Alternative content

03:27 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı xanları sarayı və yeni aşkar olunmuş qiymətli əsər
Bakı xanları sarayı və yeni aşkar olunmuş qiymətli əsər
ANA SƏHİFƏ / Mədəniyyət
00:29 08.09.2019


Artıq bir neçə ildir ki, Bakı xanları və onların İçərişəhərdəki iqamətgahları ilə əlaqədar həyata keçirilən layihə ilə bağlı XVII-XIX əsrlərdə çap edilmiş elmi ədəbiyyata, arxiv sənədlərinin aşkar edilməsinə və araşdırılmasına diqqət artmışdır. XVIII əsrdə regionda baş vermiş siyasi hadisələr nəticəsində Azərbaycan tarixində yeni bir dönəm - xanlıqlar dövrü başlayır.

1747-ci ildə Nadir şahın ölümündən sonra İran qoşunları Bakıdan çıxarılır. Bundan sonra hakim dairələr və bakılılar arasında hörmət qazanmış Dərgahqulu xanın oğlu Mirzə Məhəmməd xan özünü müstəqil Bakı hakimi elan edir. Bakı xanlığı bütün Abşerona daxil olan 39 kəndi özündə birləşdirirdi. Bakı hələ orta əsrlərdən Volqa-Xəzər ticarət yolunda bölgədəki ən sakit liman şəhəri idi. XVIII əsrin ortalarında da Bakı bu əhəmiyyətini itirməmişdi və o səbəbdən də Şərq ticarətinin mərkəzi İrandan Azərbaycana, xüsusilə Qərblə Şərq arasında bir növ körpü olan Bakıya keçmişdi (M.İskenderova "Bakinskoe xanstvo”, Baku, 1999, s.150).

Bakı şəhəri hələ XII əsrdə bərpa edilərək möhkəmləndirilmiş olan ikisıralı qala divarları ilə əhatə olunmuşdu. Bakı xanı inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyətini əlində cəmləşdirib, xanlığı öz mülkü kimi idarə edirdi. Xanlığın divanı vardı ki, bütün vergi, müharibə və sülh, eləcə də digər mühüm dövlət məsələlərini həll edirdi.

Bakı xanlığına ardıcıl olaraq I Mirzə Məhəmməd xan (1747-1768), Məlik Məhəmməd xan (1768-1784), II Mirzə Məhəmməd xan (1784-1791), Məhəmməd Qulu xan (1791-1792) və Hüseyn Qulu xan (1792-1806) hakimlik etmişdilər. Xanın mindən artıq əsgəri, bayrağı və "Badkubə” damğalı öz pulu da (mis sikkə) var idi.

Xəzər dənizində hərbi və ticarət gəmilərinin sayının artırılması, gəmiçiliyin inkişaf etdirilməsi, şəhərə kəhriz su sisteminin çəkilməsi, qala divarlarının bərpa edilməsi, müdafiəsinin gücləndirilməsi Bakı xanlarının adı ilə bağlı idi. Bütün zamanlarda olduğu kimi, xanlar öz hakim olduqları ərazidə abadlıq işlərinin aparılmasına, ticarət əlaqələrinin genişlənməsinə, mədəni həyatın dövrə uyğun dəyişməsinə diqqət yetirirdilər. Bakı Xan Sarayı Kompleksinin memarlıq planı, otaqların quruluşu, zəngin interyeri bundan xəbər verirdi.

Şirvanşahlar sarayı 1723-cü ildə Matyuşkinin şəhərə top həmləsindən sonra demək olar ki, tamamilə dağılmışdı. Buna görə də xanlar iqamətgahlarını şəhərin hündür yerində, Şirvanşahlar sarayı ərazisində deyil, dənizə yaxın və nəzərəçarpacaq yerdə inşa etdirmişdilər. Xan sarayında yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının planını xatırladır. Saray binasının giriş portalı üzərindəki kitabəyə görə, iqamətgah h.1164-cü ildə (1750-1751) inşa edilmişdir.

Araşdırmalardan məlum olur ki, qala divarlarına söykənən Xan Sarayı Kompleksi 1809-cu ildə çəkilmiş sxem-plana görə bir neçə 1 və 2 mərtəbəli binalardan ibarət olmuş beş böyük həyəti özündə birləşdirirdi. Bu binalarda yüzdən artıq otaq vardı. Əsas saray binasının yerləşdiyi həyətin mərkəzində hovuz olan bağça var idi. Digər həyətlər Əbdürrəhim bəyin və Mehdi Qulu bəyin evi kimi tanınırdı.

Beşcildlik "Qafqaz müharibəsi” əsərinin I kitabındakı "Bulqakov” fəslinin müəllifi rus hərbi tarixçisi, general-leytenant V.A.Potto (1836-1912) yazır ki, 1806-cı ilin oktyabrında Bakı tam alındıqdan sonra Qala divarı içərisindəki hasara yaxın bir neçə məhəllə söküldü. Rus qoşunlarının bir hissəsi və Bakı qarnizonu üçün əsgər kazarmaları tikilməyə başlandı. Ordu, həmçinin general Bulqakov Bakıda bir necə gün qaldı. Əsgərlər müvəqqəti karvansaralarda yerləşdirildi. Həmin müddətdə general Bulqakov sırf Şərq dəbdəbəsi ilə fərqlənən Xan sarayında yaşadı. Dərgahqulu xanın 1740-cı illərdə tikdirdiyi ikimərtəbəli və 7 otaqlı "Yataq evi” adlanan binanın divarlarındakı tarixi rəsmlər yağlı boyalarla çəkilmiş və qızıl suyu ilə işlənmişdi. Bulqakovun əmri ilə onların bəzisi xüsusi iskənələrlə divarlardan söküldü. Bu iş elə ustalıqla görüldü ki, rəsmlər zədələnmədi.

General Bulqakovun əmri ilə 1806-cı ilin oktyabrından 1807-ci ilin noyabr ayına kimi "Yataq evi” adlanan xeyli zərər görmüş binada rekonstruktiv işlər aparılmışdı. Bina, demək olar ki, rus memarlığı üslubuna bənzər elementlərlə bəzədilmişdi.

Orta əsr Bakı şəhərinin qala divarlarından kənarda da xan bağı (indiki Milli Bankın yaxınlığında) və xan sarayı mövcud imiş. Bakı xanlarından II Mirzə Məhəmməd xan, Məhəmməd Qulu xan və Hüseyn Qulu xan məhz istirahət vaxtlarını bu xan bağında keçirirlərmiş. Bu bağın görüntüləri 1861-cı ildə hidpoqraf kapitan-leytenant Ulskiy tərəfindən tərtib edilən Bakı və ətrafının xəritəsində var.

1837-ci ildə nəşr edilmiş "Kavkazüı ili podviqi i jiznğ zameçatelğnıx liü, deystvovavşix na Kavkaze” adlı kitabda Qafqazın işğalı zamanı baş vermiş döyüşlərdə fərqlənmiş rus əsgər və zabitlərinin həyatı və göstərdiyi rəşadət haqqında məlumat verilir. "General-leytenant Qlazenapın tərcümeyi-halı” fəslində 1806-cı ildə Bakının ruslar tərəfindən işğalı, Xan sarayının qarət olunması belə təsvir edilir: "Bakı xanının Bulqakov üçün təmizlənmiş sarayında bizim zabitlərin diqqətini divarlardakı yağlı boya ilə ustalıqla çəkilmiş və qızıla tutulmuş, döyüş səhnələri əks edilmiş tarixi şəkillər çəkdi. Onları qalib olan üçün uzun iskənələrlə divarlardan qopardılar.

Təəccüblüdür ki, bəziləri hətta heç pozulmamışdı da. Ümumiyyətlə, bu ev çox zəngin idi: qapı və çərçivələr qırmızı çinar ağacından idi, çoxlu qiymətli xalçalar, ipək parçalar, hətta şərq adətinin əksinə olaraq güzgülər də vardı. Görünür ki, xan çıxıb getməyə heç də tələsmirdi. Bütün bu var-dövləti bizimkilər elə təmizlədilər ki, heç nə qalmadı”.

Maraqlıdır, bəs bütün Bakı körfəzindəki neft quyularına, duz göllərinə, bağlara nəzarət edən, bütün bunları Orta Asiya, İran, Türkiyə və Avropa bazarlarına çıxara bilən, zəngin Bakı xanlarının adı keçən mənbələrdə sözdə təsvir edilən sarayın daxili görünüşü, interyeri həqiqətdə necə olmuşdur?

Uzun illər aparılan araşdırmalar nəticəsində Xan sarayının daxili interyerinə aid bir rəsm əsərini Almaniyada, Berlin Avropa Mədəniyyəti Muzeyində aşkar etdik. Bu rəsm əsərinin müəllifi olan alman rəssamı və etnoqrafı Avqust Vilhelm Kizevetter (1811-1865) iki il Krımda yaşamış, müsəlmanlığı qəbul edərək Abdulla adını götürübmüş. Bu dövrdə Kizevetter Krım-tatar xalqının gündəlik həyatını, həyat tərzini, adət-ənənələrini öyrənərək və yerli memarlıq abidələri haqqında, həmçinin Baxçasaray, Xan sarayı və yaşadığı kəndlər barədə maraqlı etnoqrafik məlumatlar toplayaraq qiymətli rəsm əsərləri yaratmışdır. Xatirələrində yazdığına görə 1847-ci ildə Yaltadan Qafqazın qərb hissəsinə köçərək burada gürcülərin yaşadığı "İmerelier” və "Mingrelier” yaşayış yerlərini gəzir. 1847-ci ildə Tiflisdə rəsm əsərlərinin ilk sərgisini təşkil edir. 1848-ci ildə Kizevetter İrəvana dəvə karvanı ilə gəlir. Daha sonra o, Şamaxıya və Bakı şəhərinə səyahətini davam etdirir, həmçinin Atəşgahda olur.

1848-1849-cu illərdə Bakıda olmuş rəssam şəhərin ümumi panoramasını, etnoqrafik mənzərəsini, Atəşgahı, habelə bazar, çayxana, cızbızxana və bir çox səhnələri əks etdirən əsərlər çəkmişdir. Vilhelm Kizevetterın yağlı boya ilə çəkdiyi Bakı mənzərəsi və həmçinin etnoqrafik zəmində işlədiyi digər rəsmləri hazırda həm Almaniyada Berlin Avropa Mədəniyyəti Muzeyində, həm də bu ölkənin digər muzeylərində sərgilənir.

Onun yağlı boya ilə karton üzərində çəkilmiş unikal əsərlərindən biri isə "Bakı qalasının sonuncu hökmdarının sarayında güzgülü qonaq otağı” adlanır. Bu nadir rəsm əsəri Xan sarayının bu günədək naməlum olan daxili interyeri haqqında ilk məlumatı verən çox qiymətli tapıntıdır. Çünki bugünə kimi "güzgülü qonaq otağı” haqqında biz yalnız mənbələrdən, hərbi yazıçı və səyyahların yazılarından, həmçinin xalq etimologiyasındakı rəvayətlərdən başqa bir şey bilmirdik. Əsərdəki görüntülər yuxarıda adı çəkilən mənbələrdə sözlə təsvir edilən məlumatlarla üst-üstə düşür. Rəsmdə güzgülü zalın interyeri - çox güman ki, Bakı xanlarının nəslindən olan xan və xanzadələrin portretləri olan məşhur divar rəsmləri, qızılla işləmələr, yer döşənəcəkləri, xalçalar, eləcə də memarlıq detallarının aydın təsviri verilmişdir. Rəssam bu əsərdə otağın gözəlliyini və tavanının da bəzək ornamentlərini vurğulaya bilmişdir. Bu otaq, Orta əsr Azərbaycan saraylarına xas olan böyük otaqların ən yuxarı hissəsini rəngli şüşəli şəbəkələrlə bəzəyən, "Şahnişin” adlanan tağlı artırma ilə tamamlanır. Şahnişində hər iki kənar hissədə, yenə də xalılarla döşənmiş hündür kürsülər, mərkəzdə isə fəvvarə aydın görünməkdədir. Rəsm əsəri o qədər ustalıq və dəqiqliklə, yüksək zövq və rəng çalarlarının zənginliyi ilə seçilir ki, səviyyəli foto çəkilişindən geri qalmır.

Şahnişin, əslində, sarayda küçənin və ya həyətin yan tərəfinə baxan otağın ikinci və ya daha yüksək mərtəbəsindəki şahlara və ya xanlara layiq çıxıntılı, balkon tipli bir yerdir. Şirvanşahlar Saray Kompleksindəki saray binasında "şahnişin” öz əzəmətli və möhtəşəm memarlıq üslubu və gözəlliyi ilə insanı valeh edir.

XVIII əsrdə Azərbaycan ərazisində yaranmış bütün xanlıqlarda hər bir xanın özünəməxsus saray tikilisi və saray interyeri olmuşdur. Onları birləşdirən həm ümumi, həm də fərqli cəhətlər vardır. İrəvan, Şəki, Gəncə xan saraylarının divar və tavanlarına yağlı boya ilə qızıla tutulmuş təbiət təsvirləri, döyüş səhnələri və portretlər çəkilmiş, stalaktitlər, buxarı və taxçalar güzgülərlə işlənmişdir.

Xan saraylarının ən böyük zallarında o dövrə xas olan fəvvarələrin olması da mütləq idi. Şamaxı xan sarayı da Şəki xan sarayı kimi zəngin divar rəsmləri ilə bəzədilmişdi. Məsələn, rəssam Q.Qaqarinin XIX əsrin sonlarında Şamaxıdakı bir evdə çəkdiyi "Şamaxı rəqqasələri” rəsmində otağın neçə gözəl bəzədildiyinin şahidi oluruq. XIX əsrdə Şamaxıda baş vermiş güclü zəlzələlər vaxtı Xan sarayı ciddi zərər görmüş, 1918-ci ildə isə ermənilərin törətdikləri soyqırımı günlərində həm talan edilmiş, həm də dağıdılmışdı.

Onu da qeyd etmək yerinə düşərdi ki, bir neçə il bundan əvvəl AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Tohidi Fransanın Anadolu Araşdırmaları Mərkəzi ilə G.Sereteli adına Gürcüstan Dövlət Şərqşünaslıq İnstitutunun birgə təşkil etdiyi "Geriyə və gələcəyə baxış: İranın Qafqazda təsirinə dair” mövzusunda beynəlxalq elmi konfransda məhz həmkarları ilə söhbət edən zaman eksponatların izini tapıb. Bəlli olub ki, İrəvan qalası dağıdıldıqdan sonra bütün tarixi nümunələr Gürcüstana aparılıb.

Tarixçilərlə bərabər zirzəmiyə baxış keçirən Solmaz xanım bu unikal nümunələri aşkar edib. Artıq Azərbaycan tərəfi Sərdar sarayının eksponatlarının izinə düşüb. O eksponatların xeyli hissəsi Heydər Əliyev Mərkəzində açılan "Tarixin şah əsərləri” adlı sərgidə nümayiş olunur. Bu eksponatların Azərbaycana gətirilərək bərpa edilməsində və sərgilənməsində Heydər Əliyev Fondunun və Prezident Administrasiyasının böyük rolu olub.

Xan sarayları ümumi quruluşuna, xarici fasad interyerlərinə görə fərqlənsələr də, eyni struktura və memarlıq üslubuna malikdirlər. Maraqlıdır ki, digər sarayların xarici interyeri də daxili qədər zəngin olduğu halda, Bakı xan sarayının xarici fasad quruluşu çox sadədir. Lakin Bakı xan sarayı böyük bir kompleksə malikdir, yəni bir neçə bina, məscid, hamam, ovdan, təsərrüfat həyəti, mətbəx, su təchizatı sistemi, hovuzlu bağ-bağçalı həyət və s. Bakı xan sarayı bəzi memarlıq detallarından başqa, demək olar ki, hər cür bər-bəzək elementlərindən məhrumdur. Sadə, lakin sərt və əzəmətli xarici memarlıq quruluşu Bakı memarlığı üçün xarakterik idi. Məsələn, Şirvanşahlar sarayının daxili interyeri də vaxtilə zəngin kaşılarla bəzədilmiş olsa da, xaricdən bir o qədər əzəmətli görünsə də, lakin sadədir.

Bu gün olduğu kimi qorunub saxlanılmış xan sarayı Şəki xan sarayıdır. İrəvan xan sarayının divarlarını bəzəmiş yüzlərlə əşya, divar rəsmləri, tablo və pannolar hazırda Gürcüstan Milli Muzeyinin arxivində saxlanılır. Çox güman ki, Bakı, Şamaxı, Gəncə və digər xanlıqların sarayları da Şəki və İrəvan xan sarayları kimi zəngin interyerə malik olmuşdur və onlara aid əşyalar, gözəl sənət nümunələri dünya muzeylərində, şəxsi kolleksiyalardadır. Məhz tədqiqatçı alimlərin, eləcə də mütəxəssis və araşdırmaçıların üzərinə bu yolda böyük vəzifə düşür. Milli-mədəni, həmçinin maddi-mənəvi irsimizin tarix səhnəsindən yox olmuş unikal nümunələrinin axtarılıb tapılması, aşkara çıxarılıb tədqiq edilərək öyrənilməsi günümüzün vacib məsələlərindən biridir.

Göründüyü kimi, alman rəssamı A.V.Kizevetterin aşkar edilmiş tək bir rəsm əsəri Bakı xan sarayı iqamətgahının daxili interyerinə işıq salır, XVIII əsrin II yarısında Bakı şəhəri hakimlərinin yaşayışı, məişəti, zövqləri və s. haqqında məlumat verir. Rəssamın Bakıda olarkən çəkdiyi digər rəsm əsərləri də həm etnoqrafik baxımdan, həm də şəhərin ümumi görüntüsünün, memarlığının öyrənilməsi sarıdan böyük əhəmiyyətə malikdir.

Beləliklə, tarixi və ədəbi irsimizin araşdırılıb üzə çıxarılması bir çox məsələlərə aydınlıq gətirir, tariximizdəki boşluqları doldurmağa yardım edir. Ümidvarıq ki, diqqət tələb edən tarixi və ədəbi araşdırmalar həm Şirvanşahların orta əsrlərdə qarət edilib aparılmış varidatının, həm də Bakı və Şamaxı xanlarının sarayının itmiş maddi-mədəni irsinin gələcəkdə üzə çıxarılmasında öz töhfəsini verəcəkdir.

Səadət ƏLƏKBƏROVA,

"İçərişəhər” Muzey Mərkəzinin elmi katibi, Əməkdar mədəniyyət işçisi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM