11 Sentyabr 2019 00:51
530
SİYASƏT
A- A+

Ermənistanda siyasi gərginlik ən yüksək həddə çatıb


Paşinyanla keçmiş hərbi xunta arasında ziddiyyətlər daha da dərinləşir


Ermənistanda hakimiyyət dəyişikliyindən sonra əhali sosial həyatında, yaşayış tərzində müəyyən yeniliklərin olacağını gözləsə də, bu ölkədə baş verənlər bunun tam əksinin yaşandığını nümayiş etdirir.

Mövcud vəziyyət işğalçı ölkədə xaotik durumun daha da dərinləşdiyini, əvvəlki hakimiyyət təmsilçilərinə qarşı yeni repressiya dalğasının başlandığını göstərir. Belə vəziyyətdə insanların maddi rifah halının yaxşılaşması ölkənin ağır durumdan xilası üçün müsbət heç nə vəd etmir.

Baş verənlər Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində də öz təsirini göstərir, yeni hakimiyyətlə keçmiş hərbi xunta arasında ziddiyyətlər daha da dərinləşir.

Belə ki, 1 mart hadisələri ilə bağlı qondarma rejimin sabiq təhlükəsizlik xidmətinin rəisi Vitali Balasanyan xüsusi istintaq komitəsinə çağırılıb. Dindirilmədən sonra Vitali Balasanyan bildirib ki, 1 mart hadisələrində baş nazir Nikol Paşinyan və sabiq prezident Levon Ter-Petrosyan günahkardırlar.

Bu gün separatçı rejimin devrilməsinə çağırış edənlər bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişsə də, Xankəndidə köhnə rejim davam edir. Onlar Bako Saakyanın devrilməsi üçün hərəkətə keçməyə hazır olduqlarını bəyan edirlər. Bildirilir ki, inqilabın küləyi Xankəndiyə mütləq çatmalıdır. Dağlıq Qarabağ keçmiş rejimin əlindədir və inqilab artıq ora doğru yaxınlaşır. Qarabağdakı ermənilər də Xankəndidəki mövcud rejimdən azad olmaq istəyirlər.

Eyni zamanda Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı tətikləyir. Baş verənlər bu qənaətə gəlməyə əsas verir ki, proseslər həm Ermənistanda, həm də işğal olunmuş ərazilərdə daha xaotik vəziyyətin yaranmasına rəvac verəcək.

Erməni siyasi şərhçi Armen Badalyan bildirib ki, bu günlərdə baş nazir Paşinyanla "Sasna Tsrer”in rəhbəri Jirayr Səfilyanla görüşünün əsas məqsədi təkcə Ermənistanın daxili-siyasi vəziyyəti deyil, eləcə də qondarma rejimdə gözlənilən seçkilərdir: "Çünki silah məsələsinə gəlsək, Paşinyanın daha çox silah sayı var və onlara yardım üçün çağırış etməyə ehtiyacı yoxdur. Təkrar edirəm, görüşün əsas məqsədi Jirayr Səfilyanın nə etməsindən asılı olmayaraq Qarabağ (qondarma qurum-red.) "seçkiləri”dir”. "Sasna Tsrer”in Qarabağın hazırkı "rəhbərləri”nə qarşı kifayət qədər mənfi münasibəti var və istisna edilmir ki, onlar da bu ümumi fəaliyyətdə rola malik ola bilərlər”.

Siyasi texnoloq onu da əlavə edib ki, Paşinyan və Səfilyanın görüşləri yaxın gələcəkdə daha intensiv xarakter daşıyacaq, çünki "seçkilərə” çox az zaman qalıb, bu müddət ərzində isə "Sasna Tsrer” Qarabağda çox şey etməlidir.

Məsələ bundadır ki, Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. Hökumət isə mövcud problemləri aradan qaldırmaq iqtidarında deyil. Çünki ölkənin buna maddi gücü yoxdur. İqtisadçı Qrant Baqratyan vurğulayır ki, ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır: "Bu da vətəndaşların səbir kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arzusundadır, amma ölkədə heç nə dəyişmir. Ermənistanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, heç bir siyasi rejim bu vəziyyətdə özünü doğrulda bilməz. Ölkədə siyasi rejim dəyişsə belə, problemləri həll etmək mümkün deyil”.

Belə vəziyyətdə Paşinyan üçün artan problemlərdən biri də ölkənin hər bölgəsində müxtəlif tələblərlə keçirilən aksiyalardır. Belə etirazlardan biri də Lori vilayətinin ən böyük kəndlərindən biri olan Saratovkada keçirilib. Sakinlər kənd icra nümayəndəsinin özbaşınalığına son qoyulmasını tələb edirlər. Etirazçılar bildiriblər ki, icra nümayəndəsi Qarlin Markonyan onları aldadaraq pay torpaqlarını əllərindən alıb. Sakinlərin torpaqları saxta yollarla icra nümayəndəsi tərəfindən yaxın adamlarının adlarına sənədləşdirilib. Aksiya iştirakçılarının iddialarına görə, dəfələrlə Lori vilayəti qubernatoruna və ölkənin baş prokuroruna şikayətlər ünvanlansa da, heç bir nəticə olmayıb. Onlar bəyan edirlər ki, tələbləri yerinə yetirilməsə, növbəti aksiya hökumət binasının qarşısında keçiriləcək.

Belə vəziyyətdə ölkədə hakimiyyətlə xalq arasında uçurumun daha da dərinləşməsi gözlənilir. Bu isə Ermənistanı vətəndaş qarşıdurmasına sürükləyə bilər.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video