12 Sentyabr 2019 00:48
3135
İQTİSADİYYAT
A- A+

Ən yaxşı arı cinsi və bal Azərbaycana məxsusdur


Beynəlxalq ekspertlərin fikri belədir


Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Cənubi Qafqazda arıçılıqla məşğul olmuşlar. Azərbaycanda da arıçılıq qədim tarixə malikdir.

X-XII əsrlərdə burada arıçılıq daha da inkişaf etmişdir. Hətta Azərbaycandan xarici ölkələrə arıçılıq məhsulları (bal, mum) ixrac edilmişdir.

Qədim zamanlarda arılar ağac oyuqlarında, kötük təknələrdə, səbətlərdə saxlanılırdı. Belə bir vəziyyətdə arılara qulluq etmək və onları artırmaq çətinlik törədirdi. Tədricən dünyada olduğu kimi, ölkəmizdə də arıçılığın inkişafında mütərəqqi üsullardan istifadə edildi. Arıçılıqla məşğul olduqca bu sahədə zəngin bilik və təcrübə qazanıldı. Beləliklə, balın kəmiyyət və keyfiyyəti də getdikcə artdı. Bu əvəzsiz nemətdən məişətimizdə daha çox istifadə olunmağa başlandı.

Azərbaycanda arıçılığın inkişafına sovetlər dönəmində diqqət daha da artırıldı. Bu məqsədlə həmin dövrdə mövcud xırda dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlarda, sonralar isə ixtisaslaşdırılmış iri arıçılıq təsərrüfatlarında birləşdirildi. Hazırda belə təsərrüfatlarda arı ailələri müasir çoxgövdəli və yatıq pətəklərdə saxlanılır. Bu sahə Astara, Şamaxı, Quba, Qusar, Şəki, Zaqatala, Daşkəsən, Lerik, Lənkəran, Kəlbəcər, Laçın rayonlarında və Qarabağ bölgəsində daha geniş yayılmışdır.

Azərbaycanın arı genofondu iki növə bölünür - Bozdağ Qafqaz arısı və Sarı İran arısı. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran və Sarı İran populyasiyası mövcuddur.

Bozdağ Qafqaz arı cinsi öz sakitliyinə və xortumunun uzunluğuna görə Sarı Qafqaz arı cinsindən fərqlənir. Ən uzun xortumlu arılardan biri də Qabaqtəpə arı populyasiyası hesab olunur. Bu arı növü ilk dəfə 1906-cı ildə elmi cəhətdən aşkar edilib. Beləliklə, bu növ dünyada məşhurlaşıb. Bu gün dünyada ən çox bal istehsal edən ölkələrdən biri olan ABŞ-dakı arıların əcdadı da Qabaqtəpə arılarından törəmələrdir. Sovetlər dönəmində də Azərbaycanda Qabaqtəpə arılarının yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılmışdı. Burada yetişdirilən ana arılar dünyanın 40-a qədər ölkəsinə damazlıq olaraq göndərilib.

Bu populyasiyalar özləri də müxtəlif yerlərə bölünür. Onların içərisində yerli arı genofondumuzun "qızıl arısı” sayılan Qabaqtəpə arısı xüsusilə fərqlənir. "Qızıl arı” məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə birləşdirir. Bununla yanaşı, ondan üstün olaraq sürətlə inkişaf etmək, soyuğa dözümlülük, küləkli iqlim şəraitinə uyğunlaşmaq, eləcə də floramiqrasiya göstəricisi ilə seçilir. Həmin növ arılar yüksək məhsuldarlığa da malikdir. Onlar başqa arılardan fərqli olaraq, gün ərzində nektar ardınca uçuşa tez başlayıb gec qayıdır ki, nəticədə topladıqları balın keyfiyyət və kəmiyyətinə görə üstünlük əldə edirlər.

Azərbaycan balı dünyada ən keyfiyyətli bal hesab olunur. FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmakın deyir: "Beynəlxalq ekspertlərin fikrincə, ən yaxşı arı cinsi və ən yaxşı bal Azərbaycana məxsusdur. Biz də bu məhsulun daha çox istehsal edilib dünya bazarına çıxarılmasına dəstək verməyə çalışırıq”.

Azərbaycanda arıçılığın inkişafı yeni dövrə qədəm qoyub. Dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. Bu sahədə Prezidentin "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncamı mühüm rol oynayır. Sərəncamda qeyd edilir ki, ölkəmizdə bal verən 600-ə qədər bitki növü mövcuddur. Bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük imkanlar yaradır. Hər bir arı 15 kilometr məsafə qət edərək şirə yığa bilir.

Ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illər bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, həmçinin Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında, eləcə də ixracında əhəmiyyətli artım müşahidə edilir.

Həmin sərəncama əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 5 il müddətində 10 manat məbləğində subsidiya verilir. Bununla yanaşı, dövlət büdcəsindən yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün bu sahədə seleksiya və damazlıq işlərinin yaxşılaşdırılması üçün vəsait ayrılıb. Arıçılığın dövlət tərəfindən stimullaşdırılması bu sahədə məhsul istehsalının da ildən-ilə artmasına imkan verir. Belə ki, arıçılıq haqqında qanunun qəbul edilməsindən ötən 9 il ərzində arı ailələrinin sayı 1,9 dəfə, arıçılıqla məşğul olan təsərrüfatlarda hər təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,8-dək çatıb, bal istehsalı isə 2,2 dəfə artıb. Bu artım arıçılığın inkişafına verilən dövlət dəstəyinin nəticəsidir.

Dünyada 20 mindən çox arı növü mövcuddur. Antarktidadan başqa dünyanın hər yerində arıya rast gəlmək olar. Dünyanın 150-dək ölkəsində arıçılıq təsərrüfatları mövcuddur. Lakin bu ölkələrin hamısında arıçılıq müəyyən səbəblərə görə yüksək səviyyədə inkişaf etməyib. Bu sahədə liderlik Hindistan, Çin, Türkiyə, Efiopiya, İran, Rusiya, Argentina, Tanzaniya, Keniya və ABŞ kimi ölkələrə məxsusdur.

Dünyada il ərzində təxminən 1.5 milyon ton bal istehsal olunur ki, bunun da 1.260 milyon tonu 20 ölkənin payına düşür. Həmin 20 ölkə arasında 5 ölkə - Çin, Türkiyə, Argentina, Ukrayna və ABŞ daha çox məhsul istehsal edir. Adıçəkilən ölkələr dünya üzrə ümumi bal istehsalının 730 min tonuna sahibdirlər ki, bu da dünya istehsalının 50 faizinə yaxındır. Hasil edilən balın 600 min tona yaxını beynəlxalq bazarlar vasitəsilə ixrac edilir. Ümumilikdə 150 ölkədən bal ixrac edilir ki, bu işlə 460 şirkət məşğul olur.

Çin hazırda arıçılıq sektorunun inkişafı sahəsində lider mövqeyini qoruyur. Həmin ölkədə 9 milyona yaxın arı ailəsi hesabına 450 min ton bal, 4 min ton arı südü, 350 ton propolis istehsal edilir. Çində 2011-2016-cı illər üzrə arıçılığın inkişafı üzrə Dövlət Proqramı qəbul edilib. Məqsəd arı ailələrinin sayını 10 milyona (hazırki 8,6 milyondan), bal istehsalını 500 min tona (hazırki 450 min tondan) çatdırmaqdır. Arıçılıq Çinin iqtisadiyyatına 40 milyard dollardan çox fayda gətirir. Dünyada istehsal edilən arı südünün isə 95 faizinə qədəri Çinin payına düşür.

Türkiyə bal istehsalının həcminə görə Çindən sonra ikinci yerdə qərarlaşıb. İllik bal istehsalının həcmi 95 min tona çatır. Bundan təxminən 10 min tonu ixrac edilir. Ölkə üzrə arı ailələrinin sayı 6,6 milyon ətrafındadır. Arı ailələrinin orta balverimi 15-16 kiloqram təşkil edir. Ölkədə təxminən 80 min nəfər arıçılıqla məşğul olur. Bu ölkədə arıçılıq sektoruna dövlət dəstəyi mexanizmləri mövcuddur. Belə ki, ana arı yetişdirən arıçılıq təsərrüfatları hər biri üçün 4 lirə dəstək alırlar. 2013-cü ildən başlayaraq hər bir arı ailəsi üçün arıçılara 8 lirə, orqanik arıçılıqla məşğul olanlara isə əlavə olaraq 5 lirə subsidiya verilməsinə başlanıb.

Arıçılığın inkişafı həm də ümumilikdə kənd təsərrüfatının inkişafı deməkdir. Aparılan elmi tədqiqatlar göstərir ki, kənd təsərrüfatı bitkilərinin 75 faizinin inkişafı birbaşa tozlanma ilə bağlıdır. Arıçılıq vasitəsilə tozlanma dünya miqyasında intensiv yolla ərzaq istehsalının dəyərini 250 milyard dollara yaxın artırır. Həmçinin arıçılığın inkişafı bitkiçiliyin, bir sözlə, pozulan ekologiyanın bərpasında da mühüm rol oynayır.

Dünyada qəbul olunmuş normaya görə, adambaşına düşən bal istehlakı 0,45 kiloqramdır. Adambaşına düşən illik təbii bal istehlakı Almaniya, Türkiyə, Yeni Zelandiya, Avstriya kimi ölkələrdə 1-1,5, ABŞ, Fransa, Danimarka, Kanada, Böyük Britaniya kimi ölkələrdə 0,5-0,6 kiloqram arasında dəyişir. Pakistan, Hindistan, Misir, Malayziya və Braziliya kimi ölkələrdə istehlakın həcmi 0,01-0,12 kiloqram təşkil edir. Təəssüf ki, Azərbaycanda istehlakın həcmi barədə dəqiq statistik məlumat yoxdur.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video