"Azərenerji” Açıq Səhmdar Cəmiyyəti "Reabilitasiya proqramı”na uyğun olaraq Şirvan şəhərindəki "Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qazpaylayıcı stansiyadan 26 kilometr məsafədə 530 millimetrlik borularla yeni qaz kəməri çəkib və artıq istismara verib.
Qeyd edək ki, bugünə qədər "Cənub” Elektrik Stansiyasında hər birinin gücü 5,7 meqavat olmaqla 2 ədəd qaz kompressoru işləyirdi və onlar turbinə ötürmək üçün qazın təzyiqini 13 atmosferdən 28 atmosferə qədər qaldırmalı olurdu. Buna görə həm stansiyanın işində problemlər yaranır, həm də orta hesabla ay ərzində 8 milyon kilovatsaat elektrik enerjisinin sərfinə gətirib çıxarırdı. Yeni xətt istismara verildiyindən indi qaz kompressora deyil, birbaşa turbinə daxil olur və həmin kompressorların işləməsinə ehtiyac qalmır. Bununla da ilk növbədə "Cənub” Elektrik Stansiyasının etibarlılığı və dayanıqlılığı artır, eyni zamanda istehsal prosesində sərf edilən aylıq 8 milyon kilovatsaat elektrik enerjisinə qənaət edilir və əvəzində həmin elektrik enerjisi ümumi sistemə ötürülür.
Bugünə qədər "Reabilitasiya proqramı” çərçivəsində "Cənub” Elektrik Stansiyasından "Xırdalan” yarımstansiyasına 108 km məsafədə 220 kV-luq yüksək- gərginlikli yeni elektrik verilişi xətti çəkilib. Bu isə Bakı şəhərinin elektrik enerjisi ilə təchizatının etibarlılığını və dayanıqlılığını gücləndirib. Eyni zamanda ötən il iyul ayının 3-də enerji sistemində baş verən qəza nəticəsində sıradan çıxan 330/220/6 kV-luq avtotransformator təmir edilərək "Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. Ümumilikdə "Cənub” Elektrik Stansiyasının qazanlar, turbinlər və başqa avadanlıqlarda həyata keçirdiyi təmir-sazlama işləri nəticəsində stansiyanın gücü 520 meqavatdan 720 meqavata qaldırılıb və bununla da 200 meqavat "itirilmiş” güc bərpa olunub.
"Azərbaycan”