06 Sentyabr 2019 00:44
1813
Səhiyyə
A- A+

Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsi


Ölkəmizin regionlarında da artıq açıq ürək əməliyyatı, böyrək və qaraciyər köçürülmələri aparılır


Səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsidir.

Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların nəticəsi kimi ölkədə səhiyyənin maddi-texniki bazası yenilənir, müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.

Əhalinin sağlamlığının mühafizəsi xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün yalnız dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapmaq üçün əlahiddə köməyə ehtiyacı yaranır. Bununla bağlı Heydər Əliyev Fondunun layihələri səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva səhiyyəmizdəki problemləri daha yaxşı görməklə tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqət və həssaslıqla yanaşmağa çalışır.

Azərbaycanda səhiyyə sahəsində islahatlar mərhələsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə səhiyyəmiz özünün yeni inkişaf dövrünü yaşayır.

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, eləcə də ölkəmizin ayrı-ayrı bölgələrində müasir tibb mərkəzləri açılır, köhnələri bərpa edilir və müasir avadanlıqlarla təmin olunur. Bu, hər şeydən əvvəl dövlətin öz vətəndaşlarının sağlamlığının qeydinə qalması deməkdir.

Bu gün ölkəmizin səhiyyə sistemindəki köklü dəyişikliklər göz önündədir. Prezident İlham Əliyevin diqqət və qayğısı həmin sahənin inkişafına mühüm töhfələr verir. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yeni yaradılan və qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı, böyrək və qaraciyər köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb.

Regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına mühüm töhfələri ilə yadda qalıb. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan dövlət proqramları müstəsna rol oynayır.

Prezident İlham Əliyev insanların sağlamlığını cəmiyyətin sərvəti hesab edir. Səhiyyəyə ayrılan büdcə vəsaiti ildən-ilə artırılır, bu da ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunan yeni tibb mərkəzlərinin yaradılmasına imkan verir.

Ölkə vətəndaşlarına səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərdən biri də "Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylarıdır. Bütün ölkəni əhatə edən bu cür tədbirlər birbaşa əhalinin sağlamlığının qorunmasına yönəlib.

2020-ci il yanvarın 1-dən başlayaraq ölkə üzrə icbari tibbi sığorta tətbiq ediləcək. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla bağlı fikirlərini bildirərkən qeyd etdi ki, əsas hədəflərdən biri vətəndaşların yüksək tibbi xidmətlərlə təmin edilməsidir: "Azərbaycan əhalisinin bütün təbəqələri, həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər. Səhiyyə xidmətlərinin icbari tibbi sığorta ilə inkişaf etdirilməsi dünyada sınaqdan keçirilən uğurlu bir nümunə kimi təbliğ olunmalıdır”.

Artıq iki ilə yaxındır ki, ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanılıb. Məqsəd səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır.

Pilot layihə ilk olaraq Mingəçevir şəhəri və Yevlax rayonunu əhatə edib. Ötən ildən Ağdaş rayonunun ərazisində də pilot layihə tətbiq olunub.

Ekspertlərin fikrincə, pilot layihənin ikiillik nəticələrinə görə, ölkəmiz icbari tibbi sığortanın tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə və imkanlara malikdir. İcbari tibbi sığorta sahəsində görülmüş işlərin davamı olaraq 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək "Tibbi sığorta haqqında” qanunda bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım, habelə ilkin səhiyyə xidməti üçün sığorta haqlarının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. Ən diqqətçəkən məqamlardan biri də ölkə əhalisinin işləməyənlərinin də bu xidmətdən yararlanmasıdır. Belə ki, uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqı dövlət büdcəsi tərəfindən ödəniləcək. "Tibbi sığorta haqqında” qanuna edilmiş dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsi ilə əlaqədar 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı hazırlanıb.

Əsas məsələ isə tibbi xidmətin hər kəs üçün əlçatan olmasını təmin etməkdir. Bütün bunlar ilk növbədə dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video