05 Sentyabr 2019 00:44
546
SİYASƏT
A- A+

Ermənistan yeni etirazlarla çalxalanır


İşğalçı ölkədə siyasi qarşıdurma güclənir


Ermənistanda Paşinyan hakimiyyəti ilə Sarkisyan-Koçaryan koalisiyası arasında yaranan qarşıdurma ölkədə siyasi sahə ilə yanaşı, sosial-iqtisadi sferada da ciddi problemlər yaradır. Əsas səbəb isə odur ki, ölkənin maliyyə rıçaqları, iqtisadiyyatın bir çox mühüm sferaları hələ də keçmiş hakimiyyətin nəzarətindədir. Hakimiyyət dəyişikliyindən sonra yeni iqtidarın sələflərinə qarşı ən sərt üsullarla hücuma keçəcəyinə dair verilən proqnozlar da özünü doğrultmaqdadır. Bunun real təsdiqi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbs olunmasıdır.

2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən ilin iyununda saxlanılsa da, apelyasiya şikayətindən sonra azad edilib. 15 noyabrda isə Ermənistanın Kassasiya Məhkəməsi onun işi üzrə apelyasiya qərarının ləğvi və sabiq prezidentin təkrar həbsi ilə bağlı prokurorluğun şikayətini qismən təmin edərək işi yenidən apelyasiya məhkəməsinə göndərib. 27 noyabrdan etibarən baş prokuror Artur Davtyan da daxil olmaqla, 6 prokurorun iştirakı ilə işə baxılıb. Davtyan bildirib ki, Koçaryan 2008-ci ildə Yerevanda baş verən dövlət terrorunun ideya müəllifidir və dərhal azadlıqdan məhrum olunmalıdır. Nəhayət, apelyasiya məhkəməsi ötən ilin 7 dekabrında çıxardığı son qərarla prokurorluğun şikayətini təmin edib və o, yenidən həbs olunub.

Ermənistanın hazırda həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları isə buna etiraz əlaməti olaraq aksiya keçirməkdə davam edirlər. Sabiq dövlət başçısının cinayət işi ilə bağlı məsələyə avqustun 29-da Ermənistanın Konstitusiya Məhkəməsində baxılmalı idi.

Məhkəmə iclasının sentyabrın 3-nə qədər təxirə salınması qərara alınmışdı. Həmin gün onun vəkilləri məhkəməyə müdafiə etdikləri şəxsin hüquqlarının pozulması ilə əlaqədar bir neçə müraciət təqdim ediblər. Söhbət sabiq prezidentə tətbiq olunmuş həbs qətimkan tədbirinin dəyişdirilməsi və cinayət işinin qaldırılması ilə bağlı hüquqi əsasların olmamasından gedir. Etirazçıların arasında həbsdə olan dövlət başçısının oğlu Levon Koçaryan da var.

Robert Koçaryanın tərəfdarlarından biri olan Hayk Alumyan jurnalistlərlə söhbətində bildirib ki, Konstitusiya Məhkəməsi onların dəlillərini, bütün şərhləri qəbul edərsə, Robert Koçaryan dərhal sərbəst buraxılacaq və cinayət təqibi dayandırılacaq.

Bu fonda Paşinyana yaxın şəxslərin Koçaryana qarşı ittihamlarının artması da müşahidə olunur. 1999-cu ildə Ermənistanın baş naziri olmuş Aram Sarkisyan bu xüsusda maraqlı fikirlər səsləndirib. Koçaryanı ittiham edən bu şəxs bildirib: "Hər kəsin nə qədər biliyə sahib olması onun nə qədər qabiliyyətli olmasını müəyyən edir. Oxumağı sevməyən, iqtisadiyyatda heç bir təcrübəsi olmayan Koçaryan ölkənin əmlakını vəhşicəsinə talan edib”.

O, Koçaryanın 1999-cu il Ermənistan parlamentinin gülləbaran edilməsi ilə bağlı yazdığı "Həyat və azadlıq” kitabını da tənqid edib. Sarkisyan Koçaryanın parlament sədri Karen Dəmirçiyanın öldürülməsi ilə yadda qalan hadisəni təhrif etdiyini bildirib və onu bu cinayətə görə ittiham edib: "Həmin dönəmdə siz hökumətin bütün üzvlərinə nifrət edirdiniz. Ən yaxın dostlarınıza belə... Təkcə Serj Sarkisyana güvənirdiniz. Çünki siz qorxurdunuz”.

Aram Sarkisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Karen Dəmirçiyanın rolundan da danışıb və Koçaryana bununla bağlı suallar ünvanlayıb: "Niyə Dəmirçiyanla Qarabağ münaqişəsinin həll edilməsi məsələsi o vaxt müzakirə edildi? Niyə bundan sonra parlamentin gülləbaran edilməsi ilə bağlı başlamış məhkəmə prosesini sürətləndirib başa çatdırdınız?”

Xatırladaq ki, 1999-cu ildə Ermənistan parlamentində terror aktı törədilib. Oktyabrın 27-də baş verən silahlı basqın zamanı Ermənistanın baş naziri Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçiyan, eləcə də bir neçə deputat öldürülüb. Bütün bunlar fonunda isə Paşinyanın hərbi xuntanı tam sıradan çıxarmaq üçün həm də güc yoluna əl atması da təbii sayılır.

Ağır sosial-iqtisadi vəziyyət fonunda Ermənistanda müşahidə olunan hallardan biri də yenidən çoxsaylı etiraz aksiyalarının başlanmasıdır. Maraqlıdır ki, mövcud hakimiyyətin yarıtmaz siyasətinə etiraz olaraq təhsil işçiləri, tələbələr də qoşulublar. Belə ki, bu günlərdə İqtisad Universitetinin tələbələri auditoriyalara girməkdən imtina edərək etiraz aksiyalarına başlayıblar. Universitetin qarşısına toplaşan tələbələr təhsildə mövcud olan rüşvətə və korrupsiyaya etirazlarını bildiriblər. Tələbələrin aksiyasına universitetin müəllimləri də qoşulublar. Etirazçılar ali təhsil ocağında baş verən neqativ halların tez bir zamanda aradan qaldırılmasını tələb ediblər.

Aksiya iştirakçıları universitet binasından hökumət evinə doğru yürüş ediblər. Narazı kütlə universitetin rektoru Ruben Arembekyanın Nikol Paşinyanın göstərişi ilə istefasına da etiraz edib. Ali məktəbin müəllim kollektivi təhsil naziri Areik Artunyana ünvanlandığı məktubda bildirib ki, yeni rektor əvəzi Tiana Kalakenyanın elmi işlərində plagiatlıq aşkar olunub. Bundan başqa, tələbələr universitetə xeyli vəsait ödədikləri üçün keyfiyyətli təhsil verilməsini tələb ediblər.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı heç də sakit günlərin gözləmədiyini deməyə əsas verir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video