər. Amma biz təklifi heç görməmişik və ona görə də bizim cavabımız "yox”dur”. Başqa sözlə, Birləşmiş Krallıq Aİ-ni sazişsiz tərk etmək, yəni sərt Brexiti tətbiq etmək məcburiyyətində qalacaq.

Bəs Londonun Aİ ilə saziş bağlamadan Birlikdən çıxması hansı fəsadlar doğura bilər? Conson hökuməti hakimiyyətə gələndən bəri elə bu barədə düşünürdü. Nəhayət, hökumət İcmalar Palatası deputatlarının tələbi ilə əvvəllər məxfiləşdirilmiş "Operation Yellowhammer” ("Yulaf əməliyyatı”) kod adlı planın təfsilatını açıqlamalı oldu. Planda ölkənin oktyabrın 31-də Aİ-dən saziş bağlamadan çıxmasının doğuracağı fəsadlar təsvir olunmuşdur.

Sənədin məzmunundan aydın olur ki, Böyük Britaniya sərt Brexitlə üzləşsə, Birləşmiş Krallıq avtomatik olaraq "üçüncü ölkə” statusu alacaq, Brüssellə münasibətlər "qeyri-dost” xarakteri kəsb edəcək. Ölkəni ərzaq, dərman, yanacaq qıtlığı və kütləvi etiraz aksiyaları gözləyə bilər. Sənəddə qeyd olunur ki, bəzi təzə məhsul növlərinə əlçatarlıq azalacaq. Belə bir risk var ki, məhsulların təlaş içində kütləvi şəkildə alınması ərzaq təchizatında fasilələrə gətirib çıxarar. Dərman təchizatında vəziyyət xüsusilə mürəkkəb olacaq.

Eyni zamanda hökumət ehtiyat edir ki, sərt Brexit reallaşsa, yük maşınları La-Manş boğazını iki gün yarıma qədər ləngimə ilə keçəcək, nəqliyyat axınının intensivliyi gündə 40-60 faiz azalacaq, bu vəziyyət isə üç ayadək davam edə bilər. Bundan başqa, limanlar və aeroportlar vasitəsilə ölkəni tərk edəcək sərnişinlərdə çətinliklər yaranacaq, bəzi bölgələrdə yanacaq qıtlığı hiss olunacaq. Sənəddə mümkün iğtişaşlarla əlaqədar deyilir ki, etiraz aksiyaları və əks etiraz aksiyaları Böyük Britaniyanın bütün ərazisində müşahidə olunacaq və polisin xeyli ehtiyatlarını tükədəcək. Həmçinin cəmiyyətdə gərginliyin artacağı proqnozlaşdırılır. Təzə ərzaq məhsulları, eləcə də bəzi baytarlıq preparatları təchizatında fasilələr supermarketlərdə qiymətlərin artması və nəticə etibarilə əhali arasında təlaşın yaranmasına gətirib çıxaracaq.

Bundan başqa, ekspertlər Böyük Britaniyanın hüquq mühafizə orqanları arasında məlumat mübadiləsində problemlər yaranacağını proqnozlaşdırırlar. Sənəddə göstərilir ki, polis əməkdaşlarının xeyli hissəsi etiraz aksiyalarının və ictimai narazılığın yatırılması işinə cəlb olunacaq.

Hökumət Böyük Britaniyanın Şimali İrlandiya bölgəsi ilə İrlandiya Respublikası arasında sərhəddə "yeni yoxlamalara yox” siyasəti tətbiq etməyə cəhd göstərəcək, amma belə bir model uzaq perspektivdə özünü doğrultmayacaq. Özü də gözlənildiyinə görə, Şimali İrlandiyada elektrik enerjisinin qiyməti kəskin şəkildə artacaq.

Göründüyü kimi, sərt Brexit Birləşmiş Krallığı xaosa sürükləyə bilər. Vəziyyətdən çıxış yolu görünmür. Baş Nazir Boris Consonla parlament arasında münasibətlər ən gərgin həddə çatıb. Hökumətin başçısı sərt Brexitə hazırlaşır, parlament isə Brüssellə razılaşdırılmış sazişin şərtlərinə yenidən baxmağı və "boşanma”nı təxirə salmağı tələb edir. Aİ liderlərinin mövqeyi məlum olduğundan britaniyalı parlamentarların istəyinin reallaşacağına ümid yox dərəcəsindədir. Gələn ay keçiriləcək Aİ sammitindən hansısa möcüzə gözləməyə dəyməz. Başqa sözlə, sərt Brexit qaçılmazdır və Britaniya cəmiyyəti onun fəsadlarına qatlaşmalı olacaq.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video