12 Sentyabr 2019 11:54
729
Mədəniyyət
A- A+

Bir-birindən unikal 200-dək musiqi aləti Heydər Əliyev Mərkəzində


Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır. Tarixi eksponatlar, ölkələrin musiqi mədəniyyətini canlı izləmək imkanı, korifey sənətkarların vaxtı ilə ifa etdiyi musiqi alətlərini yaxından görmək və bir daha dinləmək fürsəti… Heydər Əliyev Fondunun bir necə ildir üzərində işlədiyi və müxtəlif mənbələrdən toplanan unikal kolleksiya sentyabrın 17-dən "Musiqi alətləri: birlik və müxtəliflik” sərgisində təqdim ediləcək.

Heydər Əliyev Mərkəzində açılacaq sərgidə XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunacaq. Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Ekspozisiyanın unikal eksponatları sırasında N.Gəncəvinin "Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası da yer alıb.

Ekspozisiyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti "Stereo Buta” da ekspozisiyada təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Sərginin NASA bölümündə 1977-ci ildə "Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqilər təqdim edilir.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücünü təcəssüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılması baxımından geniş imkan yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video