05 Sentyabr 2019 21:21
540
SİYASƏT
A- A+

Bakıda Özbəkistanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub


Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə sentyabrın 5-də rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov qəbulda iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Şerzod Fayziyev ölkəsinin müstəqillik tarixindən danışıb. Bildirib ki, müstəqilliyinin qısa tarixi dövründə Özbəkistan dünyada özünə layiqli yer tutub. Hazırda Özbəkistan inkişafının yeni mərhələsinə qədəm qoyub. Sahibkarlıq və özəl mülkiyyət üçün geniş şərait yaradır. Buna görə də ölkəyə vəsait qoyan xarici investorların sayı artır.

Diplomat vurğulayıb ki, Özbəkistanın qardaş Azərbaycan ilə sıx əlaqələri var. Bu əlaqələr iqtisadiyyatın bir çox sahələrini əhatə edir. Ticarət, nəqliyyat və digər sahələri xüsusi qeyd etmək lazımdır.

Rəsmi qəbulda çıxış edən Baş Nazir Novruz Məmmədov Özbəkistan Respublikasının milli bayramı - Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından qardaş özbək xalqını təbrik edib, əmin-amanlıq və rifah arzulayıb.

Baş Nazir deyib ki, ölkələrimizi ortaq soykökü, möhkəm tarixi dostluq və qardaşlıq əlaqələri bağlayır. Bu əlaqələr əməkdaşlığımızın daha da genişlənməsinə və inkişaf etdirilməsinə güclü zəmin yaradır. Müstəqilliyimiz bərpa edildikdən sonra münasibətlərimiz daha da dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qardaş Özbəkistanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması bizi sevindirir.

Əlaqələrimizin möhkəmlənməsində dövlətlərimizin başçılarının münasibətlərinin xüsusi rolu olduğunu vurğulayan Baş Nazir əminliyini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında yaranmış dostluq münasibətləri bundan sonra da ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz töhfəsini verəcək.

Novruz Məmmədov deyib ki, ölkələrimiz həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda bir sıra istiqamətlər üzrə fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. "Xüsusilə vurğulamaq istərdim ki, biz Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi ədalətli dəstəyi yüksək qiymətləndiririk”, - deyə Baş Nazir əlavə edib.

Ölkələrimizin iqtisadi əlaqələrinin inkişafında Azərbaycanla Özbəkistan arasında Birgə Hökumətlərarası Komissiyanın da mühüm rolu olduğunu deyən Novruz Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanı əlverişli regional tranzit mərkəzinə çevirən irimiqyaslı infrastruktur layihələrindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan Özbəkistanın da gələcəkdə faydalanması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.

"Azərbaycan və Özbəkistan xalqlarının tarixi və mədəni bağlılıqları əsrlərə söykənir. Azərbaycanın dahi şairi Nizami Gəncəvidən ilhamlanaraq daha bir "Xəmsə” yaradan Əlişir Nəvainin irsi bizim xalqın da dəyər verdiyi mənəviyyat və əxlaq xəzinəsidir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yaxından bağlıdır. Bakının mərkəzində abidəsi olan bu böyük mütəfəkkirin xatirəsinə ehtiram əsrlər boyu bir-biri ilə sülh, həmrəylik şəraitində yaşamış özbək və Azərbaycan xalqları arasında münasibətlərin ruhunu əks etdirir.

Bütün sadalananlar bir daha onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı ənənəvi qardaşlıq və dostluq münasibətləri sağlam təməllər üzərində daim inkişaf etdiriləcək”, - deyə Novruz Məmmədov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video