11 Sentyabr 2019 00:56
4033
Təhsil
A- A+

Təhsil xalqın və dövlətin uğurlu gələcəyinə aparan işıqlı yoldur


Heydər Əliyev Fondunun bu sahə ilə bağlı gerçəkləşdirdiyi layihələr böyük razılıqla qarşılanır


Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında və dünya miqyasında tanınmasında mütərəqqi ənənələrə əsaslanan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond Azərbaycanın inkişafına ən mühüm töhfə verən sahələrdən biri kimi təhsilə daim xüsusi diqqət və qayğı ilə yanaşır, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir. Ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "İnternat məktəblərinin inkişaf proqramı”, "Təhsilə dəstək”, ümumiyyətlə, dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra layihələri fond uğurla gerçəkləşdirir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın elm və təhsilin inkişafına xüsusi diqqət yetirməsi onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, xalqına olan sonsuz məhəbbətinin, hər kəsə nümunə ola biləcək vətənpərvərliyinin bariz nümunəsidir. Azərbaycanın birinci xanımı bu nəcib təşəbbüsü və xeyirxahlığı ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, dövlət başçısı İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz layiqli töhfəsini verir.

Azərbaycanın birinci xanımı çıxışlarının birində bu layihənin əhəmiyyətinə toxunaraq deyib: "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb” proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə "dəyirmi masa” keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər ...”

Fondun layihələri arasında məktəbəqədər balacalar da diqqətdən kənarda qalmayıb. Tovuzdakı 7 saylı körpələr evi-uşaq bağçası, Balakən şəhərinin Məhəmməd Əsədov küçəsində yerləşən uşaq bağçası və Şəkidəki 16 saylı 100 yerlik uşaq bağçası Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilərək bu il istifadəyə verilib.

Azərbaycanda təhsilin inkişafını beynəlxalq səviyyəyə yüksəltmək üçün bütün imkanlardan yetərincə istifadə edən Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində də bütün vasitələrdən səmərəli istifadə edib. Belə ki, fondun təşəbbüsü ilə Parisdə UNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları” mövzusunda beynəlxalq konfransın keçirilməsi də təsadüfi deyildi. Əldə olunmuş razılaşmaya əsasən, həmin ilin avqust ayında "UNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri” mövzusunda növbəti konfrans təşkil olundu. Bu nüfuzlu və mötəbər tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxış edərkən həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin təhsil sahəsində də ciddi çətinliklər, problemlər yaratdığını UNESKO-nun baş direktorunun və tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən biri də "Təhsilə dəstək”dir. Birbaşa tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənən bu proqram məktəblərin əyani vəsait və şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına yönəlib. Hər il keçirilən silsilə tədbirlər təhsil sahəsində qarşıya çıxan bəzi problemlərin aradan qaldırılmasında öz müsbət təsirini göstərib. 2004-cü ildən başlayaraq hər il qaçqın və məcburi köçkün ailələrinin ilk dəfə məktəbə qədəm qoyan uşaqlarına məktəbli çantaları və dərs ləvazimatı fondun dəstəyi ilə hədiyyə olunub. Ötən tədris ilində Heydər Əliyev Fondu tərəfindən 130 min birinci sinif şagirdinə 16 adda məktəbli ləvazimatı ilə təmin olunmuş çanta paylanılıb. Bu il də davam etdirilən həmin ənənə fondun məktəbə ilk qədəm qoyan birinci sinif şagirdlərinə növbəti hədiyyəsidir.

Yeri gəlmişkən, Heydər Əliyev Fondunun tətbiq etdiyi humanist təhsil siyasəti ölkəmizdən kənarda yaşayan azərbaycanlı məktəblilərdən də yan keçməyib. Gürcüstanda yaşayan məktəbyaşlı soydaşlarımız da həmin layihələrdən bəhrələnirlər. Hər il bir qayda olaraq həmin məktəblilərə dəftər-qələmdən tutmuş bütün dərs ləvazimatları, eləcə də dərsliklər hədiyyə edilir.

Azərbaycan tərəfindən Gürcüstanda yaşayan soydaşlarımıza edilən dəstəkdən söz düşəndə ilk növbədə, təbii ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi vurğulanmalıdr. Fond Gürcüstanda yaşayan soydaşlarımızın sosial-mədəni həyatı ilə daim maraqlanıb, burada təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub saxlanmasında onlara daim dəstək olub. Xüsusən soydaşlarımızın Gürcüstanda yaşadıqları ərazilərdə məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür.

"Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstanın azərbaycanlıların yaşadıqları regionlarında təhsilin, məktəb infrastrukturunun inkişafı üçün fond çox mühüm işlər görür. Bu layihə əsasında Gürcüstanda yaşayan soydaşlarımızı da yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir. Onların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, fond tərəfindən də böyük yardımlar edilməsini orada yaşayan soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayırlar.

Ənənəyə sadiq qalan Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına dərs ləvazimatlarından ibarət hədiyyələr verilməsinə başlanıb. Hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir ki, onlar sentyabrın 15-dək birinci sinif şagirdlərinə çatdırılacaq.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər il respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən təlim-tədris müəssisələrində yaradılan şəraitlə yerində tanış olur. Ənənəvi xarakter daşıyan missiya bu il də unudulmayıb. Azərbaycanın Birinci vitse-prezidenti paytaxt Bakının, demək olar ki, əksər rayonlarında, eləcə də Gəncə və Şamaxıda olarkən məktəb və bağçalarda onların problemləri ilə maraqlanıb.

Bu gün təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədilə ölkədə 60-dan artıq məktəbdə 10-cu siniflər üzrə komplektləşdirmə aparılıb. Belə ki, dörd istiqamət üzrə 200-dək təmayüllü sinif fəaliyyət göstərir. Bundan başqa, istedadlı şagirdlərin aşkar olunması və onların potensialının inkişaf etdirilməsi məqsədilə ciddi tədbirlər görülür. Bu baxımdan fənn olimpiadaları və bilik yarışları xüsusi əhəmiyyət kəsb edir. Təkcə bir ildə 25 minə yaxın şagird respublika fənn olimpiadalarında iştirak edib. Bunun nəticəsində yeniyetmələr dünya fənn olimpiadalarında gümüş və bürünc medallar qazanıblar. Dünyanın 80 ölkəsindən 300 məktəblinin iştirak etdiyi 47-ci Beynəlxalq Kimya Olimpiadasının paytaxt Bakıda keçirilməsi, 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdə təşkil olunması heç də təsadüfi deyil. Bu, həm də o deməkdir ki, artıq paytaxtımız beynəlxalq bilik yarışlarına da evsahibliyi edir.

Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr və nəzərdə tutulan proqramların müntəzəm reallaşması həm də Azərbaycanı qloballaşan dünyanın dəyərlərinə təhsil və elm sayəsində qovuşdurmaq məqsədi daşıyır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video