12 Sentyabr 2019 16:34
516
SİYASƏT
A- A+

YAP və Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illiyi münasibətilə Pekində konfrans keçirilib


Çinin paytaxtı Pekində Yeni Azərbaycan Partiyası (YAP) və Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, YAP ilə ÇKP arasında dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinə dair "Xalqların rifahı naminə" mövzusunda keçirilən konfransda çıxış edən ÇKP-nin beynəlxalq əlaqələr şöbəsinin nazir statusunda rəhbəri Sun Tao hər iki ölkədə uzun illərdir hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının səmimi dostluq və etibarlı tərəfdaşlıq əlaqələrinin olduğunu deyib. Ötən 20 ildə iki partiya arasında sıx təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb.

"İki partiya arasında əməkdaşlıq hazırda davamlı inkişaf edərək möhkəmlənir. Bu gün biz dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparmaqla, təntənəli şəkildə münasibətlərimizin 20 illiyini qeyd edirik. Qarşılıqlı səfərlər bu əməkdaşlığın möhkəmlənməsində xüsusi rol oynayır. Tarix göstərir ki, iki partiya arasında yaxınlaşma, əməkdaşlığın dərinləşməsi dövlət başçılarının iradəsi sayəsində mümkün olub. Hər iki partiya xalqa söykənərək, dövlətin inkişafı üçün çalışır", - deyə Sun Tao bildirib.

O təmsil etdiyi partiyanın Çin dövlətinin inkişafı, xalqın rifah halının yüksəlməsi istiqamətində gördüyü işlərdən danışıb, ötən 70 ildə Çin Xalq Respublikasının Kommunist Partiyasının idarəçiliyi ilə əldə etdiyi uğurlardan danışıb.

Sun Tao Çin Kommunist Partiyasının yaxşı dost və tərəfdaş kimi Yeni Azərbaycan Partiyasının dövlət idarəçiliyi konsepsiyasını yüksək qiymətləndirdiyini deyib. Görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası ölkənin inkişafı üçün siyasi və iqtisadi islahatlar aparıb. Biz YAP-ın bu istiqamətdə qazandığı uğurlara sevinirik. Tarixi İpək Yolu Çin və Azərbaycana sarsılmaz dostluq əlaqələri bəxş edib. Müasir dövrdə isə "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsində ölkələrimiz sıx əməkdaşlıq edir.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verdiyini, əlaqələrin bütün sahələrdə dərinləşməsində və genişlənməsində maraqlı olduğunu deyib.

Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında ÇXR-ə rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoq Prezident İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilib və ikitərəfli əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Məhz bu cür sıx əməkdaşlıq münasibətləri iki ölkənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında fəal əməkdaşlığın formalaşmasına münbit şərait yaradıb. Bu cür yüksək səviyyəli əlaqələr sayəsində hakim partiyalar arasında qarşılıqlı səfərlər təşkil olunur, dövlət və cəmiyyət idarəçiliyi sahəsində təcrübə mübadilələri həyata keçirilir.

Milli Məclisin komitə sədri Azərbaycanın və Çinin bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirdiklərini deyib. Belə ki, Azərbaycan "Vahid Çin" siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə müvafiq olaraq həllinə tərəfdardır.

Qeyd olunub ki, Çinin dövlət başçısı tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsü ikitərəfli münasibətlərimizin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə onun həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verməkdədir. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin cari il aprelin 25-27-də Pekin şəhərində keçirilmiş 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı ölkələrimizin sözügedən təşəbbüsü birgə reallaşdırmağa sadiqliklərinin bir daha təsdiqi kimi dəyərləndirilməlidir.

Hadı Rəcəbli Azərbaycanın əldə etdiyi uğurlardan, iqtisadiyyatın inkişafından, əhalinin sosial rifah halının yüksəlməsindən, beynəlxalq aləmdə artan nüfuzundan danışıb.

Konfrans digər çıxışlarla davam etdirilib.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video