09 Sentyabr 2019 14:19
538
SİYASƏT
A- A+

Əli Həsənov: Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır


Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından dünən yayılan açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilib və bu gün də dəyişməz olaraq qalır.

Bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook sosial şəbəkəsində paylaşdığı statusda yer alıb.

Prezidentin köməkçisi bildirib: "Xatırladıram ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilib və həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanlandığı həmin müraciət əslində, sadəcə, yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi.

Müraciətdə Ümummilli Lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi.

Hakimiyyətdə olduğu bütün müddət ərzində Ümummilli Lider həmişə birlik və həmrəylik ideyasına sadiq qalmış, ölkədə vətəndaş sülhü, milli birlik naminə, Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən, hər hansı idarəçilik və intellektual keyfiyyətləri olan insanların YAP-da və YAP-ın qurduğu iqtidar komandasında təmsil olunmasına şərait yaratmışdır. Azərbaycan tarixində həm də senzuranı ləğv etmiş rəhbər kimi Ümummilli Lider fərqli siyasi qüvvələrin parlamentdə birgə təmsilçiliyini, siyasi plüralizm və söz azadlığını müasir inkişafın labüd bir prinsipi olaraq qəbul etmiş, ümummilli məsələlərin siyasi opponentlərlə birgə müzakirəsini, bütün məsələlərin həlli naminə hər kəslə açıq dialoqu və əməkdaşlığı vacib saymışdır.

Belə dövlətçi-azərbaycançı yanaşma, milli həmrəyliyə sədaqət Ümummilli Liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə Prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi "Mən bütün azərbaycanlıların Prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoymuşdur.

Bir daha qeyd edirəm ki, bu prinsiplər dəyişməzdir, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır. Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video