07 Sentyabr 2019 00:18
413
SİYASƏT
A- A+

Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib


Sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, eləcə də müşahidəçi qismində Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Tədbir iştirakçıları Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək önünə gül dəstəsi düzüblər.

Həmin gün öz işinə başlayan iclası giriş sözü ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev açıb, tədbirin işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Daha sonra general-leytenant Əli Nağıyev çıxış edərək Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransına üzv olan və müşahidəçi qismində iştirak edən dövlətlər üçün ciddi təhlükə doğuran terrorçuluğa, dini ekstremizmə və təcavüzkar separatçılığa birmənalı və vahid mövqedən yanaşmanın zəruri olduğunu bildirib.

Xidmət rəisi türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik surətdə inkişaf edən tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirib, ölkələrimizin milli təhlükəsizliyinin etibarlı təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

General-leytenant Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin təsis edilməsinin əməkdaşlıq sahələrində birgə fəaliyyətə müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektivliyinin yüksəlməsinə əlverişli şərait yaradacağına ümidvar olduğunu söyləyib.

İclasda çıxış edən Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov beynəlxalq terrorçuluğun dövlətlərimizin milli mənafelərinə yaratdığı təhdidlərdən danışıb. General-leytenant Orxan Sultanov bu baxımdan türkdilli dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizov və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin rəhbəri İrakli Çimakadze də ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması üzrə əməkdaşlıq perspektivləri barədə danışaraq terrorçuluğa zəmin yaradan radikallaşma proseslərinə qarşı görülən tədbirləri qeyd edib və hər cür ekstremist təzahürlərlə mübarizədə işbirliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə digər iştirakçıların da çıxışları və multimedialı təqdimatları maraqla qarşılanıb, beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlara qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi üsulları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatları mübadiləsinə dair və maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin yaradılması haqqında, həmçinin XXII Bakı iclasının nəticələri üzrə müvafiq sənədlər imzalanıb.

Konfransın növbəti iclasının gələn il Qazaxıstanın Almatı şəhərində keçirilməsi qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video