10 Sentyabr 2019 00:42
2772
İQTİSADİYYAT
A- A+

133 ölkə, 1 milyard 336 milyon dollarlıq sifariş


Dünya bazarında "Made in Azerbaijan” brendinə tələbat yüksəldikcə ixrac sifarişi artır, çeşid çoxalır, coğrafiya genişlənir


Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusən də Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində qəbul etdiyi qərarlar ölkəyə həm siyasi, həm də iqtisadi dividendlər qazandırmaqdadır. Həyata keçirilən islahatlar geniş vüsət aldıqca Azərbaycanın dünyanın əksər ölkələri ilə ticarət dövriyyələri artır. Bunun müqabilində yeni ticarət müqavilələri bağlanır. Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrdə ticarət evləri açılır, ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur.


7 ayda 12,3 milyard dollarlıq ixrac


Statistik göstəricilərə nəzər yetirsək görərik ki, "Azexport” portalının fəaliyyəti sayəsində ixrac edilən məhsulların həm coğrafiyası, həm də çeşidi getdikcə artır. Məsələn, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2019-cu ilin avqust sayında göstərilir ki, son 7 ay ərzində Azərbaycanın ixracı 12,3 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard dollar və ya 14 faiz artıb.

Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 133 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında qeyri-neft sektoru üzrə ixrac 164 milyon dollar və ya 17 faiz artıb.

Yanvar-iyul ayları ərzində Rusiyaya 395,9 milyon, Türkiyəyə 251,2 milyon, Gürcüstana 100,4 milyon, İsveçrəyə 88,3 milyon və İtaliyaya 32,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 17 faiz, Gürcüstana 23 faiz, İsveçrəyə 13 faiz və İtaliyaya 2,4 dəfə artıb.


İxracatda pomidor liderliyini qoruyur


İlin 7 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (141,2 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 85 milyon dollar) ikinci, pambıq mahlıcı (82,2 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 345,3 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 119,4 milyon, pambıq lifi ixracı 83 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 62,8 milyon, kimya sənayesi məhsullarının ixracı 57,2 milyon, elektrik enerjisinin ixracı 56,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 17,4 milyon, pambıq ipliyi ixracı 17,3 milyon, şəkər ixracı 16,5 milyon dollar təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yanvar-iyul aylarında pambıq lifinin ixracı 83,6 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 40,9 faiz, pambıq ipliyinin ixracı 39,5 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 50,6 faiz, meyvə-tərəvəzin ixracı 14,6 faiz, şəkər ixracı 10,7 faiz artıb.

2019-cu ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 154 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 32 milyon ABŞ dolları və ya 26 faiz artıb. Cari ilin iyul ayında qeyri-neft-qaz məhsulları ən çox Rusiyaya (41 milyon ABŞ dolları), Türkiyəyə (37,9 milyon ABŞ dolları), İsveçrəyə (14,8 milyon ABŞ dolları), Gürcüstana (14,7 milyon ABŞ dolları) və Yunanıstana (6,1 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,7 milyon dollar) birinci, albalı və gilas (12,5 milyon dollar) ikinci, emal olunmamış, aşqarlanmamış alüminium (7,5 milyon dollar) üçüncü olub.


"Azərkosmos” 7 aya 22 ölkədən 25,5 milyon dollar qazanc əldə edib


"İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 7 ayda "Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 25,5 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin iyul ayında isə "Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 milyon dollar dəyərində xidmət ixrac edib. "Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.


7 ayda 187 ölkədən 1777,4 min turist gəlib


Son illərdə ölkəmizə səfər edən turistlərin də sayında artım müşahidə olunur. Elə icmalın bu sayında göstərilən statistik rəqəmlər də bunu bir daha təsdiqləyir.

Son 7 ayda Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 faiz artmasına paralel olaraq onların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, 2019-cu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 134,6 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 7 faiz artıb. Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 725,4 milyon manat təşkil edib.


Ən çox ixrac sifarişi daxil olan ölkələr Rusiya və Türkiyədir


"İxrac İcmalı”nda yanvar-iyul ayları ərzində "Azexport.az” portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 7 ayda portala 346,6 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 faiz artıb.

2019-cu ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 43,5 milyon dollar təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40 faizlik artım qeydə alınıb. İlin son 7 ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,1 faiz), Türkiyə (6,4 faiz), ABŞ (6 faiz), Hindistan (5,7 faiz) və İngiltərə (4,8 faiz) qərarlaşıb.

Bu ilin iyul ayında portala ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün, toyuq yumurtası, şərab, qənnadı məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı, bal, boya, kompot, nar məhsulları, yun, mebel dəsti, mineral su və s. mallara olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul tarixinə kimi (31 ay ərzində) "Azexport.az” portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 336 milyon dollar təşkil edib.

Həmçinin "İxrac İcmalı”nda göstərilib ki, bu ilin avqust ayında "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 11,6 milyon dollar olub. 7 ay ərzində "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 91,7 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Əlbəttə ki, icmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

Göründüyü kimi, dövlət iş adamlarına hərtərəfli dəstəyini göstərməkdə davam edir. Sahibkarlar isə "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə də mühüm töhfə verirlər. Bütün bunlar Prezident İlham Əliyevin iqtisadi islahatları nəticəsində sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə yerinə yetirmələri üçün həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video