09 Sentyabr 2019 20:46
630
İQTİSADİYYAT
A- A+

Maliyyə Nazirliyinin kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib


Sentyabrın 9-da Maliyyə Nazirliyində Azərbaycan Respublikasının 2020-ci il və ortamüddətli dövrdə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi, 2020-ci ilin icmal və dövlət büdcəsi layihələrinin tərtibi və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan Maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirlərinin cari ilin ötən dövründə makroiqtisadi dayanıqlığın təmin olunması ilə yanaşı, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına, valyuta ehtiyatlarının artımına xidmət etdiyini deyib. Bildirib ki, xüsusilə cari ilin aprel və sentyabr aylarında iki mərhələdə həyata keçirilən geniş sosial dəstək proqramı ilə minimum pensiya, minimum əməkhaqqı, sosial müavinətlər və təqaüdlər, dövlət orqanlarında və bir sıra təşkilatlarda çalışanların əməkhaqlarının əhəmiyyətli artımı, habelə şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi vurğulanmalıdır. Bununla yanaşı, fiziki şəxslərin vaxtı ötmüş problemli kreditlərinin qaytarılmasına, ələlxüsus manatın dəyər itirməsi ilə əlaqədar xarici valyutada kreditləri olan vətəndaşlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı inqilabi qərarlar qəbul olunub.

"Beləliklə də dövlət başçısı növbəti dəfə əhalinin rifahının yüksəlməsi, etibarlı sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm addımlar atıb. Kifayət qədər geniş maliyyə tələb edən bu sosial dəstək proqramının maliyyə təminatı dövlət büdcəsinin ehtiyatları səfərbər edilərək, həmçinin bəzi xərclər optimallaşdırılaraq təmin olunub”, - deyə nazir qeyd edib.

S.Şərifov büdcə qaydasına əsasən hazırlanan gələn ilin dövlət büdcəsinin tərtibinin xüsusiyyətləri üzərində dayanaraq qeyd edib: "2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyinin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb. Məlum olduğu kimi, 2019-cu ilin dövlət və icmal büdcəsinin hazırlanması zamanı əvvəlki dövrlərdən daha fərqli yanaşma tətbiq edildi. Bu zaman yeni qəbul edilmiş büdcə qaydalarının tələblərinə əsasən makro-fiskal çərçivə, o cümlədən ortamüddətli dövrə icmal büdcə xərclərinin yuxarı hədləri müəyyən olundu. Bu yanaşma 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən də davam etdirilib”.

"2020-ci ilin icmal və dövlət büdcəsinin əsas parametrləri Maliyyə Sabitliyi Şurasında da baxılaraq razılaşdırıldıqdan sonra büdcənin tərtibi üçün istifadə olunub. İlk növbədə, 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələrinin büdcə qaydasına əsasən hazırlanması, dövlət büdcəsinin gəlir və xərclərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiyməti və bu qiymətin ortamüddətli dövrə şamil edilməsi, ortamüddətli dövrdə icmal büdcənin xərclərinin yuxarı həddinin təsdiq olunması və qeyri-neft baza kəsirinin ardıcıl sürətdə azaldılması ilə bağlı qərarlar qəbul olunub”, - deyə nazir bildirib.

Kollegiya iclasında çıxış edən nazirliyin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov və Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri Əmin Muradov 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi, əsas gəlir və xərc istiqamətləri, habelə növbəti il və ortamüddətli dövrə icmal və dövlət büdcəsinin makro-fiskal çərçivəsi ilə bağlı məlumat veriblər.

Sonda Maliyyə Nazirliyinin kollegiyası Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video