09 Sentyabr 2019 23:24
661
Təhsil
A- A+

ICAPP-ın Gənclər və Qadınlar qollarının Bakıda keçirilən iclaslarında yekun bəyannamələr qəbul edilib


Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Gənclər və Qadınlar qollarının Bakıda keçirilən iclaslarında yekun bəyannamələr qəbul edilib.

Yeni Azərbaycan Partiyasından AZƏRTAC-a verilən məlumata görə, Bakı Bəyannaməsi adlanan bu sənədlər Asiya regionunda və beynəlxalq səviyyədə gənclərin və qadınların ictimai-siyasi həyatda rolunun gücləndirilməsinə, onları narahat edən problemlərin həllinə diqqəti cəlb edir.

Bəyannamədə qeyd olunur ki, hazırda dünyada yaşayan 1,5 milyard gəncin 90 faizi inkişafda olan ölkələrin sakinləridir. Asiya regionunun müxtəlif bölgələrində yaşayan gənclərin önəmli bir hissəsi informasiya texnologiyaları, iş, təhsil, səhiyyə və təlimlərdən faydalanmaqda, inkişaf strategiyaları ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında iştirak imkanlarından istifadə etməkdə maneələrlə üzləşir. Bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə yaşayan gənclərin 20 faizi keyfiyyətli təhsil, təlim və iş şəraitindən məhrumdur. Yetkin insanlar arasındakı işsizlik səviyyəsindən iki dəfə yüksək olan gənclər arasındakı işsizliyi hətta indiki yüksək səviyyədə saxlamaq üçün belə hər ay 5 milyon yeni iş yeri açılmalıdır. O da qeyd edilir ki, əhalinin 65 faizinin yaşı 35-dən aşağı olduğu halda, siyasətdə təmsil olunanların cəmi 6 faizi 35 yaş həddinə daxildir, bu isə gənclərin siyasi fəallığının artırılmasına ehtiyac olduğunu göstərir.

Bakı Bəyannaməsində, həmçinin səmərəli gənclər siyasətinin formalaşdırılmasında mühüm amil olan etibarlı məlumatların toplanması üçün siyasi partiyalar arasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanır. Bəyannamədə qadın və qızların da müxtəlif cəmiyyətlərdə üzləşdikləri problemlərə, gender məsələlərinə, qadınlar arasında işsizlik, təhsil problemlərinə diqqət cəlb olunur. Həmçinin gənclərə və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəyə çağırış edilir.

Qeyd olunur ki, qadınlar və gənclər arasında işsizlik, aclıq, yoxsulluğun azaldılması üçün dövlət qurumlarının və siyasi partiyaların üzərinə müəyyən vəzifələr düşür. Bildirilir ki, qadınların və gənclərin sosial, iqtisadi problemlərinin həlli, onların qərarvermə prosesinə və idarəçiliyə cəlb olunması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dair 2030-cu il Gündəliyinin tələblərinə də uyğundur.

Bakı Bəyannaməsində əksini tapan ən önəmli müddəalardan biri isə gənclərin və qadınların xarici işğal, silahlı münaqişələr və terrorçuluqdan müdafiəsi üçün müvafiq addımların atılmasına edilən çağırışdır. Bundan başqa, Asiya qitəsində hazırda davam edən münaqişələr, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə uyğun həllinə çağırış edilir.

Bəyannamədə, həmçinin Gənclər Qolunun 5-ci iclasının və Qadınlar Qolunun 6-cı iclasının uğurlu təşkilinə görə Yeni Azərbaycan Partiyasına, qonaqpərvərliyə görə Azərbaycan xalqına və bu tarixi toplantılara verdiyi dəstəyə görə Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini–icra katibi Əli Əhmədova minnətdarlıq ifadə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video