07 Sentyabr 2019 00:27
2862
SİYASƏT
A- A+

“Ömür boyu Prezidentimizə, Mehriban xanıma borclu və minnətdar olacağıq”


İlham Əliyevin tapşırığı və nəzarəti altında tikilən onlarla evdə sakinlər yeni həyata başlayıblar


...7 ay öncə, fevralın 5-dən 6-na keçən gecə Şamaxıda baş verən zəlzələ nəticəsində xoşbəxtlikdən insan tələfatı olmamışdı. Amma xeyli sayda sosial-iaşə obyektinə ciddi ziyan dəymiş, insanlar qorxulu, həyəcanlı anlar yaşamışdılar.

Həmişə xalqının ağır günündə ona dəstək verən Prezident İlham Əliyev bu təbii fəlakət zamanı şamaxılıların yanında oldu və evləri yararsız duruma düşən sakinlərə təskinlik verdi, söylədiyi fikirlər əhalidə ruh yüksəkliyi yaratdı. Prezident vəziyyətlə tanış olub əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini verdi.

Sakinlərlə söhbət zamanı Prezident dövlətin zəlzələnin nəticələrinin aradan qaldırılmasını öz üzərinə götürdüyünü və bütün qəzalı evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini, ya da yenidən tikiləcəyini bildirdi: "Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq sərəncam imzalanacaq, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacaq”.

Prezidentin bu fikirlərindən sonra sakinlər bir daha əmin oldular ki, evləri yenidən bərpa olunacaq və ya yenisi tikiləcək.

Elə həmin gün dövlət başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılması haqqında sərəncam imzaladı.

Zəlzələdən cəmi bir ay conra, martın 7-də isə Şamaxıya səfər edən dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni inşa edilmiş evlərlə tanış oldular, sakinlərlə söhbət etdilər. Prezident İlham Əliyev Ağsu rayonunda da görülən işlərlə yerində tanış oldu. Həmin gün Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan daha 11 milyon manat vəsait ayrıldı.

İndi Şamaxıda tam başqa ab-hava var. Şahidi olduğumuz mənzərə həqiqətən də xoş təəssürat yaradır. Çünki zəlzələdən ötən müddətdə burada çox böyük tikinti-quruculuq işləri aparılıb. Müvəqqəti olaraq sığınacaqlarda yerləşdirilən ailələrin əksəriyyəti yeni mənzilinə köçüb. Elə biz də onların xoş anlarına şahidlik etmək üçün yeni mənzillərinin qapılarını döydük...

"Ağbirçək ana kimi Prezidentimə, onun xanımı Mehriban Əliyevaya minnətdaram. Çünki bizi darda qoymadı, harayımıza yetişdi. Köhnə evlərimizin yerində əvvəlkindən daha yaxşısını tikdirdi. Baxın, evlərimizin bütün əşyaları da alınıb. Heydər Əliyev Fondu iki aya bizə təzə ev tikib verdi. Bizə bu gözəl şəraiti yaratdıqlarına görə ömür boyu Prezidentə, onun həyat yoldaşına borclu və minnətdar olacağıq. Vallah, belə Prezident heç yerdə yoxdur. Mehriban xanımın insanlara qayğısını, etdiyi yaxşılıqları Allah balalarının, nəvələrinin qarşısına çıxarsın. Tanrı Prezidentimizi qorusun. Nə yaxşı ki, İlham Əliyev kimi rəhbərimiz var”.

Zəlzələ nəticəsində yaşadığı mənzili tam qəzalı vəziyyətə düşən Mehparə Bağırova indi yeni tikilən 4 otaqlı evində xoş günlərini yaşayır. Danışdıqca sevinc göz yaşlarını da saxlaya bilmir. 38 ildir Şamaxıdakı 1 saylı orta məktəbdə müəllimə işləyən Mehparə xanım həyətdə oynayan nəvələri- Nahid və Nihadı göstərərək deyir: "Nəvələrimin gələcəyi üçün, onların rahat, xoşbəxt yaşamaları üçün bizə yardım edən dövlət başçımıza minnətdaram. Bu ev Prezidentin nəvələrimə, ailəmə hədiyyəsidir. Allah Mehriban xanıma da yar olsun. Onun tapşırığı ilə Heydər Əliyev Fondu bizi evsiz qoymadı. Hər zaman insanların qayğısına qalan, kimsəsizə əl tutan Mehriban xanımı Allah bu xalqa çox görməsin”.

Zəlzəldən öncə qızı və iki nəvəsi ilə Təbriz küçəsində 2 otaqlı mənzildə yaşayan Mehparə Bağırovanın sözlərinə görə əvvəlki evləri 1953-cü ildə tikilibmiş. Zəlzələ nəticəsində köhnə evin əksər divarları qəzalı duruma düşüb. Zəlzələ ilə əlaqədar yaradılmış xüsusi komissiyanın rəyindən sonra Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən Bağırovlar ailəsi üçün yeni 4 otaqlı, tam təmirli mənzil inşa olunub.

Zəlzələ nəticəsində evləri tam yararsız hala düşən Süleymanovlar ailəsi də böyük sevinc içərisindədir. Ev sakini Fəxri Süleymanov deyir ki, zəlzələ nəticəsində 1923-cü ildə tikilmiş köhnə evləri ciddi zərər görmüşdü. Ancaq tezliklə, cəmi 2 aya dövlət onlara tam təmirli yeni mənzil tikib.

Fəzri Süleymanovun qızı Ellada Süleymanova isə bizimlə söhbətində bildirdi ki, zəlzələ onlara böyük həyəcan yaşatsa da, Prezidentin Şamaxıya səfəri zamanı söylədiyi fikirlər hamı kimi onlara da böyük təsəlli olub: "Cənab Prezident Şamaxıya gəlib insanlarla səmimi görüş keçirdi və dedi ki, ciddi zərər görmüş evlər söküləcək. Bizim də evimizə ziyan dəymişdi. Mənzildə yaşamaq qorxulu idi. Mart ayının 7-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva da dövlət başçısı ilə Şamaxıya gəlmişdi. Biz də görüşə getmişdik. Orada Mehriban xanıma vəziyyətimiz barədə məlumat verdik. Birinci xanım dedi ki, mütləq ev söküləcək və daha yaxşısı tikiləcək. Bir müddətdən sonra Heydər Əliyev Fondunun "Regionların İnkişafı” İctimai Birliyinin nümayəndələri evə baxış keçirdi və köhnə mənzilimiz sökülərək yerində əvvəlkindən daha möhtəşəm ev tikildi”.

Ellada Süleymanovanın sözlərinə görə, artıq neçə müddətdir ki, yeni tam təmirli 3 otaqlı mənzillərində xoşbəxt həyat sürürlər və onları bu acınacaqlı durumdan xilas edən ölkə Prezidentinə, Mehriban xanım Əliyevaya hər zaman duaçıdırlar: "Bunu bütün Azərbaycan xalqı bilir ki, ölkə Prezidenti hər zaman xalqın yanındadır. Heç bir problem Prezidentin diqqətindən yayınmır və daim xalq üçün böyük işlər görür. Onu da deyim ki, bizim də harayımıza ilk yetişən Prezidentimiz oldu. Mehriban xanım da bizi çarəsiz durumda qoymadı. Şamaxı sakini olaraq ailəmiz adından dövlət başçımıza, Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Hər zaman insanların qayğısına qalırlar, kimsəsizlərə, xəstələrə yardım edirlər”.

Yaradılmış xüsusi komissiyaya Ağsu, Şamaxı və İsmayıllı rayonları üzrə 10 min 649 müraciət daxil olub, onlardan 10 min 608-nə baxılıb. Qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin yenidən tikilməsi üçün layihə institutlarında smetalar hazırlanıb, bu gün də işlər davam edir. Artıq bərpaya ehtiyacı olan evlərlə bağlı komissiyaların rəyi təsdiqlənib.

Tikilən evlərin keyfiyyəti Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin daim diqqətindədir. Tikilən və bərpa edilən evlərin keyfiyyəti ilə bağlı texniki qruplar mütəmadi olaraq hər 3 rayonda inşaat işlərinə nəzarət edir. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı vətəndaşlardan şikayət daxil olmayıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında "Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərər çəkmiş evlərin sakinləri ilə görüşərək, onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər. Həmçinin "Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayonda bir sıra sosial obyektlərin tikintisi nəzərdə tutulub.

Həsən Qasımzadənin sözlərinə görə, qəzalı evlərin sayı 847-dir. Ümumilikdə 547 ev tikiləcək. İndiyədək 251 ev tikilib, 257-si isə tikiləcək. Şamaxı şəhəri ərazisində müxtəlif səbəblərdən yerində tikintisi mümkün olmayan fərdi yaşayış evlərinin sakinləri üçün dördmərtəbəli 44 mənzilli, beşmərtəbəli 20 mənzilli və beşmərtəbəli 110 mənzilli yaşayış binalarının tikintisinə başlanıb.

Göründüyü kimi, bu gün Şamaxıda zəlzələdən ziyan çəkən sakinlər üçün həm fərdi, həm də çoxmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq tezliklə, yəni qış ayları başlamamış mənzillər sakinlərə təhvil verilməlidir.

Biz isə yeni evlərinə köçən sakinlərlə görüşlərimizi və tikilməkdə olan hündürmərtəbəli binalarda görülən işlərlə tanışlığımızı davam etdiririk.

(Ardı var)

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video