07 Sentyabr 2019 18:10
523
SİYASƏT
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq diqqətdə saxlanılır, müşavirə keçirilir, aid qurumlara müvafiq tapşırıqlar verilir. Yaradılan şəraitdən səmərəli istifadəyə və qurulanların qorunub saxlanılmasına diqqət artırılır. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, eləcə də istilik təminatı ilə yanaşı, həm də digər sahələrdə müvafiq işlər görülür, soyuducu anbarlarda yerli məhsullardan ibarət ehtiyat yaradılır. Ona görə də 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq da mühüm əhəmiyyət daşıyır.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, "Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Fazil Ələkbərov, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Niyaməddin Tağıyev, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli və Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini - Maliyyə naziri Səbuhi Məmmədov aidiyyəti üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində muxtar respublikada hərtərəfli inkişafa nail olunmuşdur. Sosial-iqtisadi islahatların əhatə dairəsi genişləndirilmiş, əhalinin rifahı yaxşılaşdırılmış, ərzaq və enerji təhlükəsizliyi tam təmin edilmişdir. Yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması da sakinlərin rahat yaşayışının təmin olunması sahəsində görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada həyata keçirilən bu tədbirlər artıq neçə illərdir ki, payız-qış mövsümünü problemsiz başa vurmağa imkan verir. Lakin buna baxmayaraq, hər il qış aylarında qarşıya çıxan problemlərin aradan qaldırılması üçün hazırlıq işlərinin görülməsi, lazımi mal-material ehtiyatının yaradılması diqqətdə saxlanılır. Bu il də payız-qış mövsümünə hazırlıq məsələlərinə diqqət artırılmalı, aid qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.

Ali Məclisin Sədri deyib: Dövlət Energetika Xidməti elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan avadanlıq və xətlər vaxtında müəyyən edilərək dəyişdirilməlidir. Qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların oktyabrın 20-dək texniki baxışdan keçirilməsi başa çatdırılmalı, tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsi və onların zəruri ehtiyatının yaradılması diqqətdə saxlanmalı, qəza-bərpa briqadalarının komplektləşdirilməsi noyabr ayınadək yekunlaşdırılmalıdır. İşçilər qış mövsümünə uyğun xüsusi geyimlə təmin olunmalı, elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər davam etdirilməli, enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirləri gücləndirilməlidir. Smart-kart tipli sayğacların quraşdırılması digər rayon mərkəzlərində də həyata keçirilməlidir.

Qeyd olunub ki, "Naxçıvanqaz” İstehsalat Birliyi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməli, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmalı, istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsini diqqətdə saxlamalı, qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması işlərini yekunlaşdırmalıdır. Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanması təmin edilməlidir. Həmçinin qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılmalı, qış mövsümü başlayanadək işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilməlidir. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və "Naxçıvanqaz” İstehsalat Birliyi Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəmərində qış mövsümündə təzyiqin artırılması məqsədilə Naxçıvan Şəhər Qaz Paylayıcı Stansiyasında yeni qaz kompressor stansiyasının qurulması üçün təklifləri hazırlayıb təqdim etməlidir.

Ali Məclisin Sədri deyib: Şəhər və rayon icra hakimiyyətləri cari il noyabr ayının 1-dək bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, qazanxanalardan çıxan istilik xətlərinin üzərinin örtülməsini, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsini təmin etməlidir. Elektrik enerjisi, təbii qaz təchizatı sahəsində mövcud nöqsanlar aradan qaldırılmalı, ictimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, zirzəmilərdən keçən istilik xətlərinin istismar üçün yararlılığı yoxlanılmalı, qış mövsümündə yolların təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə saxlanmasına diqqət artırılmalıdır. Naxçıvan şəhərində şəhər icra hakimiyyəti, rayonlarda isə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə içməli su və kanalizasiya sistemlərinin qışa hazırlıq vəziyyəti ilə bağlı müşahidə olunan nöqsanları aradan qaldırmalı, əhali keyfiyyətli içməli su ilə təmin edilməlidir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi suvarma mövsümü başa çatdıqdan sonra su ehtiyatlarının yaradılmasını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin nəticəsi olaraq əksər təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman obyektlərinin isə hamısı istilik sistemi ilə təchiz edilib. Lakin hələ də bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi həmin müəssisələrin qış mövsümündə fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməli, tələbata uyğun yanacaq ehtiyatının yaradılması üçün tədbirlər görməlidir. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması üçün aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən tədbirlər görülməlidir. Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün tibb müəssisələrinin dərman preparatları ilə təminatına nəzarəti gücləndirməli, elektrik generatorlarının işlək vəziyyətdə olması yoxlanılmalıdır. Maliyyə Nazirliyi istilik sistemi olmayan müəssisələrə qış mövsümündə tələb olunan mal-materialın alınması üçün maliyyə vəsaitinin ayrılmasını təmin etməli, dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı limitə və borc qalığının yaranmamasına nəzarət etməlidir. Büdcədən maliyyələşən bütün dövlət müəssisə və təşkilatları elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə etməli, israfçılığa yol verilməməlidir.

Müşavirdə tapşırılıb ki, Dövlət Nəqliyyat Xidməti qış aylarında sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına və qrafik üzrə hərəkətinə nəzarəti gücləndirməlidir. Avtomobil Yolları Dövlət Agentliyi yolların qardan təmizlənməsi üçün texnikaların işlək vəziyyətdə olmasını və qum ehtiyatı yaradılmasını təmin etməlidir. Naxçıvan Beynəlxalq Hava Limanı bütün maşın-mexanizmlərin, elektrik və işıqlandırma sistemlərinin, rabitə qurğularının texniki baxışını vaxtında yekunlaşdırmalı, tələbata uyğun yanacaq və mal-material ehtiyatı yaratmalıdır. "Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlamalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalıdırlar. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq üçün tədbirlər görməli, bununla əlaqədar istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdırlar.

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünü davam etdirməli, qəbul olunmuş meyvə-tərəvəzin saxlanılması üçün müvafiq texnoloji şəraitin yaradılmasına nəzarəti artırmalıdır. Həmçinin İqtisadiyyat Nazirliyi Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə quru odun tədarükü və odun kömürü istehsalı və satışı sahəsinin yaradılmasını təmin etməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi fasiləsiz poçt və rabitə xidmətlərinin göstərilməsi üçün mal-material ehtiyatının yaradılmasını təmin etməlidir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrinin istiliklə fasiləsiz təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır. Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın vəziyyətini araşdırıb, Ali Məclisə məlumat verməlidir. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq işlər görməli, qida ehtiyatı yaratmalı, Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvanlar yaylaqdan qayıtdıqdan sonra obalarda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmasını diqqətdə saxlamalıdırlar.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, istilik sistemi olmayan müəssisələrdə payız-qış mövsümü üçün tələb olunan yanacağın, digər mal-materialın bölgüsünü təsdiq etsin, eləcə də payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Ali Məclisin Sədri qarşıya qoyulmuş vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video