Sentyabrın 11-də Azərbaycan Britaniya Kollecində (Azerbaijan British College – ABC) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev pedaqoji kollektivi və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Qeyd edilib ki, SOCAR tərəfindən təsis edilən təhsil kompleksinin infrastrukturu bu il daha da genişləndirilib və müasir texnologiyalarla təchiz olunub.
Sonra kollecin direktoru Yan Katçon rəhbərlik etdiyi təhsil kompleksinin fəaliyyəti və əldə olunan nailiyyətlərdən danışıb. O, bu kollecin məzunlarının dünyanın aparıcı universitetlərində təhsil aldığını diqqətə çatdırıb. Təhsil kompleksində tətbiq olunan yeniliklərdən danışan direktor bu il ilk dəfə olaraq 10-cu sinif şagirdlərinə təsviri incəsənət, musiqi, alman dili fənlərinin tədris olunacagını bildirib.
Tədbirdə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər çıxış edənlər bu əlamətdar gün münasibətilə şagirdləri təbrik edib, onların layiqli vətəndaş kimi formalaşmasında təhsil müəssisələrinin müstəsna rolunu vurğulayıblar.