05 Sentyabr 2019 00:48
1427
SİYASƏT
A- A+

Daim xalqın arasında


Birinci vitse-prezident Mehriban Əliyeva öz fəaliyyəti ilə cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətə layiqli töhfələr verir


"Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək”.

İki il öncə, fevral ayının 27-də Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında böyük etimad göstərərək Mehriban xanım Əliyevanı ölkənin Birinci vitse-prezidenti təyin edərkən birinci xanım əminliklə vurğuladı ki, yeni vəzifəsində ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacaq, Azərbaycana layiqincə xidmət etməyə çalışacaq.

Əlbəttə ki, dövlət başçısının bu qərarı qəbul etməsində əsas rol oynayan məsələ, ilk növbədə, Mehriban xanımın çoxşaxəli uğurlu fəaliyyəti oldu. Bu həm də ölkənin birinci xanımının ictimai fəaliyyətinin cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamladığının təsdiqi idi.

Təyinatdan iki ildən artıq vaxt ötür. Hələ 2004-cü ildən Heydər Əliyev Fondunun fəaliyyətə başlaması ilə insanlara mərhəmət, şəfqət bəxş edən, Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbini yenidən dirçəldən Birinci vitse-prezidentin bu müddətdə dövlət başçısının böyük etimadını necə doğrultduğuna nəzər yetirək.

Birinci vitse-prezident vəzifəsinə təyin olunmağı ilə öhdəsinə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk etdiyini söyləyən Mehriban xanım cənab Prezidentin, həm də ona inanan bütün insanların etimadını doğrultmağı bacaracağını söyləmişdi. Bu qısa müddət ərzində Mehriban xanım bir daha təsdiq etdi ki, peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipial insan, dövlət quruculuğu sahəsində cənab Prezidentin ən yaxın silahdaşıdır. Dövlət başçısı ilə çiyin-çiyinə addımlayan Mehriban Əliyeva bu müddət ərzində bir daha göstərdi ki, əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib. Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bunu təsdiqləyən reallıqdır.

Birinci vitse-prezident kimi fəaliyyət göstərdiyi müddətdə də hər zaman əhalinin zəif müdafiə olunan təbəqələrinə etdiyi yardımlar, qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində atdığı addımlar, kimsəsizlərə, xəstələrə göstərdiyi qayğı Mehriban xanımın əvvəlki illərdə gördüyü işlərin davamıdır.

Bu günlərdə - doğum günündə Bilgəhdəki pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində sağlamlığı məhdud ahıl insanlarla görüşü, Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, həmçinin valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun "Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında, məcburi köçkünlərin tədbirində iştirak etməsi Mehriban Əliyevanın həm qayğıkeş ana, həm də fəal dövlət xadimi olduğunu bir daha sübut edir.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyev kimi Mehriban xanım da daim insanlarla ünsiyyətdə olub, onları düşündürən, narahat edən məsələlərin həlli ilə bağlı müxtəlif tədbirlərin görülməsi təşəbbüsü ilə çıxış edir, xalqın sosial sifarişlərinin həyata keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür.

Bu, bir həqiqətdir ki, Azərbaycan qadını tarixən öz mərdliyi, yüksək mənəviyyatı və bacarığı ilə fərqlənib, kişilərlə çiyin-çiyinə çalışıb, lazım gələndə onlara dayaq olub, istər əmək, diplomatiya, yaradıcılıq, istərsə də hərb meydanlarında misilsiz qəhrəmanlıqlar göstərib. Zaman keçdikcə bu ənənə yeni nəsillərə ötürülür. Əminliklə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva əsrlər öncə yaradılmış o möhtəşəm ənənənin müasir daşıyıcısıdır. Onun çoxşaxəli fəaliyyətində bu ənənə inkişaf edərək daha da zənginləşib. Düzdür, Azərbaycanın tarixində igid, cəsur, qeyrətli diplomat qadınlar çox olub. Amma indiyədək ölkəmizi beynəlxalq aləmdə Mehriban xanım Əliyeva kimi böyük miqyasda təbliğ edən, tanıtdıran ikinci qadın olmayıb.

Müasir Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi, dünyada dinlər və millətlər arasında dözümlülüyün təbliğatçısı və təşviqatçısı, həmçinin etibarlı tərəfdaş olduğunu təsdiqləyən siyasət yürüdən Prezident İlham Əliyevin sadiq silahdaşı kimi Mehriban Əliyeva ilk növbədə şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını özünün həyat kredosuna çevirib.

UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin səviyyəsinin yüksəldilməsi, səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı, Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğ olunması yönümündə həyata keçirdiyi qlobal layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.

Mehriban xanımın fəaliyyəti təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurub. Beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidentini Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar, medallar onun dünyadakı nüfuzunun göstəricisidir. Bu təltiflərin hər birinin arxasında prinsipiallıq, xeyirxahlıq, xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Onun ən böyük mükafatı isə Azərbaycan xalqının rəğbəti və sevgisidir.

Ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü əvəzsiz işlərlə yanaşı, gender problemlərinin, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Əminliklə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti bundan sonra da öz fəaliyyəti ilə ölkədə həyata keçirilən siyasətə layiqli töhfələr verəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video