06 Sentyabr 2019 00:21
1218
Təhsil
A- A+

Tələbə gənclərlə görüş


Tərtər Rayon İcra Hakimiyyətində bu il ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirilmişdir. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir.

Rayon təhsil şöbəsi işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin, yüksək bal toplayan gənclərin və onların valideynlərinin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələri, onların müəllim və valideynlərini təbrik etmiş, gənclərə daha yüksək zirvələr fəth etməyi arzulamışdır.

Natiq vurğulamışdır ki, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin təhsil sistemində yüksək şərait yaradılmışdır. Dövlət başçısının və Heydər Əliyev Fondunun dəstəyi ilə cəbhə bölgəsi Tərtərdə də tikilən və təmir olunan ümumtəhsil məktəbləri təhsildə uğurlu nailiyyətlərə zəmin yaratmışdır.

Ötən tədris ilində Tərtər şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunmuş, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər istifadəyə verilmişdir. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin quraşdırılması yekunlaşmaq üzrədir. Ümumiyyətlə, son on beş il ərzində rayonda 9 məktəb binası tikilmiş, 8 məktəb əsaslı təmir olunmuş və 5 modul tipli məktəb quraşdırılmışdır. 2019-2023-cü illər dövlət proqramında şəhər 5 nömrəli, Azad Qaraqoyunlu, İsmayılbəyli və Soylan kənd tam orta məktəbləri üçün yeni binanın tikintisi, Bəyimsarov və Xoruzlu kənd tam orta məktəblərinin əsaslı təmiri nəzərdə tutulmuşdur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi təkcə pedaqoji kollektivlər tərəfindən deyil, bütün rayon ictimaiyyətində razılıq yaratmışdır.

Tədbirdə qeyd edilmişdir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 393 nəfər tərtərli məzunun 236 nəfəri ali, 114 nəfəri isə orta ixtisas təhsilli məktəblərə daxil olmuşdur. Onlardan 4 nəfəri 600-dən, 29 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Cəmşid Naxçıvanski adına hərbi liseyə 2, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2, Sərhəd Qoşunları Akademiyasına isə 3 nəfər qəbul olunmuşdur.

Rayon təhsil şöbəsinin müdir əvəzi Elvin Umudov, Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Əsgərov, Qaraağacı kənd tam orta məktəbinin direktoru Rəşad Qarayev və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş Oqtay Səfərov çıxışlarında tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara uğurlar arzulamış, təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev gəncləri təbrik etrmiş, onlara öz tövsiyələrini bildirmişdir.

Tədbirin sonunda

500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlar verilmişdir.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video